Onlayn ictimai-siyasi qəzet
Türkiyə tarix yazmağa davam edir; polkovnik: “Vətən müharibəsində TB2 pilotsuz uçuş aparatları sınaqdan uğurla keçdi”
“Bayraktar” TB2 pilotsuz təyyarəsi (PUA) nəhayət ki, yerli mühərriklə təchiz edilməyə başlayıb. Bunu “Baykar”ın baş direktoru Haluk Bayraktar deyib.
““Bayraktar” TB2 dünyada öz sinfində ən çox sifariş edilən və kütləvi istehsal edilən taktiki PUA-dır. Təyyarə korpusundan tutmuş avionikaya, uçuşu idarə edən kompüterə və bütün proqram təminatına qədər tamamilə öz şirkətimizdə hazırlanıb. Buna qədər pistonlu daxili yanma mühərrikindən istifadə edilib. O zaman tənqidçilər mühərrikin yerli olmadığına diqqət yetirmişdilər. O dövrdə yerli mühərrikin yaradılması iqtisadi cəhətdən mümkün deyildi. Bununla belə, TB2-nin qlobal uğuru vəziyyəti dəyişdi - o, nəinki ən çox istehsal edilən, həm də öz sinfində ən çox ixrac edilən və döyüş sınaqlarından keçmiş platforma oldu. Artan tələb və təchizat zəncirimizin təhlükəsizliyini təmin etmək üçün biz yüksək performanslı yerli mühərrikin yaradılması üzərində işə başladıq. İndi o, öz sinfinin ən qabaqcıl mühərrikidir və artıq ilk uçuş sınaqlarından keçib", - Bayraktar qeyd edib.
Hərbi ekspertlər bu yeniliyi yüksək dəyərləndirir və bunu Azərbaycan hərbi parkı üçün də çox önəmli hesab edirlər.
Emin Həsənli
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi icmalçı Emin Həsənli “Yeni Müsavat”a açıqlamasında bunun çox böyük bir hadisə olduğunu söylədi: “Türkiyə son illərdə hərbi sənayedə çox böyük uğurlar əldə edib. Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələn ərəfədə yerli istehsal əgər 20 faiz idisə, indi bu rəqəm 80 faizin üzərindədir. "Bayraktar" dünyanın ən nüfuzlu şirkətlərindən birinə çevrilib. Silah ixracında çox böyük uğurlar əldə olunub. Azərbaycanla da birgə istehsal nəzərdə tutulur. Türkiyənin uğuru Azərbaycanın, bizim də uğurumuz Türkiyənin uğurudur. Eyni zamanda burada bir neçə faktı da qeyd etmək olar. Türkiyə son dövrlərdə həm helikopterlərin, həm tankların, həm də gəmilərin istehsalında çox irəli gedib. Əvvəllər onların mühərrikləri daim tənqid olunurdu ki, bu mühərriklər xarici ölkələrdən alınır. Narahatçılıq var idi ki, səhəri gün o mühərriklər verilməyə bilər və nəticədə həmin ölkələrlə problemlər yaranar. Ümumilikdə, bunu milli istehsal hesab etmirdilər. Amma “Bayraktar”ın bu uğuru onu deməyə əsas verir ki, gələcəkdə helikopterlərin, tankların, gəmilərin və digər istehsal edilən avadanlıqların mühərrikləri məhz Türkiyədə istehsal ediləcək. Bu da onu deməyə əsas verir ki, asılılıq tamamilə azalacaq və çox cüzi bir faizə düşəcək. Hər bir dövlətin silahlı qüvvələri onun müstəqilliyi üçün çox önəmlidir. Silahlı qüvvələri özünün silah-sursatla təmin etməsi həddindən artıq çox önəmlidir. Çünki asılılıq olmur və öz daxili imkanların hesabına bunu həyata keçirirsən. Ukrayna-Rusiya müharibəsi də bunu bir daha göstərdi. Ukraynanın necə Qərbdən asılı vəziyyətdə qaldığını hər birimiz görürük. Özü də istehsala başlayıb. Bu da bir daha onu göstərir ki, hər bir ölkə istehsalda öndə olmağa çalışmalı, öz ordusunu silah-sursatla təmin etməli, beynəlxalq aləmdən asılılığı olmamalıdır".
Rövşən Məhərrəmo
Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov TB2-lərin özünü II Qarabağ savaşında tam şəkildə sübut etdiyini qeyd etdi: “Bildiyiniz kimi, TB2 pilotsuz uçuş aparatlarını hazırda Türkiyənin özü istehsal edir. Çox uğurlu uçuş aparatlarıdır. Biz onun uğurlarını 44 günlük müharibədə gördük. Azərbaycan Silahlı Qüvvələri həmin aparatlardan uğurla istifadə etdi. Buna baxmayaraq ki, məlumdur ki, TB2 pilotsuz uçuş aparatlarının bəzi cihazları, həmçinin mühərrikləri bir sıra ölkələrdən alınırdı. Müharibə dövründə bu silahları Türkiyə Azərbaycana verdiyinə görə Kanada Türkiyənin istehsal etdiyi TB2-lərə cihazların və mühərriklərin verilməsindən qəti imtina etdi. Hazırda isə fərqli durumdur. Çünki Türkiyə bunu artıq özü istehsal edir. Heç kəsdən asılı vəziyyətdə deyil. Bu, Türkiyənin ən böyük uğurlarından biridir. Pilotsuz uçuş aparatlarında ən vacib rol oynayan onun mühərrikidir, onun istehsalıdır. İndi Türkiyə əgər buna nail olubsa, böyük uğur saymaq olar. Gələcəkdə TB2-ləri daha da müasirləşdirmək, təkmilləşdirmək üçün əldə olunan bu nəticə çox önəmlidir. Günü-gündən Türkiyənin hərbi sənayesi inkişaf edir. Təkcə pilotsuz uçuş aparatları deyil, lazerli bombalar, raketlər istehsal edirlər. Dünyanın müxtəlif dövlətləri ilə müqavilələri var. Pilotsuz uçuş aparatlarının satışı çox uğurla həyata keçirilir. Güman edirəm ki, Türkiyə bu istiqamətdə TB2-lərin satışından da böyük qazanclar əldə edir. Gələcəkdə də bu istiqamətdə atılacaq addımlar çox böyük olacaq və daha da genişlənəcək. Bu bizim hərbi parkımız üçün də böyük əhəmiyyət kəsb edir. Çünki bilirsiniz ki, biz müasir silahları Türkiyə və digər dövlətlərdən alırıq. Qardaş ölkənin uğurunu öz uğurumuz sayırıq. Buna ancaq sevinmək lazımdır. Sonda bir daha təkrarlayım ki, 44 günlük Vətən müharibəmizdə TB2 pilotsuz uçuş aparatları sınaqdan uğurla keçdi”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ