İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ərdoğanın adını niyə çəkmədi - müsahibəyə sözardı

Baydenin bir neçə il əvvəl ölmüş Fransa prezidenti Mitteranla görüşdüyünü deməsi fonunda Putinin dünyaya xitabı “bir daşla iki quş” effekti yaradıb

Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonun Youtube üzərindən yayımlanan kanalına müsahibəsi gözlənildiyi kimi dünyanın informasiya məkanında bomba effekti yaratdı.

Bunun əlbəttə ki, iki əsas səbəb var. Birinci səbəb Putinin özünün şəxsi ilə bağlıdır. Onun açıqlamaları dünya liderlərinin, Rusiyanın düşmənləri kimi, bu ölkə ilə normal münasibətlərdə maraqlı olan dövlətlərin gələcək planlarını qurmaq üçün bəlkə də bir “yol xəritəsi” ola bilərdi. İkincisi, müsahibə üçün Moskvaya gələn jurnalist sıradan biri deyildi, 7 il “Fox News”də siyasi tok-şouları ilə tanınan Karlsonun indi də milyonlarla izləyicisi var, həm də dünya anqlosakslarının izlədiyi tribunlardan biridir- CNN, BBC kimi... Amma indi o həm də Ağ Evin “qara siyahısında” olan jurnalistir, çünki 2020-ci ildən Respublikaçı Partiyasının sırasındadır, hətta onun Moskvaya Trampın göndərdiyi haqda da iddialar var...

mu.jpg (276 KB)

Putinin 2 saat 6 dəqiqəlik müsahibədə əsas hədəfi elə ilk suala cavabdan bəlli oldu. 30 dəqiqəyə yaxın Rusiya dövlətçiliyinin tarixində ukraynalılar, Ukrayna dövlətçiliyi və münasibətlərdən danışdı. Karlson onun fikirini tarixdən ən azı iki dəfə yayındırmağa çalışdı, amma Putin müsahibə üçün beynində yəqin ki, struktur formalaşdırmışdı və amerikalı jurnalisti sonadək də “özünün qaydalarına” məcbur etdi.

Prezident danışdığı tarixi faktları bir qovluğa sənədlərlə birgə toplamışdı və onu jurnalistə təqdim etdi. Yaxın vaxtlarda bu sənədlərin təqdimatını etsə, Karlson daha bir neçə milyon izləyici kütləsi toplayacağı şübhəsizdir.

Tarix vacib elmdir, amma quru və cansıxıcıdır, Putin Karlsonun darıxdığını hiss etdiyi üçün bunu etiraf da etdi. Amma Ukrayna ilə münaqişəyə səbəb olan tarixədək(2014) özətlədi, yorulmadan danışdı.

Putinin müsahibələrini müharibədən əvvəl də izlədiyim üçün şəxsən mənim üçün bir çox mövzular, xüsusilə NATO-Rusiya, Rusiya-ABŞ danışıqları haqda dedikləri təkrar oldu. Düzdür, bir-iki epizodda “bax, bu kabinetdə” deyərək danışıqlarda iştirakçılarla bağlı bəzi dəqiqləşdirmələr də etdi. Belə bir detal da oldu. Karlsona danışıqların birində ABŞ-ın Rusiyadakı keçmiş səfiri, indi Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edən Uilyam Börnsün də iştirak etdiyini dedi. Sonra Karslonun yadına saldı ki, vaxtilə MKİ -yə işə düzəlmək istəyib, amma yaxşı ki, onu işə götürməyiblər. Bu, yəqin ki, Karslonun müsahibəsindən əvvəl Putinə jurnalistlə bağlı təqdim edilmiş məlumatlar sırasında olub, o da yeri gəldi, bunu dedi.

OSRT8FMIxrP5hepsrpgNM3JA7EAPXbel.jpg (385 KB)

Rusiya prezidentinin dediklərindən əsas xətlərindən biri bu oldu ki, onun bir neçə mühüm təklifinə Qərb, xüsusilə ABŞ qulaqardına vurub. Belə ki, SSRİ-nin dağılmasından sonra Rusiyanın NATO ilə normal münasibətlər istəyinə, Avropada Raketdən Müdafiə Sistemlərinin yerləşdirilməsi məsələsində təkliflərinə, eləcə də Ukraynanın NATO-ya üzvlüklə bağlı müzakirələrin gərginlik yaradacağına ciddi baxmayıblar, ABŞ Şimali Qafqazda vaxtilə Rusiyanı parçalamaq istəyənlərə “müxalifət” deyərək maliyyələşdirib. Rusiya prezidenti “Şimal axını” qaz kəmərinin kimin partladılması haqda suala “Sən...”(yəni amerikalılar) deyə yarızarafatcavab verib, Ukraynanı silahla təminatında ABŞ-ı suçlayıb. Deyib ki, əgər silah təminatı dayanarsa, müharibə tez bitər. Maraqlıdır ki, İstanbul razılaşması haqda danışan Putin danışıqlar üçün o zaman ciddi səyləri olan Türkiyə prezidentinin adını xatırlatmayıb.

Putinin müsahibənin əvvəlində “Qərb güclü Rusiyadan daha çox güclü Çindən qorxur” fikri də maraqlı idi. Sonda amerikalı jurnalist Çin mövzusuna bir də qayıtdı. Putindən soruşdu ki, Rusiyanın da daxil olduğu BRİKS-də Çin hegamon rola sahib ola bilərmi, bu Moskvanı narahat edirmi? Putin dedi ki, Çinin xarici siyasət fəlsəfəsi aqressiv deyil, həmişə kompromis axtarır. Yenə də jurnalistin sualına cavab olaraq dediklərindən belə anlaşıldı ki, Bayden getsə də, Rusiya-ABŞ münasibətlərinin normallaşacağına ümid edir, amma buna əmin deyil, çünki ABŞ dünyada aqressiv siyasətdən imtina etmir.

sRpRcBAAyZvGz4Ix6J3DwsszTEFYMAJC.jpg (315 KB)

Zelenski ilə bağlı bəzi sözləri yenilik oldu. Bu dəfə sanki danışıqlara “əl yeri” qoydu, “bəzi qərarları Qərbdən müstəqil verə bilər” dedi, Rusiyada casusluq ittihamı ilə həbsdə olan amerikalı jurnalistlə bağlı da razılaşma ola biləcəyinə işarə etdi. Amma Karlson nədənsə, Putinə yaxınlaşmaqda olan prezident seçkisi ilə bağlı sual vermədi...

Müsahibənin sonunda Putinin iki mühüm mesajı da diqqət çəkdi. Dedi ki, müharibədə Rusiya əsgərləri ukraynalıları mühasirəyə alır və onlara “təslim olun, sağ qalın” əmri verirlər. Ukrayna tərəfindən olan əsgərlər "ruslar təslim olmur" deyib vuruşub və ölüblər. Putinin izahı belə oldu ki, ukraynalılar hələ də özlərini rus kimi hiss edirlər. İkincisi, Rusiya prezidentinə görə, iki qardaş slavyan xalqının bir-birinə silah tuşlamasını, kilsələrin ayrılmasını birdəfəlik parçalanma kimi düşünənləri yanılırlar. “Birləşmə mütləq olacaq, çünki insanları biləşdirən ərazilər deyil, dini inanclarıdır...”

Müsahibəyə reaksiyalar hələ davam edəcək. Baydenin bir neçə il əvvəl ölmüş Fransa prezidenti Mitteranla görüşdüyünü deməsi fonunda Putinin dünyaya xitabı Kremlin “bir daşla, iki quş” vurması effeti yaradıb...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR