Onlayn ictimai-siyasi qəzet
ABŞ-də təhsil alan azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” günü münasibəti ilə film nümayiş etdirilməsinin qarşısını alıblar.
Musavat.com xəbər verir ku, bununla bağlı həmin tələbələrdən biri olan Ceyhun Xəlilov sosial media hesabında yazıb:
"Aprelin 24-də "Berkeley Law School"da qondarma soyqırımın anım günündə Vətən Müharibəsi ilə bağlı filmin nümayiş etdirilməsi nəzərdə tutulurdu. Bunu görən kimi bazar ertəsi digər magistr tələbələri İngilab Hüseynzadə və Murad Qurbanovla birlikdə “LLM Advising office”ə yollandıq. Münaqişənin tarixi, 1905-ci ildən bəri Azərbaycan xalqının məruz qaldığı sistematik qırğınlar, BMT TŞ-nin 4 qətnaməsi, Xocalı Soyqırımı və ən əsası hazırda davam edən sülh danışıqlarından söz açdıq. Bu tədbirin Azərbaycanı birbaşa soyqırımda günahlandırdığını diqqətlərinə çatdırdıq. Əlavə olaraq tədbirin təsviri hissəsində "arts**h" sözünün işlədilməsinin bizim ərazi suverenliyimizə birbaşa zidd olduğunu bildirdik.
Növbəti gün “Advising Office”in rəhbəri hər üçümüzü şəxsən qəbul edərək uzun müzakirə apardı. Qeyd etdi ki, hətta tədbir kifayət qədər "offensive" də olsa, insanların sağlamığı üçün ciddi təhdidlər də olsa, bütün deyilənlər yalan da olsa, ABŞ Konstitusiyasının 1-ci əlavəsinə əsasən heç kimin tədbiri ləğv etmək hüququ yoxdur. Bu halda biz də Azərbaycana qarşı baş verən qırğınlar, habelə Vətən Müharibəsi dövründə Gəncə və Bərdəyə olan hücumlarla bağlı stend açmaq istədiyimizi dedik.
Daha sonra tədbirin təşkilatçısı olan İnsan Hüquqları Mərkəzinin direktor müavini ilə bu məsələni müzakirə etdik. Bütün narazılıqlarımızı və etirazlarımızı bildirdik. Qeyd etdik ki, “Law School”da dərs deyən Beynəlxalq Ədalət Məhkəməsinin köhnə sədri , hakim Joan Donoghue belə qeyd edir ki, münaqişə artıq bitib. Və bu tədbirin keçirilməsi yalnız provokativ xarakter daşıyır. Sülh danışıqlarına xələl gətirir.
Nəticədə əvvəlcə qondarma qurumun tarixin ən qaranlıq nöqtəsinə göndərilmiş adı silindi. Direktor müavini isə bildirdi ki, tədbir başlamazdan əvvəl özü şəxsən imtina edərək bu tədbirin qondarma hadisələrin anım gününə heç bir aidiyyəti olmadığını bildirəcək. Və bu gün, artıq tədbir ləğv edildi.
Düşünürəm ki, Dövlət Proqramının qalibi kimi bu bizim borcumuz idi. Və borcumuzu yerinə yetirdik. Növbəti illərdə ölkəmizə qarşı olan haqsızlıqlara qarşı yenə eyni qətiyyətlə mübarizə aparılmasını arzu edirəm”.
Şahanə Rəhimli
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ