İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya əbədi müharibəyə hazırlaşır– İstanbul görüşünün arxa planı

Ukraynanın qarşısında duran təkcə Rusiya deyil – Kremlin təfəkkürü ifşa olundu

İstanbulda qalmaqalla, görünməmiş diplomatik xaosla başlayan Rusiya-Ukrayna danışıqlarının xronologiyası, nəticələri və bundan sonra nə baş verəcəyi haqqında siyasi proqnozlar, şərhlər dünya mediasında geniş yer alıb. Təkrarlığa yol vermədən, bir detala toxunmaqla, “Amerikanı kəşf etməsək də” hesab edirəm ki, görüşdə nə baş verib sualına başqa bir prizmadan da nəzər salmaq olar.

Medinski: “İstanbul'daki görüşmelerin amacı — uzun vadeli barışı sağlamak”  - Zamin.uz, 16.05.2025

Görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri Medinskinin ORT kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər nəinki bu görüşün, başlatdıqları bu müharibənin və yüz illərdir apardıqları siyasətin mahiyyətini açıq şəkildə ortaya qoydu. Hesab edirəm ki, bu müsahibədə səsləndirilən fikirlər yalnız Medinskiyə deyil, həm də gözdən-iraqda, boş qalmış, dağılmış çoxsaylı Rusiya kəndlərində təkbaşına yaşayan rus mujikindən, “xruşşovka” beşmərtəbəsinin qapısı qarşısında tum çırtlayan rus “babuşka”sından tutmuş dövlət başçısına qədər, bir sözlə bütün Rusiya cəmiyyətinə aiddir. Statusundan asılı olmayaraq Medinskinin yerinə Rusiyadan kim getsəydi, “xaxolları cəzalandırmaq lazımdır” təfəkkürü ilə danışıq aparıb, Medinskinin fikirlərini təkrar edəcəkdi.

İstanbul'daki Rusya-Ukrayna görüşmelerinde esir takası konusunda anlaşmaya  varıldı

Jurnalistin “Ukrayna nümayəndə heyətinə hansı mesajları verdiniz?” sualına, ayağını ayağı üstə aşıran Medinski: “Biz müharibə istəmirik, amma bir il, iki, üç il – nə qədər uzun olsa da, döyüşməyə hazırıq. Biz İsveçlə 21 il vuruşmuşuq. Siz nə vaxta qədər döyüşməyə hazırsınız?” – dediyini şəstlə vurğuladı. Davam edir: “İsveç kralı da deyirdi ki, son isveçliyə kimi vuruşacaq. Vuruşa bilmədi, torpaqlarının da yarısını itirdi.” Rusiya hələ müharibənin ikinci ilindən sonra tez-tez Avropanı qınayaraq, guya “sonuncu ukraynalıya kimi vuruş olacaq” ideyasını tənqid edir və indi də 300 il əvvəlki müharibəni xatırladan Medinski həm Ukrayna xalqını, həm də Avropa İttifaqını hədəf almış oldu.

Ukraynaya yardım edən Avropa ölkələrinə söz atmağı davam etdirir və yenə İsveçlə müharibəni yada salıb “o zamanlar da İsveçə dayanmadan maliyyə yardımı edən ölkələr vardı” – deyir. Yəni, bununla o, Ukraynaya nə qədər kömək olunsa da, yenə də uduzacaqsınız fikrini çatdırmağı da unutmur. Hədsizliyini o dərəcəyə çatdırır ki, qarşısında oturanları da təhdid etməkdən çəkinmir. “Ola bilsin ki, bu masada əyləşənlərdən bəziləri daha çox yaxınlarını itirsin. Rusiya əbədi olaraq döyüşməyə hazırdır”, – Medinski bildirib.

Bax, əsl mahiyyət budur – Rusiya əbədi olaraq müharibə aparmaq istəyir.

30 günlük atəşkəsdən sonra danışıqların aparılması təklifinə Medinski yenə tarixdən sitat gətirib, 21 il davam edən Şimal müharibəsində döyüşlər davam edə-edə daim danışıqlar aparıldığını da vurğuladı və bununla müharibəni bir gün belə dayandırmayacaqlarına işarə vurdu.

İstanbulda Türkiyə-ABŞ-Ukrayna görüşü başa çatıb

Yazının əvvəlində Rusiya cəmiyyətinin Ukrayna müharibəsinə eyni pəncərədən baxdığını təsadüfən xatırlamadıq. Görüş bitəndən sonra Rusiyanın RT televiziya şirkətinin təbliğatçıları Rusiya nümayəndə heyətindən Moskvanın Ukraynanın dörd bölgəsinə tam nəzarət tələb etməsi və bundan imtina etsə, “beş olacaq” xəbərinə münasibət bildirməyi xahiş ediblər. Nümayəndə heyəti tərəfindən onlara belə cavab verilib: “Səkkiz dedik”.

Vətənpərvərlikdirmi bu? Ərazicə dünyanın ən böyük dövləti olan Rusiyanın yeni torpaqları işğal etmək “sevdası” bitməyəcəkmi? Çörçillin zamanında kommunistlər haqqında dedikləri, əslində ruslar, Rusiyanın imperiya siyasəti haqqındadır: “Kommunistlər dünyada bütün hakimiyyət institutlarını, bütün hökumətləri, bütün dövlətləri məhv etmək üçün sivilizasiyaya qarşı sonsuz müharibə aparırlar. Onlar dilənçilərin, cinayətkarların, bacarıqsızların, üsyankarların, xəstələrin, debillərin və axmaqların beynəlxalq ittifaqını yaratmağa çalışırlar ki, bu ittifaq bütün dünyanı əhatə etsin.”

Prezident Putin məktəbliyə deyəndə ki, “Rusiyanın sərhədi bitmir”, elə dünənki, bu günkü, sabahkı müharibələri nəzərdə tuturdu. Köməkçisi Medinski də başqa nə cür düşünə bilər ki…

Bu gün təcavüzkar bir ölkənin qarşısında dayanan Ukrayna xalqıdır, dövlətidir. Blitskriqlə qələbə gözləyən Rusiyaya qarşı üç ildən çox dayanan da Ukrayna əsgəridir. Silah-sursat, maliyyə yardımı edən Avropa bu işdə böyük rol oynasa da, güc o silahı əlində tutan Ukrayna əsgərindədir.

İstanbulda Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna görüşləri  keçiriləcək

Çörçill kimi dahidən yenə bir sitat gətirməyi məqsədəuyğun hesab edirəm. Çörçill deyir: “Ruslar uzaqgörən olmaya bilər, həyasız və hətta axmaq görünə bilər, ona görə də onların qarşısında duranlara yalnız dua etmək qalır.”

Biz də bu gün onların qarşısında dayanan və haqlı mübarizə aparan Ukrayna dövlətinə, xalqına dua edirik.

P.S. İstanbul görüşünün nəticələrinə, atəşkəs təklifinə Putinin yuxarıdan aşağı baxmasına və bütün baş verənlərə ABŞ Prezidenti Trampın heç bir tənqidi münasibət bildirməməsi, hətta laqeyd qalması gözlənilən idi. 20 yanvardan bəri nə dəyişib ki? O, hələ ərəb ölkələrindən 1 trilyon dollarlıq mənfəət əldə etməsinin eyforiyasını yaşayır.

İlham İsmayıl,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR