İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Çin bu dövlətdə toqquşa bilər?

Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyi və ya dondurulacağını hələ ki qeyri-müəyyən olaraq qalır. Bu arada Trampın xüsusi elçisi Stiven Uitkoff verdiyi açıqlamada Ukrayna məsələsində Kremlə torpaq güzəştini mümkün sayıb. O qeyd edib ki, Putinlə son görüşdə Ukraynada nizamlanma kontekstində “ərazilər məsələsini müzakirə edib və bu məsələ qismən həllini tapa bilər”. 

“The Wall Street Journal”ın yazdığına görə, Uitkoff Moskvanın nizamlanma çərçivəsində “bəzi bölgələrini” saxlaya biləcəyini bəyan edib. Ardınca iddia edib ki, rəsmi Kiyevi əhalisi əsasən rus dilində danışan regionlar bir elə maraqlandırmaya bilər. Halbuki Ukrayna tərəfi işğalla barışmayacağını dəfələrlə bəyan edib. Ümumiyyətlə, ərazi güzəşti məsələsi sırf referendum mövzusudur. Zelenski, Ali Rada konstitusiyanı dəyişə bilməz.  

Belə çıxır, harada kompakt şəkildə rusdilli icma var, Rusiyanın oranı özünə birləşdirmək haqqı var? Bu, “Rusiyanın sərhədləri ruslar yaşayan ərazilərdə bitir” deyən Kreml rəhbərinə yeni “kart-blanş” vermək deyilmi?

Məlumdur ki, Qazaxıstanın Rusiya ilə böyük sərhədi var və onun sərhədyanı (şimal) bölgəsində əsasən rusdilli əhali, ruslar yaşayır. Ancaq bu türk dövləti qonşu Çinlə də geniş sərhədə malikdir. İki ölkə arasında xüsusən də son on ildə kifayət qədər güclü iqtisadi bağlar yaranıb, ikitərəfli iqtisadi-ticari əməkdaşlıq dərinləşib. Pekin Qazaxıstana böyük sərmayələr yatırıb və dinamika artmaqdadır. İqtisadi bağlılıq isə siyasi bağlılığı müəyyən edən amildir. Sual yaranır: Pekin Moskvanın Qazaxıstana qarşı Ukrayna analogiyasına bənzər hərbi ekspansiyasına imkan verərmi?

Məsələ ondadır ki, Çin yarımtəcrid durumda olan və Qərbin ağır sanksiyalarından tezliklə qurtula bilməyəcək Rusiya üçün də mühüm və əvəzsiz tərəfdaşdır. Pekinlə münasibətləri pozmaq Moskvaya ucuz başa gəlməz. Elə ABŞ-ın çalışdığı da bu deyilmi? Yeri gəlmişkən, 2022-ci ildə Qazaxıstanda 230 nəfərin ölümü ilə nəticələnən yanvar iğtişaşları zamanı dəvət olunmuş KTMT (“Rus NATO-su”) hərbi kontingentinin ölkədə daimi qalmasına məhz Çinin əngəl olduğu bildirilir. 

Başqa yandan, Qazaxıstan tədricən müstəqil güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatının üzvüdür. Bu təşkilat çərçivəsində isə qarşılıqlı köməklə bağlı üzv ölkələrin müəyyən öhdəlikləri var. Yəni Astana ən azı BMT Nizamnaməsinin 51-i bəndinə əsasən müraciət edərsə, Türkiyə də ona köməyə gələ bilər. Bu isə artıq Moskvanın Ankara ilə münasibətlərinin də sınağa çəkilməsi demək olacaq.

Bütün hallarda Rusiya Ukraynadan sonra eyni ssenarini Qazaxıstanda təkrarlamağa cəhd edərmi?

Aydın Quliyev: Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb

 Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, bütün Mərkəzi Asiyada, Qazaxıstanda gedən proseslər, şübhəsiz, Rusiyanı çox da məmnun etmir. Çünki tarix boyu Mərkəzi Asiyaya və Qazaxıstana özünün təsir zonası kimi baxıb. Amma SSRİ dağılandan sonra tədricən bu bölgələrdə, o cümlədən də Qazaxıstanda istisadi, turistik, logistik, ticarət, hətta bəzi hallarda hərbi baxımdan Qərb ölkələrinin artıq bu bölgəyə nüfuz etməsinin şahidi oluruq. O cümlədən böyük iqtisadiyyata malik bir ölkə kimi Çinin Qazaxıstanın üzərində böyük təsirləri var. Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Çin Rusiyadan keçən və Avropaya gedən ticarət yolları məsələsində Qazaxıstanın da imkanlarından bəhrələnməyə başlayıb. Heç təsadüfi deyil ki, bu gün Çindən bəzi Mərkəzi Asiya dövlətlərinə, o cümlədən Qazaxıstana dəmiryol xətti çəkilib və fəaliyyət göstərir. Bunlar sözsüz ki, Qazaxıstanda Pekinin imkanlarını xeyli dərəcədə gücləndirir. İndiki şəraitdə Rusiyanın dünyada təkləndiyi bir məqamda Qazaxıstanda xarici ölkələrin güclənməsi Moskvanı qəti şəkildə məmnun eləmir. Amma Rusiyanın ayrı variantı da yoxdur. Qazaxıstan ağıllı siyasət aparır. Bu ölkədə hərbi, təhlükəsizlik, siyasi nöqteyi-nəzərdən Rusiyanın maraqları ilə daban-dabana zidd olan siyasət aparılmır. Qazaxıstanda çox böyük rus diasporu var, rus millətindən olan vətəndaşlara qarşı, rus dilinə qarşı Qazaxıstanda hər hansı aqressiv siyasət yoxdur. Belə şəraitdə Qazaxıstanın daxili işlərinə müdaxilə yolu ilə bu ölkənin inkişafına mane olmaq, onu güc yolu ilə ələ keçirmək kimi imkanlar da hazırda Rusiyanın əlində deyil. Ona görə də Qazaxıstanın apardığı bugünkü siyasət iqtisadi olaraq dünyanın bütün qütbləri ilə yaxınlaşmaq, həmçinin Çinlə, Avropa ilə əlaqələri dərinləşdirmək siyasətidir. Buna Rusiya razı olmasa da, hələ ki onun əleyhinə konkret sərt addımlar atmaq imkanında deyil. Ancaq nəzərə alsaq ki, Rusiya sağı-solu bəlli olmayan davranışları ilə fərqlənən dövlətdir, nə zamansa Qazaxıstana qarşı hərəkətə keçməsi də tam istisna edilməməlidir. İndiki halada müdaxilə edərsə, dünya sadəcə Rusiyaya gülər. Çin isə böyük əlaqələr qurduğu qonşusu Qazaxıstanın müdafiəsinə qalxar. Bu şübhəsizdir. Çin ilk növbədə öz maraqlarına görə Qazaxıstan məsələsində Rusiyanın qarşısına çıxmaqdan çəkinməz. Lakin bir daha vurğulayıram ki, indiki vəziyyətdə Rusiyanın Qazaxıstana Ukraynaya etdiyi kimi hərbi hücum etməsi ehtimalı yoxdur. Qazaxıstanın özü də buna bəhanə vermir. Çin kimi böyük iqtisadiyyatı olan ölkə ilə ciddi əlaqələrin qurulması Qazaxıstan üçün həm də müdafiə, immunitet deməkdir. Ona görə də hələlik Rusiyanın Qazaxıstana hərbi təcavüz etmək ehtimalı yoxdur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR