İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin səbri tükənir, sərt təhdid mesajı verildi: Rusiya növbəti dəfə ABŞ-ın planını pozsa...

Böyük ehtimalla aprelin sonlarından başlayaraq, ABŞ-Rusiya münasibətlərinin ciddi şəkildə gərginləşə biləcəyi qətiyyən istisna deyil... Bu halda, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqilə yanaşı, Ukraynaya hərbi dəstəyini də bərpa edəcəyi gözlənilir...

Ukrayna savaşının dayandırılması ilə bağlı prosesdə həlledici mərhələnin yaxınlaşmaqda olduğunu müşahidə edilir. Belə ki, bu böhranın nizamlanmasına yönəlik ABŞ-Rusiya danışıqları Ağ Evin nəzərdə tutduğu zaman intervalını artıq ciddi şəkildə aşıb. Ona görə də, Tramp administrasiyası nəhayət ki, Ukrayna savaşının gələcək taleyi ilə bağlı konkret nəticələr əldə etməyə can atır. Və bu baxımdan, Ağ Evin Kremlə münasibətdə iki istiqamətli siyasi kurs yürütdüyü də qətiyyən diqqətdən yayınmır.

Onu da qeyd etmək lazımdır ki, Ağ Evin Kremllə anlaşmağa bağlı ilk istiqamətin uğurlu olduğunu iddia etmək çox çətindir. Belə ki, Rusiya siyasi dairələri danışıqlar prosesi uzandıqca, sülh sazişinin imzalanması ilə bağlı şərtlərini sərtləşdirməyə, hətta yeni tələblər də irəli sürməyə başlayıblar. Nəticədə imperiya eqosu olan Rusiyanın Tramp administrasiyasının əsas planlarını artıq pozduğu qətiyyən şübhə doğurmur. Və belə vəziyyət Ağ Evin konkret siyasi qərarlar vermək məcburiyyətini də artırır.

00074fab1be46f43277c079f9cfd6d1f1.jpg (84 KB)

Məsələ ondadır ki, Ağ Ev Kremllə danışıqlar prosesini davam etdirmək niyyətini qabardır. Ancaq Tramp administrasiyası bu prosesin həddindən artıq uzanmasında da qətiyyən maraqlı deyil. Ona görə də, Ağ Ev hazırda Kremlin şirnikləndirilməsinə yönəlik taktikaya üstünlük verir. Hər halda, Tramp administrasiyasının hazırladığı Ukrayna planları arasında Rusiyanın maraqlarına uyğun gələn məqamlar kifayət qədərdir. Üstəlik, Ağ Evin Ukrayna planları çoxvektorlu xarakter daşıyır. Və bu, daha çox Rusiyaya etimadsızlıqdan qaynaqlanır.

Maraqlıdır ki, ABŞ Ukraynanın bütün işğal olunmuş ərazilərinin Rusiyanın nəzarətində qalmasını mümkün hesab edir. Üstəlik, Ağ Ev Ukrayna ərazilərinin Rusiyaya güzəştə getməsi üçün rəsmi Kiyevə davamlı olaraq, təzyiq göstərir. Hələlik, Zelenski hakimiyyəti müqavimət göstərməyə çalışsa da, Ağ Ev öz hədəfinə çata biləcəyinə qətiyyən şübhə etmir. Ona görə də, Tramp administrasiyası Rusiyaya güzəştlərin sırasını daha da artırmaqla, Kremli şirnikləndirə biləcək əlavə “sürprizlər” də hazırlayır. Və yenə də rəsmi Kiyevin razılığının alınmasına ehtiyac duyulmur.

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqun son açıqlamaları Ağ Evin Kremlə yeni güzəştlərini anlamağa tamamilə imkan verir. Belə ki, o, ABŞ-ın Krım yarımadasını Rusiyanın ərazisi kimi tanıya biləcəyini qətiyyən istisna etməyib. Halbuki, Rusiya Krımı artıq çoxdan işğal edərək, öz sərhədləri içərisinə qatıb. İndi Ağ Ev Kremlə bu işğalçılığın hüquqi legitimliyini təmin etməkdə dəstək olmaq niyyətindədir. Və Kremldə də anlayırlar ki, əgər, ABŞ Krımı Rusiya ərazisi kimi rəsmən tanıyarsa, digər dünya dövlətləri də analoji mövqedən çıxış etmək məcburiyyətində qala bilərlər.

1741348869_1.jpg (67 KB)

Təbii ki, Ağ Ev bütün bu güzəştləri Kremlin Ukrayna savaşının dayandırılması ilə bağlı sülh sazişini imzalayacağı təqdirdə etmək niyyətindədir. Ancaq Kremlin dərhal pozitiv reaksiya verməyə hazırlaşmadığı da qətiyyən diqqətdən yayınmır. Belə ki, Kreml Ağ Evdən Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğv olunması üçün Avropa Birliyini məcbur etməsini də istəyir. İndiki mərhələdə Rusiyanın bu istəyinin reallaşdırılması ABŞ-ın maraqları ilə o qədər də uzlaşmır. Və ABŞ Rusiyaya qarşı sanksiyalardan sonrakı mərhələlərdə Kremlə təzyiq faktoru kimi istifadə etmək niyyətindədir.

Ona görə də, Kremlə qətiyyən güvənməyən Ağ Ev daha bir önəmli planın reallaşdırılmasına cəhd göstərir. Belə ki, Ağ Evdə Ukraynanın bir neçə nəzarət zonasına bölünməsi ilə bağlı ssenarilər ciddi şəkildə müzakirə edilməkdədir. Hər halda, Kit Kelloq bir müddət öncə Ukrayna ərazisinin Fransa və Böyük Britaniya başda olmaqla, bir neçə Qərb ölkəsinin hərbi kontingentlərinin nəzarətinə verilə biləcəyini vurğulamışdı. Və bu, gələcəkdə Rusiyanın daha da irəli hərəkət etmək niyyətlərinin əvvəlcədən bloklanması məqsədilə düşünülmüş plan hesab edilir.

Göründüyü kimi, Ukrayna böhranı ətrafında olduqca qəliz geopolitik oyunlar qurulmaqdadır. ABŞ-ın hər güzəştindən sonra Rusiyanın daha ağır şərtlər irəli sürməsi də Ağ Evdə ciddi narahatlıqlar doğurmağa başlayıb. Ona görə də, Tramp administrasiyası danışıqlar prosesinin Kreml tərəfindən davamlı uzadılmasına yönəlik cəhdlərinə qarşı ikinci istiqamət üzrə də mövqeyini artıq qətiləşdirməkdədir. Belə ki, prezident Donald Tramp Rusiyaya aprel ayının sonuna qədər vaxt verib. Və əgər, bu müddət ərzində Kreml sülh sazişıni imzalamasa, ABŞ Rusiyaya qarşı mövqeyini tam əks istiqamətdə dəyişmək niyyətini qabardıb.

bayden_tramp_zelenski.jpg (70 KB)

Son məlumatlara görə, prezident Donald Tramp Ukrayna savaşının dayandırılması üzrə sülh sazişinin ən yaxın günlərdə imzalanacağını bildirib. Ancaq o, nədənsə, Kremlin bu barədə Ağ Evə təminat verib-vermədiyi barədə danışmağa həvəs göstərməyib. Ona görə də, ehtimal etmək olar ki, Ağ Ev sahibi növbəti xəbərdarlıq xarakteri daşıyan bu açıqlamasında daha çox Kremlə aprelin sonuna qədər vaxtın verilməsi barədə mesajına hələ də güvənir. Yəni, prezident Donald Tramp deyəsən, Kremlin Ağ Evdən verilən sərt təhdid mesajını nəzərə alaraq, sülh sazişini imzalayacağına əmindir.

Halbuki, Kreml dəfələrlə Ağ Evin planlarını pozduğu kimi, bu dəfə də ABŞ prezidentinin ümidlərini boşa çıxara bilər. Əgər, bu variant ön plana keçərsə, onda, böyük ehtimalla aprelin sonlarından başlayaraq, ABŞ-Rusiya münasibətlərinin ciddi şəkildə gərginləşə biləcəyi qətiyyən istisna deyil. Bu haldasa, Ağ Evin Rusiyaya qarşı vəd etdiyi yeni sanksiyalar Kreml üçün daha ağır situasiya yarada bilər. Və qarşıdurma dərinləşəcəyi təqdirdə, ABŞ-ın Ukraynaya hərbi dəstəyi yenidən bərpa ehtimalı da qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR