Onlayn ictimai-siyasi qəzet
“Sədr seçiləcəyimi gözləyirdim. Bu, mənimçün sürpriz olmadı. Çünki müzakirələr başlayanda Siyasi Komitənin bütün üzvləri yekdilliklə namizədliyimi təklif etdilər. Mən də təbii ki, məsuliyyətdən qaçmaq istəməzdim. REAL-ın qurucularından biriyəm. Ona görə də bu məsuliyyətdən qaçmaq doğru olmazdı”.
Bunu Musavat.com-a açıqlamasında REAL Partiyasının yeni seçilən sədri Natiq Cəfərli deyib.
O bildirib ki, 8 nəfərin hamısı Siyasi Komitənin sədri olmağa layiq insanlardır:
“Bir neçə gün öncə müzakirələr tamamlandı. Dünən axşam saatlarında protokol imzalandı. Bu gün səhər sədrliyim elan olundu”.
Natiq Cəfərli REAL Partiyasının siyasi xəttindən də danışıb:
“REAL Partiyasında Siyasi Komitə çox önəmli orqandır. 8 nəfərdən ibarət komitənin verdiyi qərarların sədr tərəfindən həyata keçirilmə mexanizmi yaradılıb. Yəni kollektiv qərarvermə mexanizmi mövcuddur. Bu, sədrin işini xeyli asanlaşdırır. O mənada ki, bütün ideyalar Siyasi Komitə tərəfindən emal olunur, düşünülür, onlara əlavələr və dəyişikliklər edilir, daha da zənginləşdirilir və onları həyata keçirməkdə sədrin işi daha rahat olur. Partiyada müəyyən dəyişikliklər əlbəttə, olacaq. Biz yeni bir bələdiyyə layihəsini həyata keçirməyə çalışacağıq. Bu sahədə dəyişikliklərin insanların həyatında nəyi dəyişəcəyini izah edəcək bir neçə addımımız olacaq. Bundan başqa, genişləndirilmiş üzvlük siyasətinə keçidlə bağlı qərarımız çox güman ki, olacaq. Bundan öncəki illərdə REAL-ın nəzdində diskussiya platforması var idi. Həmin platformanın yenidən bərpa edilməsi, partiyalarla, cəmiyyətlə daha sıx münasibətlər göstərərək müzakirələrin təşkili, müəyyən problemlərdən çıxış yollarının kollektiv şəkildə müzakirə olunub, ictimaiyyət üçün maraqlı olan sənədlərin hazırlanması nəzərdə tutulur. Çox güman ki, bu addımlarla bağlı mətbuat konfransı keçirəcəyik. Oktyabrın 1-i və ya 2-də biz bunu elan edəcəyik. Orada daha geniş və detallı şəkildə məlumat verəcəyik.
Əsas siyasi xəttimiz - parlament partiyası və seçki partiyası olmaqda davam edəcəyik. Azərbaycanda seçkilərə marağın artırılması istiqamətində daha əzmlə çalışacağıq. Çünki bu, çox vacibdir. Vətəndaş aktivliyinin artırılması ölkənin gələcəyi üçün ən vacib şərtlərdən biri olmalıdır”.
Aytən Novruz
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ