İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanksiya altındakı rus təbliğatçılarının Aralıq dənizi villaları ifşa edildi

Avropa İttifaqının sanksiyaları nəticəsində “Milli Media Qrupu”nun (“Birinci Kanal”, “Ren TV”, “İzvestiya” və s.) iki yüksək vəzifəli rəhbərinə məxsus bahalı əmlaklar dondurulub. Bu quruma məşhur gimnast və Vladimir Putinə yaxın fiqur sayılan Alina Kabayeva rəhbərlik edir.

“Aqentlər voyny” layihəsinin araşdırmasına görə, holdinqin baş direktoru Svetlana Balanovaya Aralıq dənizi sahilində, Neapoldan təxminən 100 km aralıda yerləşən 300 kvadratmetrlik villa, “Ren TV”nin baş direktor müavini Mixail Tukmaçevə isə İtaliyanın məşhur kurort şəhəri San-Remoda iki mənzil və qaraj məxsusdur. Hər iki şəxs 2022-ci ilin dekabrında Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.

Musavat.com xəbər verir ki, Rusiyanın müstəqil media orqanları həmin adamların əmlakları və sərvəti ilə bağlı yeni maraqlı məlumatlar əldə edib.

Svetlana Balanova və onun “günəşli villası”

2021-ci ildən “Milli Media Qrupu”na rəhbərlik edən Svetlana Balanova həm də Rusiya Rəqəmsal Nəzarət Xidmətinin (Roskomnadzor) İctimai Şurasına başçılıq edir. Onun holdinqə gəlməsi təsadüfi deyil — atası Yevgeni Balanov şirkətin əsas menecerlərindən biri olub. Forbes yazır ki, holdinqdə heç bir mühüm maliyyə qərarı onun iştirakı olmadan qəbul edilməyib.

2021-ci ildən əvvəl Balanova “Qazprom-Media Holding”in baş direktorunun birinci müavini kimi çalışıb, ondan öncə isə “IBS” adlı IT şirkətinin və ABŞ-ın “3M” holdinqinin Rusiyadakı nümayəndəliyinin rəhbəri olub.

Bu il Sankt-Peterburq İqtisadi Forumunda o, rus cəmiyyəti üçün “müsbət gələcək obrazı yaratmaq” məqsədilə futurologiya laboratoriyası yaradıldığını elan edib. Layihənin ideyalarından kinorejissorlar və yazıçılar istifadə edəcək.

2015-ci ilin sonunda Balanova Aralıq dənizi sahilində yerləşən Formiya şəhərində 311 kvadratmetrlik villa alıb. Ev “Villaggio del Sole” (“Günəş kəndi”) adlı qapalı yaşayış kompleksində yerləşir və özəl çimərliyə malikdir. Yerli mətbuat yazır ki, kompleksin mühafizə xidməti sahilə girişə məhdudiyyətlər qoyur. “Aqentlər voyny”nin təhlilinə görə, bölgədə bir kvadratmetrin qiyməti təxminən 3 min avrodur.

Sərhəd xidmətinin məlumatlarına əsasən, Balanova 2016-2020-ci illər arasında ən azı 10 dəfə Romaya uçub, sonuncu səfəri isə 2020-ci ilin Yeni il tətilinə təsadüf edib. Pandemiyadan və daha sonra müharibədən sonra Avropa səfərləri dayanıb. Son illərdə o, daha çox BƏƏ, İsrail və Türkiyəyə səfər edir.

Mixail Tukmaçev və San-Remodakı mənzillər

2010-cu ildən “Ren TV” kanalında prodüserlik üzrə baş direktor müavini olan Mixail Tukmaçev 2022-ci ilin dekabrında “Donbass: dirçəliş” adlı təbliğat filmi üçün hökumətyönlü “Znaniye” cəmiyyətinin mükafatını alıb. O, bundan əvvəl NTV kanalında “Çrezvıçaynoye proisshestviye” proqramının aparıcısı və xüsusi müxbiri kimi çalışıb.

Tukmaçev və həyat yoldaşı Yelena 2017 və 2020-ci illərdə San-Remoda, Aralıq dənizindən cəmi 200 metr məsafədə iki mənzil, qeyri-yaşayış sahəsi və qaraj alıblar. Kurort şəhəri Fransa sərhədində, Monako və Nitsadan 50 km məsafədə yerləşir.

Mülkiyyət sənədlərinə görə, Tukmaçevlər 2023-cü ilin martında qeyri-yaşayış sahəsini yaşayış mənzilinə çevirərək onun sahəsini 40 kv.m-dən 53 kv.m-ə qədər artırıblar. Ümumi sahə 190 kv.m-dən çoxdur, orta bazar qiymətinə görə bu əmlak təxminən 750 min avro dəyərindədir.

Sərhəd xidməti məlumatları göstərir ki, Tukmaçev 2016-2022-ci illər arasında ən azı 12 dəfə San-Remo yaxınlığındakı şəhərlərə uçub, sonuncu uçuşu isə 2022-ci ilin yanvarında olub. Müharibə başlayandan sonra o, yalnız bir dəfə Avropaya — 2022-ci ilin yayında avtomobillə Finlandiyaya gedib. Sonrakı səfərləri əsasən Maldiv adaları, BƏƏ, Türkiyə və Taylanda olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR