İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Bir əsr ərzində ikinci dəfə xalqımız müstəqil dövlətini qurmaq imkanına nail olub”

 

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 17 oktyabr 2025-ci il tarixdə keçirilən iclasında çıxış edib. Spiker əvvəlcə Müstəqilliyin bərpası günündən bəhs edib.

Musavat.com çıxışı təqdim edir: “Bildiyiniz kimi, iclasımız tarixi bir günün ildönümü ərəfəsində keçirilir. 34 il öncə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyimizin bərpasını elan etmişdir. Bir əsr ərzində ikinci dəfə xalqımız müstəqil dövlətini qurmaq imkanına nail olmuşdur. Amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi. Təəssüf ki, yeni yaranmış dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi. Ermənistanın silahlı təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərcə soydaşımızın yurdlarını tərk etməsi ciddi problemlər yaratmışdı. İqtisadiyyat dağılır, anarxiya və özbaşınalıq genişlənirdi. Biz hamımız bu hadisələrin şahidi olmuşuq. Daxili mübarizəyə başı qarışan səriştəsiz iqtidar dövlətçiliyimizi müdafiə etməyə qadir deyildi. Ölkəmiz vətəndaş müharibəsinin astanasında idi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi real şəkil almışdı”.  

Parlament sədri əlavə edib ki, məhz bu ağır vəziyyətdə xalqımız yenidən öz müdrik liderinə üz tutdu: “1993-cü ilin iyun ayında dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması tariximizin dönüş nöqtəsi oldu. Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu. Ümummilli Liderimizin həyata keçirdiyi milli qurtuluş missiyası nəticəsində Azərbaycan böyük təhlükələri aradan qaldırdı və davamlı inkişaf yoluna qədəm qoydu. Müasir dövlətçiliyin, iqtisadiyyatın, hüquq sisteminin, ordunun möhkəm təməlləri yaradıldı. Ulu Öndər insanların öz gələcəyinə, dövlətinə və xalqına inamını qaytardı”. 

S.Qafarova qeyd edib ki, məhz Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqillik ideyası real məzmun kəsb etdi və dayanıqlı dövlətçilik sisteminə çevrildi: “Milli suverenliyin möhkəm siyasi-hüquqi əsasları formalaşdırıldı. Ulu Öndər sübut etdi ki, güclü dövlət, səmərəli qanunlar və vətəndaş məsuliyyəti olmadan həqiqi müstəqillik mümkün deyil. Bu baxımdan 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan olunması da Heydər Əliyev ideyalarının və əməllərinin təntənəsini ifadə edir”. 

Spiker bildirdi ki, Ulu Öndərin strateji xəttini layiqincə davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi müasir dünya dövləti olan Azərbaycanın qurulmasını təmin edib: “Ötən 22  il ərzində ölkəmiz sabitlik və inkişaf məkanına çevrilmişdir. İndi Azərbaycan amili regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın mühüm şərtidir. Biz 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələr qazanmışıq. Ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi bərqərar etmişik. Bu gün Azərbaycan Respublikası beynəlxalq platformalarda səsi eşidilən, öz sözünü inamla söyləyən bir dövlətdir. Təkcə son yarım ay ərzində baş vermiş beynəlxalq hadisələr də bir daha nümayiş etdirdi ki, Azərbaycanın qlobal siyasi dialoq sistemində sanballı yeri var. Möhtərəm cənab Prezidentin Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə, MDB Dövlət Başçıları Şurasının Zirvə görüşündə və Yaxın Şərq Sülh Sammitində iştirakı, həmin tədbirlər çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar göstərdi ki, Azərbaycan təkcə regional lider deyil, həm də beynəlxalq proseslərin nüfuzlu iştirakçısıdır. Bu toplantılarda beynəlxalq və regional təhlükəsizlik, energetika, dayanıqlı inkişaf, sülh və digər məsələlər ilə bağlı Azərbaycanın aydın və dəqiq mövqeyi ifadə olundu. Möhtərəm cənab Prezident dövlət başçıları ilə açıq dialoqda hamını düşündürən problemlərin ədalətli və beynəlxalq hüquqa əsaslanan çözüm yollarını təklif etdi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan regional və qlobal gündəliyin formalaşmasında önəmli rol oynayan bir dövlətdir”.   

S.Qafarova əlavə edib ki, möhtərəm cənab Prezidentin fərmanına əsasən bu gün Füzuli şəhəri günü qeyd edilir, üç gündən sonra isə Zəngilan şəhəri günü qeyd olunacaq: “Bu gün güclü və qüdrətli Azərbaycan işğaldan azad etdiyi əraziləri yenidən həyata qaytarır. Məcburi köçkünlərimiz doğma yurdlarına dönürlər. Əminliklə söyləmək olar ki, möhtərəm cənab İlham Əliyevin liderliyi, xalqımızın birlik və həmrəyliyi dövlətimizin yeni böyük nailiyyətlər qazanmasını, müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək”.

Sədr ardınca bildirdi: “Təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq”.

 Spiker bayram münasibəti ilə deputatları və media mənsublarını da təbrik edib.

Daha sonra sədr Pakistana etdiyi işgüzar səfəri barədə danışıb: “Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti oktyabrın 13-də və 14-də Pakistan İslam Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək idi. Xatırladım ki, Parlament Sədrlərinin birinci görüşü Azərbaycanda, ikinci görüşü Türkiyədə, üçüncü görüşü isə Pakistanın paytaxtı İslamabadda keçirilirdi. Oktyabrın 13-də keçirilən görüşdə üç ölkənin parlament sədrləri nitq söylədilər.

Qeyd edim ki, həm mənim çıxışımda, həm də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin, Pakistan Senatının sədri Syed Yusuf RazaGilaninin və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun çıxışlarında ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəyə çatmasından məmnunluq ifadə olundu.  Mən çıxışımda vurğuladım ki,  Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olmuş və bir-birini dəstəkləmişlər. Xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi heç zaman unutmayacaq. Qeyd etdim ki, Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirmişdir. Elə həmin gün 5 nəfərdən ibarət deputat nümayəndə heyətimizin üzvləri Üçtərəfli görüş çərçivəsində keçirilən sessiyada ərazi bütövlüyü və suverenliyin müdafiəsi, xarici təhdidlərə qarşı həmrəylik, iqlim dəyişiklikləri və fəlakətlərə qarşı dayanıqlılıq, davamlı inkişaf üçün əməkdaşlıq strategiyaları mövzusunda çıxış edib və müzakirələrdə fəal iştirak ediblər.

Görüşün yekunlarına dair İslamabad bəyannaməsi qəbul edildi. Qeyd edim ki, bu sənəd parlamentlərimizin iş birliyi üçün yeni üfüqlər açır, onların regionda sülh, sabitlik və tərəqqi kimi ümumi məqsədlərə sadiqliyini təsbit edir. Səfər çərçivəsində digər mühüm görüşlər də keçirildi. Oktyabrın 14-də Pakistan İslam Respublikasının Prezidenti Asif Zardari Azərbaycan və Türkiyə parlamentlərinin sədrlərini, eləcə də Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərini qəbul etdi. Görüşdə ölkələrimiz və xalqlarımız arasında əlaqələr, o cümlədən, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Elə həmin gün parlament sədrlərinin başçılıq etdiyi nümayəndə heyətləri Lahor şəhərində Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı və parlament əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub. Hesab edirəm, Pakistan İslam Respublikasına işgüzar səfər uğurlu oldu, bir sıra digər tədbirlər də keçirildi. Bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə minnətdarlığımı bildirirəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR