İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mən bu dilimə görə kənarda qalmışam, istəsəydim, bir milyon yığardım"

Bir neçə ay öncə Region Liqasına yeni komandanın qoşulacağı gözlənilirdi. Bu barədə təcrübəli mütəxəssis Nadir Qasımov açıqlama vermişdi.

O, bir zamanlar ölkə çempionatında yer alan, hazırda fəaliyyətini dayandırmış "Bakılı”nı yenidən həyata qaytarmaq istədiklərini, hətta akademiya formalaşdırmaq niyyətində olduqlarını demişdi.

Bəs məsələnin axırı necə oldu? Bununla bağlı durum nə yerdədir?

Mütəxəssis qaynarinfo-ya açıqlamasında bildirib ki, klubun fəaliyyətinin bərpası ilə müraciət etsələr də, bunun nəzərə alınmadığını deyib:

"Bakılı”nı qaytarmaq istəyirdik. Özü də təmənnasız. AFFA-dan heç nə ummurduq. Hövsanda 8 hektar yerimiz var idi. Böyük məktəb açmaq istəyirdik. AFFA-ya müraciət etdik, layihəni göstərdik. Başqa heç nə istəmirdik. Sadəcə, UEFA-ya müraciət yazılmalı idi. Məktəb açmaq üçün ləvazimatları özümüz alacaqdıq. "Bakılı”dan əlavə əyalət komandası kimi "Şuşa Qalası”nın da fəaliyyətini bərpa etmək fikrimiz var idi. Hazırda fəaliyyət göstərməsə də, bu klub mənim adımdadır və prezidentiyəm. AFFA-nın baş katibi Sərxan Hacıyevlə də danışmışdıq, kömək edəcəklərinə, o vaxt PFL-in prezidenti olan Ramin Musayev isə hətta klubu Premyer Liqaya da buraxacaqlarına söz vermişdi. Sonradan öyrəndik ki, qazilər "Şuşa” adlı komanda yaradıb və Region Liqasında çıxış edirlər. Bu səbəbdən onlara heç nə deməmək qərarına gəldim. Çünki hər şeyi qazanıblar və bu gün onların sayəsində ayaqdayıq.

Ancaq "Bakılı” üçün müraciət etmişdik. Tikəcəyimiz akademiyanın adını "Şuşa Qalası” qoymaq istəyirdik. "Bakılı”nın sabiq prezidenti Misir Əbilov heç nə istəmədiyini, özü kluba sponsorluq edəcəyini bildirmişdi. Sonuncu dəfə AFFA rəhbərliyi ilə danışanda demişdim ki, heç olmasa məni adıma layiq hansısa kluba göndərin. Çünki ailə vəziyyətim ağırdır, işləmirəm, təqaüdlə də yaşamaq olmur. Təkcə dərmanlarıma ayda 350 manat pul verirəm. Hansı ki, bu dərmanları ömrümün sonuna qədər içməliyəm. AFFA-dan isə cəmi 180 manat təqaüd verilir, bu mənim nəyimə çatır? Müraciət etmişdim ki, köməklik göstərsinlər. AFFA-nın ağır vaxtlarında həmişə irəlidə getmişəm. "2005-2015-ci illərdə futbolun inkişafı” layihəsi çərçivəsində rayonlara getdim, seminarlar keçdim. Bunların hamısını nəzərə almaq olardı. Ali savadım var, neçə illərin məşqçisiyəm. Savadıma görə Məşqçilər Komitəsinin üzvlərinin heç birindən geri qalmıram. Heç olmasa həyat tərzimin düzəlməsi, dərmanlarımı ala bilməyim üçün köməklik göstərmələrini xahiş etmişdim. Heç birinə baxmadılar. Sərxan vaxt istədi və məsələni həll edəcəyini dedi. Həmin vaxtdan bəri heç bir addım atılmayıb”.

Qasımov hələ də "Bakılı”nın və "Şuşa Qalası”nın bərpasına ümid bəsləyir:

"Region Liqasına bir neçə komanda qoşuldu. "Şuşa Qalası”ı da qoşmaqla nə itirəcəkdilər? Döymədiyim qapı qalmadı. Çox istəyirdim ki, Şuşanı təmsil edən komanda çempionatda olsun. Ancaq icazə vermədilər. Sualıma cavab versinlər. Nəyə görə "Şuşa Qalası” çempionatdan xaric olundu və yenidən qaytarılmadı? Məgər bütün əyalət komandalarının meydançası var? Hamısı gəlib Bakıda oynayır. 2015-ci ildə komanda formalaşmışdı. Həmin komandadan çıxanlar bu gün minifutbolda Avropa çempionu oldular. Çimərlik futbolunda özlərini yaxşı tərəfdən göstərdilər. Biz oyanmırdıq, iş görürdük. Futbolumuza uşaqlar bəxş etdik. Əməkdar məşqçiyəm, ən azı hansısa klubda çalışa bilərəm. Bu gün əyalət komandalarında işləyənlərin əksəriyyəti heç futbol oynamayıb. Bəzilərini tanıyırdım, gəlib mənim yanımda məşq keçməyi öyrənirdilər. İndi onlar məşqçidir, biz isə oturmuşuq evdə, gözləyirik ki, 180 manatımız nə vaxt veriləcək. Ədalət var? Bu gün Premyer Liqada olan uşaqların bir çoxu - Ayxan Abbasov, Elmar Baxşıyev, Azər Bağırov, Sənan Qurbanov və s. vaxtilə əlimin altında olub.

"Bakılı” məsələsi ilə bağlı bacardığımı etdim. Məktublar yazdıq, xahiş-minnət etdik, dəftərxana açdıq, stadionla müqavilə bağladıq. Hamısını sənədləşdirib, AFFA-ya verdik. Hamısı orada qalır. Sanki üstümüzdən xətt çəkdilər və lazım olmadığımızı dedilər. Məşqçilər Komitəsindəkilərin hər birinin müraciətimdən xəbəri var. Misir müəllimi də tanıyırlar. Nə Birinci, nə də İkinci Liqada komandalar formalaşanda mənə təklif oldu. "Şuşa Qala”sı üzərində əziyyətim çoxdur. Sanki Nadir Qasımov AFFA-nın düşmənidir. Onlara nə etmişəm ki? Fuad Musayevi çıxarmasaydıq, gedib orda oturan deyildiniz. Ümid edirik ki, fikirlərini dəyişərlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR