Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın Oş şəhərindəki “Rus evi”ndə işləyən Nataliya Sekerina respublikanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Xarici medianın xəbərinə görə, bu barədə Bişkekin Pervomayski rayon məhkəməsi məlumat yayıb.
“Bişkek şəhərinin Pervomayski rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təmin edilib”, - deyə məhkəmənin mətbuat xidməti bildirib.
Məlumatlarda o da xüsusi olaraq qeyd edilir ki, Nataliya Sekerina Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün muzdlu əsgərlər toplamaqda şübhəli bilinərək həbs edilib. Rusiya mətbuatı xəbər verir ki, onun barəsində iyunun 17-dək həbs-qətimkan tədbiri seçilib. Sekerinanı 7 ildən 15 ilədək həbs cəzası gözləyir.
Bildirilib ki, bu işdə Nataliya Sekerina ilə yanaşı, daha 4 nəfər saxlanılıb. Həbs edilən ikinci şəxs Oş meriyasının mətbuat xidmətinin əməkdaşı Sergey Lapuşkindir. O, Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsi və 416-cı maddəsinin 1-ci hissəsi (“Başqa dövlətlərin silahlı münaqişələrində istifadə məqsədilə muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, hazırlanmasının təşkili”) ilə ittiham olunur.
Sekerinanın Facebook səhifəsində Lapuşkinin iştirak etdiyi Oşdakı “Rus evi”ndə keçirilən tədbirlərdən materiallar və videolar yerləşdirilib.
Bu iş üzrə saxlanılan digər iki nəfərin kimliyi hələlik məlum deyil.
Xatırladaq ki, fevral ayında Bakıda “Rus evi”nin fəaliyyətinə xitam verilib. Hazırda “Rus evi”nin öz fəaliyyətini bərpa etmək istəməsi barədə məlumatlar yayılsa da, hələlik bu, mümkün olmayıb.
İlyas Hüseynov
Siyasi analitik İlyas Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Rusiya dünyanın müxtəlif bölgələrində "yumşaq güc"ün tətbiqi, həm də müxtəlif informasiya resurslarının fəaliyyəti ilə öz mövqeyini, gücünü formalaşdırır. Lakin müstəqil dövlətlər, heç bir güc mərkəzinin hegemonluğunu, dominantlığını qəbul etməyən ölkələr bu təsiri azaltmağa çalışırlar. Buna Azərbaycan bir nümunə ola bilər. Çünki “Rus evi”nin bağlanması kifayət qədər cəsarətli bir addım idi. “Rus evi” adı altında fəaliyyət göstərən qurum tamamilə başqa fəaliyyətləri də icra edirdi. Geniş ictimaiyyətə məlumat verilməsə də, söhbətin nədən getdiyi bir çoxlarına məlumdur. Qardaş Qırğızıstanın Oş şəhərində də “Rus evi”ndə işləyən bir şəxsin saxlanılması bir çox məsələləri ortaya çıxarır. Biz Qırğızıstanda gedən prosesləri yaxından izləyəcəyik. Bu hadisə hazırkı dönəmdə təsadüfi deyil. Qırğızıstan da ola bilsin, “Rus evi” ilə bağlı qərar verə bilər. Ən azı istintaqın gedişi və bütün məsələlərin araşdırılması zamanı müxtəlif addımlar atıla bilər. Azərbaycanda da “Rus evi”nin fəaliyyətinin bərpası ilə bağlı Rusiya tərəfdən çağırışları, üstüörtülü ismarışları görməkdəyik. Lakin burada Azərbaycanın verəcəyi qərar çox önəmlidir. Çünki “Rus evi” adı altında fəaliyyət göstərən qurumların fəaliyyəti şəffaf, Azərbaycanın qanunvericiliyi çərçivəsində olacaqsa, buna müsbət qərar verilə bilər. Əks təqdirdə, Azərbaycan qanunlarından kənar istənilən fəaliyyət qəbuledilməzdir. Burada “yumşaq güc” dövlətinin təsirinin başqa bir formada icrası, müxtəlif təxribat xarakterli təbliğatların həyata keçirilməsi qanunla qadağan edilirsə, bütün məsələlər qanunvericilik müstəvisində həllini tapmalıdır".
Məlumat üçün deyək ki, “Rus evi” ("Rossotrudniçestvo") Rusiyanın xaricdəki mədəniyyət və informasiya mərkəzlərini təmsil edən qurumdur. Bu mərkəzlər Rusiya Federasiyasının yumşaq güc siyasətinin bir hissəsi kimi çıxış edir və müxtəlif ölkələrdə rus dilinin, mədəniyyətinin və təhsilinin təbliğinə yönəlib. Lakin son illərdə, xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra bu qurumun fəaliyyəti bir sıra ölkələrdə ciddi suallar doğurub və nəticədə bəzi ölkələrdə fəaliyyətinə son qoyulub. Əvvəlki dövrlərdə “Rus evi” bir sıra Avropa ölkələrində də fəaliyyətini dayandırmalı olub. Bu sırada, Sloveniya, Slovakiya, Xorvatiya, Şimali Makedoniya, Monteneqro, Rumıniyanın adını çəkmək olar. Bu əsasən Rusiya ilə bu ölkələr arasında diplomatik münasibətlərin pisləşməsi, rus diplomatlarının ölkədən çıxarılması və “Rossotrudniçestvo”nun fəaliyyətinin qeyri-müəyyən xarakter daşıması ilə əlaqələndirilirdi. Bundan əlavə, Birləşmiş Krallıqda "Rossotrudniçestvo" əməkdaşına viza verilmədiyi üçün Londondakı nümayəndəlik fəaliyyətsiz qalıb, Polşada isə əməkdaşların sayı əhəmiyyətli dərəcədə azaldılıb.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ