İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müsəlman ölkəsi kimi Pakistanla Azərbaycanın artan tempdə davam edən münasibəti…”

Xəbər verdiyimiz kimi, aprelin 20-də Pakistanın “Pakistan Beynəlxalq Hava Yolları” (PIA) şirkəti tərəfindən Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib.

Lahor–Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Pakistanın baş naziri Şahbaz Şərif Lahor və Bakı arasında birbaşa uçuşların bərpasını alqışlayıb:

“Biz bütün sektorlarda əməkdaşlığımızı dərinləşdirərək Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələrində yeni zirvələrə çatmağa sadiq qalırıq”.

SAHBAZ.jpg (63 KB)

“Azərbaycanla Pakistan arasındakı dostluq və qardaşlıq münasibətlərinin böyük tarixi keçmişi var. İki ölkə arasındakı yaxınlıq özünü həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə göstərdiyi kimi, eləcə də mədəni-humanitar sahədə də diqqət çəkir. Şübhəsiz, bu yaxınlığın kökündə bir sıra mətləblər dayanır ki, bunlardan ən başlıcası hər iki xalqın ortaq dəyərlərə — xüsusilə İslam dininə və Şərq mədəniyyətinə mənsub olmasıdır. Eləcə də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Pakistanın bu müstəqilliyi tanıyan ilk ölkələrdən olması xalqlar arasındakı birlik və etimadın yüksək və bariz göstəricisidir. Məhz həmin dövrdən sonra ölkələr arasındakı beynəlxalq və stratji tərəfdaşlıq sürətli formada inkişaf etmiş, yüksək səviyyəli səfərlər və görüşlərin nəticəsində bu prinsiplər möhkəmlənib”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib.

“Birinci və İkinci Qarabağ müharibələri zamanı Pakistan qətiyyətli şəkildə Azərbaycanın mövqeyini müdafiə etdiyini bəyan etmiş və Azərbaycanın haqq mübarizəsində Ermənistanın işğalçılıq siyasətini kəskin şəkildə pisləyən bəyanatlar yaymışdır. 1993-cü ilin aprelin 30-da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycan – Ermənistan arasındakı Qarabağ münaqişəsi ilə bağlı 822 saylı qətnaməsinin qəbul olunduğu iclas Pakistanın sədrliyi ilə keçirilib.

Ermənistanın Azərbaycana qarşı qəsbkar və işğalçı davranışı səbəbindən Rəsmi İslamabad bu günə qədər İrəvanla diplomatik münasibətlər qurmayıb.

SALMAN.jpg (75 KB)

İki ölkə arasındakı yaxınlıq özünü hələ ötən əsrin ortalarından etibarən göstərməyə başlamışdır. Azərbaycan hələ Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olduğu dönəmdə Pakistanla mədəni inteqrasiyanın təməli qoyulmuşdur. Zamanla hər iki ölkənin xalqları arasında mədəni və düşüncə yaxınlığı hiss olunmağa, bununla da, qarşılıqlı maraq oyanmağa başlamışdır. XX əsrin 60-cı illərində artıq Azərbaycan və Pakistan arasındakı mədəni inteqrasiyanın təməlli formaya sahib olduğunu deyə bilərik.

Müsəlman ölkəsi kimi Pakistanla Azərbaycanın artan tempdə davam edən münasibəti, şübhəsiz, SSRİ-nin də maraqları ilə üst-üstə düşürdü. Bu baxımdan, elmi-mədəni toplantılar, müxtəlif yaradıcı səfərlərin sayı artırılır, iki ölkə arasındakı əlaqə daha da gücləndirilirdi. Belə səfərlərdən biri də 1962-ci ilin oktyabrında görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin 150 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirlə bağlı olmuşdur. Belə ki, sözügedən yubiley mərasimi üçün Bakıya gələn və yubiley tədbirində çıxış edən Pakistanın görkəmli yazıçısı, Beynəlxalq Lenin mükafatı laureatı Əhməd Fəna Axundzadə ədəbi-mədəni irsini ideya baxımından özünə və öz xalqına yaxın hesab etmiş, hətta onu Pakistanın da yazıçısı adlandırıb.

Həmin ərəfələrdə Pakistanın görkəmli ictimai xadimi Mirzə Abel Həsən İspahan ölkəmizə səfərindən məmnun qalmış, Azərbaycan – Pakistan mədəniyyətinin yaxınlığını, eləcə də Azərbaycanın bütövlükdə məhəbbət dolu ölkə olduğunu “Leninqraddan Səmərqəndədək” adlı kitabında geniş şəkildə yazmışdır. Adıçəkilən kitab pakistanlılar üçün Azərbaycanı və Azərbaycan mədəni düşüncəsini yaxından tanımaq üçün əlverişli imkanlar vəd edir.

Bütün bu sadalananların məntiqi nəticəsi isə özünü 1966-cı ilin aprelində göstərdi. Məhz bu tarixdə Bakıda Pakistan – Sovet Mədəni Əlaqə Cəmiyyətinin şöbəsi yaradıldı. Burada iki ölkə arasındakı mədəni əlaqələrin sistemli şəkildə inkişafına təkan verəcək bir sıra mübadilə proqramları təşkil olundu və əlaqələr özünün yüksək artan tempi ilə davam etdi”, - S. Salmanova bildirib.

Deputat tarixə də ekskursiya edib:

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Pakistanla münasibətlər bütün müstəvilərdə ardıcıl və sistemli şəkildə davam etdirildi. 1991-ci il müstəqilliyimizin bərpası tarixindən sonra Azərbaycan – Pakistan mədəni əlaqələrində xüsusi bir mərhələnin başladığını deyə bilərik. Məhz bu dövrdə iki ölkə arasındakı mədəni-humanitar əməkdaşlığın hüquqi təminatı yaradıldı.

Ulu Öndər Heydər Əliyevin Pakistana 1994-cü il səfəri və Pakistanın mərhum Baş naziri Bənəzir Bhutto ilə görüşü, şübhəsiz ki, ikitərəfli əlaqələrin daha da şaxalənməsinə, möhkəmlənməsinə və inkişafına əhəmiyyətli dərəcədə təkan verdi. Bu səfər ölkələrarası yüksək səviyyəli səfər və görüşlərin sayının artmasına və ardıcıl vüsət almasına şərait yaratdı ki, bütün bunlar mədəni əlaqələrin inkişaf mexanizmini də müəyyən etməyə kömək oldu.

1996-cı ildə iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında imzalanan müqavilə bundan sonrakı əlaqələrin perspektivi üçün yol xəritəsini cızmış oldu. Təsadüfü deyil ki, adıçəkilən müqavilədə Azərbaycan və Pakistan arasındakı dostluq əlaqələrinin inkişafında mədəni əməkdaşlığın gücləndirilməsinə dair müddəalar yer alırdı.

Ümumiyyətlə, müstəqilliyimizin bərpasından sonrakı onillikdə Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin inkişafına xidmət edən bir sıra vacib sənədlər imzalanmışdır. Yuxarıda adlarını çəkdiyimiz sənədlərdən başqa 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Faruq Əhməd Xan Leqarinin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış “Elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq haqqında razılaşma”nı, həmçinin 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin Pakistana səfəri sırasında imzalanan “Turizmin inkişafı üzrə Anlaşma Memorandumu”nu misal gətirmək olar.

Bütün bunların fonunda Birinci Qarabağ müharibəsinin ardınca Pakistanın Qarabağın qaçqın və məcburi köçkünlərinə humanitar yardımını da xüsusi qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik elədiyi dövrdə də Pakistanla əlaqələrə xüsusi önəm verilmiş, hər iki ölkənin dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin sayı artırılmışdır. Bu dövrdə də humanitar-mədəni yöndə bir sıra əhəmiyyətli sənədlər imzalanıb.

2005-ci ilin aprelində Prezident İlham Əliyevin Pakistana səfəri zamanı Pakistan Prezidenti Pərviz Müşərrəflə birgə imzaladığı 6 əməkdaşlıq sazişindən biri mədəniyyətlə bağlı olub.

Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı da iki ölkə arasındakı mədəni inteqrasiyası özündə ehtiva edir.

2025-ci ilin fevralında Azərbaycana dövlət səfəri reallaşan Pakistan Baş naziri Şahbaz Şəriflə Azərbaycan Prezidenti İlham Əliyevin növbəti sənədlərin imzalanması mərasimi də münasibətlərin bundan sonrakı mərhələsi üçün əhəmiyyətli yerə sahibdir. Burada Naxçıvan şəhəri ilə Pakistanın Pəncab əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkir.

Azərbaycanla Pakistan arasındakı əlaqələrin inkişafında, əlbəttə, Heydər Əliyev Fondunun da danılmaz rolu vardır. 2019-cu ildə Pakistanın Milli Kitabxanasında “Azərbaycanşünaslıq Mərkəzi”nin açılması və faəliyyətə başlaması dost və qardaş ölkədə azərbaycançılğın təbliğində və tanıdılmasında əvəzsiz rola sahibdir.

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin seçilmiş əsərlərinin İslamabadda nəşr edilməsi, yüksək və nəfis tərtibatda pakistanlı oxuculara təqdimi Azərbaycan mədəni-ədəbi nümunələrinin urdu dilində ilk nümunələrindən olmuşdur. Zəngin və bənzərsiz ədəbi-bədii təfəkkürə, yüksək elmi-yaradıcı qabiliyyətə malik Cəlil Məmmədquluzadə nəsri Cənub Şərqi Asiya ölkəsinin ictimaiyyəti tərəfindən çox böyük maraqla qarşılanıb.

2010-cu ildə isə “Azərbaycan poeziyası: dəryada damla” adlı şeir antologiyası ingilis dilində İslamabadda nəşr olunmuşdur. Bu nəşr XII-XIX əsrlərin qovşağındakı Azərbaycan poeziya nümunələrinin mənzərəsini özündə ehtiva edir ki, bununla da, növbəti dəfə Pakistanda Azərbaycan ədəbiyyatı ilə əsaslı tanışlıq üçün geniş imkan yaratmışdır.

21 iyun 2019-cu ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistanın Müslüm İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsi isə iki ölkə arasında ədəbiyyatşünaslıq istiqamətindəki əməkdaşlığa dair atılmış ən önəmli addımlardan biri olmuşdur.

Azərbaycanın və Şərq dünyasının görkəmli mütəfəkkir-şairi Nizami Gəncəvinin Pakistandakı Xeybər Paxtunxva əyalətinin mərkəzi olan Peşəvər şəhərinin Universitet şəhərciyində prospektə adının verilməsi məhz bu sevginin, etimadın və hörmətin göstəricisidir.

Azərbaycanda da dost və qardaş ölkə Pakistanın mədəni təbliğatı ən yüksək səviyyədə aparılır, iki ölkənin mədəni yaxınlığı ictimaiyyət arasında diqqətdən kənarda qalmır. Bunun bariz nümunələrindən biri kimi 2021-ci ilin iyul ayında Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışını göstərmək olar.

Eləcə də bu xüsusda Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının bütöv bir buraxılışı Pakistan ədəbiyyatına həsr olunmasını qeyd etmək yerinə düşər. 220 səhifəlik nəşrdə Pakistan ədəbi-bədii düşüncəsini özündə əks etdirən 44 müəllifin əsəri yer almışdır.

Azərbaycan və Pakistan böyük Şərq mədəni düşüncəsinin iki parlaq nümayəndəsi kimi dünya mədəniyyətində özünəməxsus yerə sahibdir. Bu mənəvi dəyərlər hər iki xalqın formalaşmasında əsaslı rol oynamış və İslam fəlsəfi baxışı, Şərq mədəni düşüncəsinə məxsus yüksək mənəvi-əxlaqi idelları özündə cəmləşdirmişdir. Yəni bu mədəniyyətin arxasında bir-biri ilə tarixi və coğrafi yaxınlıqdan əlavə, həm də ideya və dünyagörüşü baxımından yaxınlıq hiss olunur.

Azərbaycan Elmlər Akademiyasının Prezidenti akademik isa Həbibbəyli iki ölkənin ədəbi-bədii yaxınlığını onların yaradıcılığında aydın şəkildə görməyin mümkün olduğunu bildirir. İsa Həbibbəylinin sözlərinə görə, Pakistanda yaşayan Təbrizi, şirvani, səfəvi-qızılbaş və digər bu kimi tayfalar Azərbaycan-türk mədəniyyətini özündə ehtiva etməklə Pakistan mədəniyyəti içərisində fərqli formada özünü göstərməkdə və yaşatmaqdadır. Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinə nəzər saldıqda isə burada dastan və nağıllarımızda Kəşmir şalından geniş söz açılması məhz Pakistan mədəniyyətinin Qafqaza, bilavasitə Azərbaycana ayaq açmasının göstəricisidir.

Fikirlərimizi ümumiləşdirərək deyə bilərik ki, Azərbaycan və Pakistan mədəni əlaqələri tarixi, dini və mənəvi dəyərlərə, həmçinin Şərq düşüncə tərzi ilə zənginləşən çoxşaxəli tərəfdaşlığa əsaslanır. Hər iki xalqın mədəni dünyagörüşündə bənzərliklər, bir-birinə bəslənən hörmət, qarşılıqlı etimad kimi məsələlər bu əlaqələrin təməl prinsiplərini təşkil edir.

İki ölkə arasındakı əməkdaşlıq və mədəni inteqrasiya bağları ötən əsrin ortalarından başlayaraq artan tempdə davam etmiş və günü bu gün də eyni formada inkişafdadır. Bütün bu faktorlar deməyə əsas verir ki, bu münasibət adi diplomatik manevr deyil, xalqların bir-birinə yaxınlığından doğan mənəvi körpüdür.

Bugünkü Azərbaycan – Pakistan mədəni əlaqələri sadəcə tarixi bir baxışın deyil, strateji tərəfdaşlıq anlayışının da bir hissəsinə çevrilmişdir. Əminliklə demək olar ki, bu mədəni münasibətlər gələcəkdə də inkişaf edəcək, xalqlar arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın əsas dayaqlarından biri kimi möhkəmlənəcək”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR