Onlayn ictimai-siyasi qəzet
Hər üç həmsədrin bir yerə toplaşıb “özünü buraxmaq” qərarı verməsi mümkün olmadığına görə Minsk Qrupunun “fatihəsini” ATƏT sədri verməlidir...
ATƏT-in Minsk Qrupu 1992-ci il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli üçün təsis edilib. Lakin bu illər ərzində Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Azərbaycan işğalda olan torpaqlarını Minsk Qrupunun fəaliyyəti xaricində düşməndən azad etdi.
“Minsk Qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər”. Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ATƏT-in Minsk Qrupu və onunla əlaqəli olan, keçmişin qalığı hesab edilən bu kimi institutlarla Ermənistanın fəaliyyətini davam etdirməsi siyasəti heç bir şəkildə anlaşılan deyil: “Çünki belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır. Ona görə də Minsk Qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar birgə mövqe nümayiş etdirməsini təklif edib. Amma Minsk Qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. Azərbaycan tərəfindən bu etimad yaradan bir məsələ deyil”.
Qeyd edək ki, sentyabrın 16-da ABŞ dövlət katibi Blinkenlə telefon söhbətində Prezident İlham Əliyev də bir daha bu mövzunu gündəmə gətirib və “keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini” vurğulayıb.
Minsk Qrupunun 3 həmsədrindən ikisi - Rusiya və ABŞ hələ iki il əvvəl bu təşkilatın fəaliyyətinə ehtiyac duyulmadığını bildirib. Digər tərəfdən, Ukrayna müharibəsi fonunda ABŞ və Fransanın digər həmsədr Rusiya ilə dialoqu davam etdirməsi mümkün deyil. Buna baxmayaraq, qrupun üçüncü həmsədri Fransa bu mövzuda mövqeyini bildirmir. Bunun səbəbi də məlumdur. Paris erməni separatizminin Azərbaycan ərazisinə qayıdışının mümkün olmadığı fikrindən imtina etmək istəmir. Minsk Qrupu Fransanın Cənubi Qafqazda “varlığını” təmin edən yeganə format idi. Belə görünür ki, Minsk Qrupunun buraxılmasını əngəlləyən dövlət Fransadır.
Hər üç həmsədrin bir yerə toplaşıb “özünü buraxmaq” qərarı verməsi məlum səbəbdən mümkün olmadığına görə Minsk Qrupunun “fatihəsini” ATƏT sədri verməlidir. Yada salaq ki, ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqundur. Təşkilatın mənzil-qərargahı Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir.
“Təəssüf ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli istiqamətində nəinki heç bir real addım atmadı, əksinə, işğalçı ilə işğala məruz qalan tərəfi tərəzinin eyni gözünə qoydu. Bu isə yaddaşlarda daha çox "turist səfərləri edən diplomatlar" kimi qalan ATƏT-in Minsk Qrupunun tərəfsizlik prinsipini pozduğunu sübut etdi “.
Vüqar İskəndərov
Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanan Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi və bununla da Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu: “Bu həm də Minsk Qrupunun belə deyək, dəfni anlamına gəlirdi. Lakin biz ara-sıra Minsk Qrupunun yenidən ”dirildilməsinə" cəhdlərin edildiyinin şahidi oluruq. Halbuki əgər ən çətin mərhələ olan Qarabağın işğaldan azad edilməsini Prezident İlham Əliyev təkbaşına həll edə bilibsə, bundan sonra Minsk Qrupunun yenidən ortaya atılmasına, belə deyək, “dirildilməsinə” ehtiyac yoxdur".
Vüqar İskəndərov bildirib ki, Minsk Qrupunun fəaliyyətinin bərpası üçün edilən cəhdlər Qərbin siyasi riyakarlığının təzahürüdür: “Hamı bilməlidir ki, Minsk Qrupu keçmişdə qaldı, Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək”.
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov nəinki Minsk Qrupuna, ümumiyyətlə, artıq vasitəçiyə belə ehtiyacın qalmadığını söylədi: “1992-ci ildə Belarusun paytaxtı Minskdə keçirilən konfransda 12 dövlətin iştirakı fəaliyyətə başlayan qrupda əvvəlcə iki həmsədr, 1997-ci ildən isə üç həmsədr ölkə olaraq nizamlama prosesini bütünlükdə öz üzərinə götürdü. Lakin yarandığı dövrdən etibarən keçmiş Dağlıq Qarabağ münaqişəsini nəinki həll edə bilmədi, orda təmsil olunan Fransa və Rusiyanın tərəfkeşliyi sayəsində təcavüzkara imkan yaradıldı ki, yeni ərazilər işğal etmək həvəsinə düşsün, separatizmi daha da dərinləşdirsin. Minsk Qrupu sədrlərinin regiona saysız-hesabsız səfərləri, keçirilən konfranslar, görüşlər, edilən təkliflər paketi və.s sonda ona gətirib çıxardı ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş separatçı qondarma Dağlıq Qarabağda "Qarabağ Ermənistandır, nöqtə" bəyanatını verdi. Bu artıq o demək idi ki, münaqişənin sülh yolu ilə həlli mümkün deyil, Azərbaycanın hərbi vasitəyə əl atmaqdan başqa çıxış yolu qalmayıb. Ermənistan hər dəfə təxribatlar törədərək, cəbhə xəttində vəziyyəti gərginləşdirmək, Azərbaycanın sərhəd ərazilərində dözülməz vəziyyət yaratmaqla Bakını güzəştlərə məcbur etmək istəyirdi. ATƏT-in Minsk Qrupu da Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlub olduğunu və 20 faiz ərazisini itirdiyini əsas gətirərək onlar da bizi güzəştə məcbur edirdi. ATƏT Minsk Qrupunun həmsədrlərinin təklif etdiyi “ümumi dövlət” prinsipi həm qurumun öz prinsiplərinə, həm də BMT Nizamnaməsinə tam zidd olmasına rəğmən ən məqbul nizamlama yolunu Bakıya qəbul etdirmək cəhdi sübut etdi ki, ədalətli həlli mümkün deyil. Qəribəsi o idi ki, ATƏT Minsk Qrupu Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü öz bildiyi kimi bərpa etməyə də imkan vermirdi. 2020-ci ildə 44 günlük müharibə zamanı Minsk Qrupu olan ölkələrin, xüsusən də Fransanın əsl siması yırtıldı. Paris hər vəchlə çalışdı ki, Azərbaycanı durdursun, işğal faktorunun aradan qaldırılmasına maneçilik törətsin. Hətta Fransa parlamenti “Dağlıq Qarabağ”ın rəsmən tanınması barədə qətnamə də qəbul etdi. Minsk Qrupunun həmsədr dövlətləri neytrallıq pərdəsi altında əsil niyyətləri üzə çıxandan sonra müxtəlif adlar altında fəaliyyətlərini yenidən davam etdirmək istəsələr də, buna nail ola bilmədilər. ATƏT-in Minsk Qrupu faktiki yoxdur, onun Yüksək Səviyyəli Planlaşdırma Komitəsi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz, lazımsız və köhnədənqalma strukturlarının formal qalması da mənasızdır. Prezident İlham Əliyevin dediyi kimi, “cəhənnəmə gedən” bir qurumu yenidən dirçəltmək cəhdləri də uğursuzdur.
Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib. Belə olan halda Ermənistanın və onun havadarı Minsk Qrupunun saxlanılması barədə təkidləri anlaşılan deyil, bu hansısa məkrli planların mövcudluğundan xəbər verir. Məntiqi olaraq da əgər “Dağlıq Qarabağ” münaqişəsi yoxdursa, o zaman bu münaqişənin həllində vasitəçi olaraq yaradılan qurum da avtomatik olaraq buraxılmış sayılmalıdır. Prezidentin köməkçisi Hikmət Hacıyevin yanaşması doğru yanaşmadır və Azərbaycanın haqlı mövqeyini əks etdirir".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ