Onlayn ictimai-siyasi qəzet
“Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumundakı çıxışında Ermənistan məsələsinə geniş yer ayırmışdı. Cənab Prezidentin orada bir fikri var idi:
“...Sizə bir məsələni də deyə bilərəm ki, Ermənistana etimad səviyyəsi sıfıra bərabərdir. Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq”.
Əlbəttə, bizlər də Ermənistan rəsmilərinin zaman-zaman verdiyi açıqlamaların manipulyativ, vaxtı uzatmaq, beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi ilə verildiyini müşahidə edirik. Bu baxımdan Ermənistan baş nazirinin növbəti açıqlaması, o cümlədən konstitusiya ilə bağlı islahatın olacağı barədə dediklərinin ciddi və səmimi olduğuna inanmırıq”.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bunu Musavat.com-a Nikol Paşinyanın referendumla bağlı açıqlamasını şərh edərkən söyləyib.
Hüquqşünas ardınca bunları bildirib: “Birincisi, 2027-ci ilə qədər Ermənistanda hansı siyasi proseslərin gedəcəyini bilmirik. Paşinyan bu vaxta qədər hakimiyyətini saxlaya biləcəkmi? Saxlasa belə, ölkə konstitusiyasının preambulasının dəyişdirilməsinə, eləcə də konstitusiyanın mətnidə yalnız bizə yox, həm də Türkiyəyə qarşı dolayı iddiaları ehtiva edən müddəaları çıxarmağa nail ola biləcəkmi? Digər bir məqam, Paşinyan bunu deyir, amma qeyd edir ki, bu xalqın iradəsindən asılıdır. Əslində düz də deyir. Məsələ ümumxalq səsverməsi ilə həll olunacaq. Amma xalq buna səs verəcəkmi? Hazırda Ermənistanda davam edən anti-Azərbaycan ritorikası, nifrət və irqçi təbliğat davam edir. Referendum olsa, bu daha sürəkli olacaq. Ona görə də referendumda bu müddəaya səs verilib-verilməyəcəyini deyə bilmərik”.
S.Məmmədovun sözlərinə görə, N.Paşinyan belə bəyanatlar, açıqlamalar verməklə bir neçə məqsəd güdür: “Birincisi, Ermənistanı növbəti dəfə dünyada sülh tərəfdarı kimi təqdim edir; ikincisi, Ermənistanın sülhə hazır olması, Azərbaycanın isə destruktiv mövqedə olması görüntüsü yaratmağa çalışır, həmçinin o indidən belə bir məsələni ortaya atmaqla Ermənistanda və Ermənistandan kənarda olan qüvvələrin reaksiyasını öyrənmək istəyir, nəhayət, bu yolla status-kvonu saxlamaq istəyir. 2027-ci ilin aprelində referendum keçiriləcəksə, bu vaxta hələ iki il qalır və az vaxt deyil. Bu, o deməkdir ki, Paşinyan vəd verib, amma sülh müqaviləsini konstitusiyaya dəyişiklik etmədən bağlamaq istəyir. Bu isə dəfələrlə dediyimiz kimi, qəbulolunmazdır. Bir ölkənin ali qanununda konkret dövlətin konkret ərazisinə iddia varsa, o zaman bağlanacaq müqavilənin adının nə olmasından asılı olmayaraq, bu, arzuolunan və regiona davamlı sülh gətirən sənəd olmayacaq və istənilən vaxt o müqavilənin Ermənistan konstitusiyasına zidd olmasını əsas götürüb ləğv edə biləcəklər”.
Digər tərəfdən, hüquqşünas xatırlatdı ki, ATƏT-in Minsk qrupunun mandatı bitib: “Bu mandat çərçivəsinə heç nəyə nail olunmayıb. Ümumiyyətlə, bu qurum ATƏT-in təsis sənədlərinə uyğun yaradılmayıb və bu qurumun yaradılması ilə bağlı üzv dövlətlərin konsensus əsaslı qərarı yoxdur. Amma Ermənistan onun ləğvi ilə bağlı qərar verməyə tələsmir və onun gələcəkdə bir alət ola biləcəyinə ümid edir. Bu isə ondan xəbər verir ki, yalnız Ermənistanın müxalifətçi qüvvələri deyil, həm də indiki hakimiyyəti revanşist planlarından əl çəkməyib”.
E.Paşasoy,
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ