Onlayn ictimai-siyasi qəzet
Belə görünür ki, İrandakı anti-Azərbaycan çevrələrin təzyiqi Pezeşkianı ölkəmizə münasibətdə korrektələrə vadar edib; deputatdan ilginc açıqlama: “Rejimin mahiyyəti dəyişməyincə...”
Məsud Pezeşkian sentyabrın 16-da Tehranda yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.
“İslami birlik həftəsi çərçivəsində ilk mətbuat konfransımızı keçiririk. Düşünürəm ki, ölkədə yaşayan hər kəsin istedadı nəzərə alınmalı və etnik qrupundan, irqindən asılı olmayaraq layiq olduğu vəzifə verilməlidir. Bizim planlarımız da birliyə əsaslanır. Əlbəttə, bu çox çətin işdir”, - Pezeşkian deyib.
Prezident İranla müsəlman qonşuları arasındakı sərhədlərin aradan qaldırılması təklifinə toxunaraq bildirib: “Bu ideya milli təhlükəsizlik və sərhədlərə məhəl qoymamaq demək deyil, ancaq səyahəti asanlaşdırır, konsensusu gücləndirir, ümumi bazarların yaradılmasına gətirib çıxarır. Müsəlmanların hüquqlarını müdafiə etmək üçün birləşməliyik. Müharibə və həddindən artıq ambisiyaları bir kənara qoysaq, bir yerdə ola bilərik və bütün müsəlmanlar bir cəmiyyətdə ola bilər”.
Xarici diplomatiyada prioritet olaraq qonşu dövlətlərlə əlaqələrin gücləndirilməsini vacib sayan Pezeşkian deyib: “Bu çərçivədə İraqa səfər etdik və birgə layihələr həyata keçirmək qərarına gəldik. Eyni əməkdaşlığı Pakistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə də edə bilərik. İqtisadi inkişafın şərti azad bazar yaratmaq və xarici ticarəti inkişaf etdirməkdir. Xarici diplomatiyamız şərəf, ləyaqət və maraq üzərində qurulacaq və biz bu yolla davam edəcəyik”.
Pezeşkian Türkiyə-İran əlaqələri ilə bağlı bunları söyləyib: “Türkiyə bizim dostumuz və qardaşımızdır. Qonşuluqdan daha çox qohumluq əlaqələrimiz var. Aramızda sərhəd olmasa, bu tərəflə o tərəf eynidir. İnanclarımız, mədəniyyətimiz bir-birinə bağlıdır. Türkiyə ilə münasibətlərimizi mütləq gücləndirməliyik. Əvvəlki hökumətin "qonşularla yaxşı münasibətlərə üstünlük vermə siyasəti"ni mütləq davam etdirəcəyik. Türkiyə ilə İran arasında 30 milyard dollarlıq xarici ticarət həcminə çatmaq üçün ortaq investisiyalara ehtiyac var. Bu fikrimiz həm də Pakistan, Əfqanıstan və digər region ölkələri üçün də eynidir".
Pezeşkian İran-Çin münasibətlərindən də danışıb: “Çinlə çox yaxşı münasibətlərimiz var. Ona görə də xarici ticarətin böyük hissəsi Çin, Rusiya və qonşu ölkələrlə aparılır”.
O, İranın Yəmən qruplarına hipersəs ballistik raketlər verməsi ilə bağlı iddiaları təkzib edib və bunları söyləyib: “İranın hipersəs ballistik raketi var. Biz kosmosa peyklər göndəririk. Biz yəmənlilərə raket verməmişik, onlarda olan raketlər bizdə yoxdur. Yəmənlilərin raket texnologiyası var, onlar müharibədən əvvəl raket istehsal etməyi öyrəniblər və istehsal edirlər. Bizim Yəmənlə münasibətlərimiz, eyni baxışımız var, çünki biz İsrailin Fələstin xalqını məhv etməsini istəmirik”.
Bu arada məlum olub ki, İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edəcək. Musavat.com bu barədə Gunaz.tv-yə istinadən bildirir. İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına müsahibəsində rəsmi açıqlama verib. Deyib ki, M.Pezeşkian Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edəcək və bir sıra görüşlər keçirəcək. Göründüyü kimi, İran hətta düşmən hesab etdiklərinə doğru addımlar atır, mövqe ifadə edir, münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərini büruzə verir. Cənub qonşu prezidentinin Azərbaycanla bağlı mövzulara toxunmamağa çalışması diqqətdən yayınmır.
Yeri gəlmişkən, iyulun 9-da Prezident İlham Əliyev Pezeşkiana zəng etmişdi. Bununla bağlı yayılmış rəsmi məlumatda bildirilirdi ki, dövlətimizin başçısı Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən İran prezidenti dövlətimizin başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan prezidentini İrana rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı bu dəvəti məmnunluqla qəbul edib.
Belə görünür ki, İrandakı anti-Azərbaycan çevrələrin təzyiqi Pezeşkianı ölkəmizə münasibətdə korrektələrə vadar edib. Az qala hər gün cənubdan Azərbaycan əleyhinə bəyanatlar, qərəzli iddialar səslənir. Bu isə Pezeşkianın siyasətinə təsirsiz qala bilməz. O, İraqa olan ilk xarici səfərinə toxunaraq qeyd edib: ""Xarici məsələlərlə bağlı qonşu ölkələrlə əlaqələrimizi yaxşılaşdırmağa çalışırıq. İraqa və İraqın Kürdüstan bölgəsinə, Bəsrə və Bağdadın özünə səfərimiz zamanı oradakı rəsmilərlə də danışdıq. Əksəriyyətində belə bir fikir var idi ki, onlarla strateji planlar yazaq, birgə layihələr həyata keçirək. Biz Pakistan, Türkmənistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə də eyni şeyi edə bilərik. Təbii ki, azad bazarın böyüməsi üçün investisiyalar, xarici əlaqələr lazımdır. Biz xarici diplomatiyanı mütləq namus, müdriklik və məqsədəuyğunluq əsasında həyata keçirəcəyik". Ölkəmizin adını epizodik çəkən Pezeşkianın sanki Azərbaycanla bağlı tərəddüdləri mövcuddur və qonşularla bağlı danışanda bu mövzuda “xəsis” açıqlama verdiyi nəzərdən qaçmadı.
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında İran prezidentinin yanaşmasını səbəbsiz saymadığını aşağıdakı kimi əsaslandırdı: “Ermənistanı çıxmaqla, İranın elə bir qonşusu yoxdur ki, onunla arasında az və ya çox gərginlik yaşanmasın. Ermənistana sıcaq yanaşma isə ilk növbədə hayların bizə düşmən kəsilmələrindən qaynaqlanır. Əgər Azərbaycanla Ermənistan arasında ziddiyyətlər aradan qalxarsa, əmin ola bilərsiniz ki, onunla da digər qonşularla necədirsə, o cür davranacaqlar. Ona görə də belə bir dövlətin yüksək vəzifəlisinin müsəlman qonşularla sərhədlərin aradan qaldırılması təklifini yumşaq desək, kiminsə sevinclə qarşılayacağını düşünmürəm. Həm də bilə-bilə ki, bu, narkotik qaçaqmalçılığı və terrorçu qruplaşmalar üçün necə bir münbit zəmin demək olardı. Ona görə də açığı, ağaye Pezeşkianın bu bəyanatında da mən daha çox populizm elementləri görürəm. Populist liderlər isə çox cüzi istisnaları nəzərə almasaq, nə dediklərini reallaşdırırlar, nə də onlara bəslənən ümidləri doğruldurlar”. S.Alıyev digər məqamı da xüsusilə vurğuladı: “Üstəlik, sizə elə gəlmir ki, xristian qonşusunun sərhədlərinə hər hansı təhlükəni özləri üçün "qırmızı xətt" adlandıraraq guya bu səbəbdən Zəngəzur dəhlizinin əleyhinə çıxdıqlarını bildirənlərin müsəlman qonşuları ilə sərhədlərin aradan qaldırılmasından dəm vurmaları çox gülməli təsir bağışlayır. Ağaye Pezeşkianın ölkəmizə yanaşmasına gəldikdə, rejimin mahiyyəti dəyişməyincə, onun bizimlə eyni dindən, hətta eyni gendən olan rəhbərləri Azərbaycanla necə davranıbsa, eyni dildən olanı da ən yaxşı halda o cür davranacaq".
Prezident seçkisinin ilkin mərhələsində türk olduğunu önə çəkən və kifayət qədər normal mövqedən çıxış edən Pezeşkianın son günlər Azərbaycana münasibətdə ehtiyatlı, həm də xəsis davranışları gözləntilərin “suya düşdüyü” qənaətini yaradır. Özü də bu, təkcə xaricdəki gözləntilər deyil. Eyni zamanda İran daxilindəki on milyonlarla türk əhalinin də Pezeşkian dönəmində ciddi gözləntiləri var. Amma İran reallıqlarını da unutmamalıyıq. Ölkənin prezidenti söz sahibi deyil, bunu da bilirik. Yenə də gözləyək...
E.PAŞASOY,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ