İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan yenə "oda benzin tökür" və..." - ŞOK

"Nikol Paşinyan Ümumdünya Erməni Sammitindəki çıxışında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyinə və suverenliyinə ciddi təhdid yaratdığı üçün təşkilatdakı fəaliyyətini dondurub. Paşinyanın verdiyi açıqlama İrəvan və Moskva arasında yeni gərginliyin səbəbi kimi başa düşülə bilər".

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev deyib.

ZEYNAL .png (200 KB)

Politoloq xatırladıb ki, zaman-zaman erməni rəsmiləri KTMT-ni müxtəlif səviyyədə ittiham edirlər və təşkilata üzv ölkələr, əsasən də Rusiya və Belarus rəsmilərindən kəskin cavablar alırlar:

"Ermənistanın bu təşkilatla dərdi 44 günlük müharibədən sonra başlayıb. Paşinyan hökuməti müharibə dövründə israrla KTMT-ni Azərbaycana qarşı savaşa çəkməyə çalışsa da, təşkilata üzv dövlətlər böyük sayaqlıq göstərərək erməni təxribatına getmədilər. Hər halda Vladimir Putin və Aleksandr Lukaşenko kimi Nikol Paşinyan da yaxşı bilirdi ki, KTMT müharibəyə daxil ola bilməz, ona görə ki, müharibə təşkilata üzv Ermənistanın ərazisində deyil, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərində gedirdi.

Təbii ki, erməni baş nazirin niyyəti gələcəkdə narazılıq yaratmaq və bu təşkilatı Ermənistan əhalisinin gözündən salmaq üçün düşünülmüş plan idi. Müharibə bitəndən sonra Paşinyan hökuməti KTMT-yə qarşı ritorikanı daha da sərtləşdirdi və həm Ermənistan rəsmilərinin tənqidləri çoxaldı, həm də erməni mediyası kütləvi şəkildə təşkilata qarşı qarayaxma kampaniyasına başladı. Bundan sonra KTMT-nin baş katibi Yuri Xaçaturov və ailə üzvlərinə qarşı təqib kampaniyası başladı. Baş katibin oğlu, Ermənistan ordusunun korpus komandiri Qriqor Xaçaturov Paşinyanın göstərişi ilə həbs edilmişdi. Ümumilikdə, Paşinyanın Xaçaturovla haqq-hesabı təkcə KTMT ilə bağlı deyil. Nikol hələ 2018-ci ildə yenidən hakimiyyətə gəldikdən dərhal sonra ölkənin İstintaq Komitəsi Yuri Xaçaturovu Ermənistan ordusunun baş qərargah rəisi olduğu dövlət hakimiyyətini zorla yıxmaqda ittiham edirdi. İlk zamanlar bu, kənardan daxili siyasi hesablaşma kimi görünsə də, sonradan KTMT-nin özünə qarşı da baş verən hücumlar göstərdi ki, məsələ heç də o qədər kiçik miqyaslı deyil. Ermənistan hələ müharibə getdiyi ərəfədə, 2020-ci ilin oktyabrında KTMT-nin Belarusda keçirilən "Sarsılmaz qardaşlıq" adlı təlimindən imtina etmişdi. Bundan sonrakı dövrdə də İrəvan bu təşkilatın nə hərbi təlimlərində, nə də iclaslarında iştirak etdi. Son nəticə olaraq isə Ermənistan KTMT üzvlüyünü dondurmaq qərarına gəldi".

Zeynal Əmrəliyevin fikrincə, Nikol Paşinyanın bu qərarı Qərbə bağlı olan qurumlara, Avropa İttifaqı və NATO-ya üzv olmaq üçündür:

"Ermənistanın təşkilatı tərk etməsi hüquqi olaraq mümkündür. Bunun üçün İrəvan KTMT baş katibliyinə müraciət edir və bütün fəaliyyətini dondurur. Təşkilata üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə isə məsələ həllini tapır. Hazırda Ermənistan təşkilatdakı fəaliyyətini dondurub. Ancaq Paşinyanı qorxudan Ermənistanda mövcud olan Rusiya hərbçiləridir. Həmçinin Ermənistanın baş naziri öz ordusuna güvənmir. Çünki erməni ordusunun zabit heyəti, əsas ali kateqoriyadan olanlar böyük ölçüdə Rusiyaya bağlı şəxslərdir. Paşinyanı qorxudan məqam hərbi çevriliş ehtimalıdır. Buna görə də Ermənistan ordusunu özünə uyğun dizayn etmək və rus hərbçilərini ölkədən çıxarmaq üçün fəaliyyət göstərir".

Politoloq qeyd edib ki, yaxın zamanda erməni hökumətinin Gümrüdəki Rusiyaya məxsus bazanın bağlanması tələbi ilə bağlı çıxışlar edəcəyi də gözləniləndir:

"Paşinyanın daha bir istəyi isə KTMT üzvlərinin Ermənistanı könüllü şəkildə öz aralarından uzaqlaşdırmasıdır. Buna görə də təşkilata üzv olan müxtəlif ölkələr, əsasən də Belarus prezidenti Aleksandr Lukaşenko ilə arasında süni nifaq yaratdı. Moskvanı açıq hədəf seçə bilməyən İrəvan onun ən yaxın müttəfiqi Minski özünə düşmən seçdi. Baş verənlər onu göstərir ki, Ermənistan Rusiyaya bağlı təşkilarda çox qalmayacaq. Ancaq Ermənistanın NATO-ya üzv qəbul ediləcəyi də ciddi sual altındadır. Uzun müddət Gürcüstanı və Ukraynanı öz qapısında gözlədən NATO-nun Ermənistanı özünə üzv etmək üçün Rusiya ilə münasibətləri korlayacağı inandırıcı deyil".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR