Onlayn ictimai-siyasi qəzet
Psixoloq və pedaqoqlar gənclərdə vətənpərvərlik ruhunu gücləndirməyin yollarından danışdılar
Paytaxtdakı İ.Əfəndiyev adına Elitar gimnaziyanın Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığı çərçivəsində məktəblilər işğaldan azad edilən Qarabağın bərpasına dəstək göstərirlər. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, gimnaziya şagirdləri əl işlərinin satışından əldə etdikləri gəlirləri Qarabağ Dirçəliş Fonduna ianə edərək Qarabağda aparılan bərpa və quruculuq işlərinə öz dəstəklərini nümayiş etdirirlər. Gimnaziyada keçirilən “Qarabağı birlikdə daha gözəl bərpa edək” adlı sərginin də əsas məqsədi şagirdlərə öz istedadlarını nümayiş etdirmək imkanı yaratmaqla yanaşı, həm də Qarabağla bağlı məlumatlarının artırılmasına, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsinə və ianə mədəniyyətinin təşviq olunmasına xidmət etməkdən ibarətdir. Sərgidə nümayiş olunan əl işlərinin satışından əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edilib.
Bu nəcib təşəbbüsü dəyərləndirən Qarabağ Dirçəliş Fondunun rəhbərliyi tərəfindən məktəb təltif edilib və fondun “İanə sertifikatı” gimnaziyaya təqdim olunub.
Azərbaycan gəncinin nəyə qadir olduğunu sübut etdilər
Əslində 2-ci Qarabağ savaşından sonra yetişən gənc nəsil, eləcə də məktəblilər, tələbələr arasında vətənpərvərlik ruhunun inkişaf etdirilməsi üçün kifayət qədər işlər görülüb. Məktəblərdə keçirilən yarışmalar, inşa müsabiqələrinin keçirilməsi, eyni zamanda müharibə qəhrəmanları ilə bağlı yaradılan guşələr, onların şagirdlərə tanıdılması istiqamətində irəliləyişlər var. Heç kəsə sirr deyil ki, 2020-ci ilə qədərki dövrlə ondan sonrakı dövr arasında şagirdlər içində bu hisslərin yayılmasında fərqlər var. Əslində isə elə həmin il yay aylarında hərbi çağırış olmadan yüzlərlə gəncin hərbi komandanlıqlara müraciət etməsi, döyüşə qatılmaq üçün könüllü silaha sarılması bunun nümunəsidir.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov mətbuata açıqlamasında bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncləri böyük şücaət göstəriblər: “Qazandığımız Zəfər Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq salnaməsidir. Hər bir döyüşçü, o cümlədən gənclər, öz həyatını Vətən yolunda fəda edən şəhidlərimiz və qəhrəman qazilərimiz tarix yazdılar”.
O qeyd edib ki, müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak edib. “Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, Qələbəmiz dillərdə dastana döndü. Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi. Biz şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla anırıq”, - deyə Vətən Müharibəsi Qəhrəmanı vurğulayıb.
Gənclərə pessimist yanaşanlar 2-ci Qarabağ savaşında yanıldığını gördü
Psixoloq Könül Əlimərdanova deyir ki, Azərbaycanda gənclikdən zaman-zaman şikayət edən yaşlı nəslin nümayəndələri çox vaxt yanılırlar. 2020-ci ilə qədər yolda gördükləri gəncləri ya geyiminə, ya davranışına, ya da işsizliyinə görə qınayan yaşlılar onlar barədə “Qarabağı bunlarla geri ala bilməyəcəyik” kimi pessimist fikrə qapılırdılar: “Amma Qarabağ savaşı göstərdi ki, gənclərimiz bu yaşlarına qədər həm aldıqları təhsil, həm ailələrində gördükləri tərbiyə əsasında vətənpərvər ruhda böyüyüblər. Belə hisslər isə hər gün, gündəlik həyatda özünü göstərmir. Qərarvermə anında, ya da cəsarət göstərmək lazım gələndə o, bir insanın içində oyanır, büruzə verir. Ona görə də indiki uşaqlarda da eyni proseslərin getdiyini demək olar”.
K.Əlimərdanovanın sözlərinə görə, Birinci Qarabağ savaşından sonra çəkilən filmlər, yazılan bədii əsərlər kifayət qədər olmasa da, uşaqlar yaşlı nəsildən eşitdikləri, erməni vəhşiliyini gözü ilə görmüş canlı şahidlərin danışdıqlarından çox şey öyrəniblər: “Azərbaycan ailəsində doğulan hər bir uşaq - hansı bölgədən olmasından asılı olmayaraq - Qarabağın düşmən tapdağı altında olduğunu bilərək böyüyüb. Ona görə də 44 günlük savaşda uşaqdan gəncə qədər hər kəsin diqqəti savaş meydanında idi. Çünki uşaqlıqdan onların beyninə vətən sevgisi, düşmən işğalı ilə bağlı fikirlər hopmuşdu”.
Müəllimlərin, məktəblərin üzərinə böyük yük düşür, Aama telekanallar...
27 illik müəllimə təcrübəsi olan Səriyyə Xanlarova isə deyir ki, uşaqlarla işləyən hər bir pedaqoq milli özünüdərkin şagird, gənc psixologiyasından başladığını bilməlidir: “Burada ən böyük yük müəllimlərin üzərinə düşür. Keçdiyi fəndən asılı olmayaraq hər bir müəllim öz şagirdlərinə bu hissi aşılamalıdır. Məktəblərin müharibə qəhrəmanları ilə bağlı, şəhidlərimizlə bağlı stendləri, guşələri olmalıdır. Məktəblərə şəhidlərimizin adı verilməlidir. Bütün dərsliklərimizdə rayonlarımızın işğaldan azad edildiyi tarixlər qeyd edilməlidir. Artıq işğal tarixlərini yox, qələbə tarixlərini əzbərləməli olduğumuz dövrdəyik”.
S.Xanlarova hesab edir ki, indi gənclərin, yeniyetmələrin özündə bu hissi inkişaf etdirməsi üçün köməkçi vasitələr də çoxdur. İnternet, oradakı döyüş kadrları, çəkilən sənədli filmlər, kanallarda yayımlanan verilişlər onlar üçün bazadır: “Xüsusən hər bir oğlan uşağının içərisində bir döyüşçü olmaq arzusu yatır. Bizim qəhrəman döyüşçülərimiz, qazilərimiz, şəhidlərimiz isə onlar üçün nümunə sayılır. Amma mən arzu edərdim ki, telekanallarımız da bu sahədə bizə yardım etsinlər. Hərbi vətənpərvərlik mövzusunda verilişlər, sənədli filmlər çox yayımlansın. Bizim də əlimizdə əyani vəsait olsun ki, zaman-zaman bu mövzuda müzakirələr, dərslər keçirə bilək. Şouya, bayağı musiqilərə, intriqa verilişlərinə önəm verməkdənsə, reytinqi az, millət üçün əhəmiyyəti böyük olan bu cür verilişlərə əhəmiyyət versinlər. Əks halda, sonra gəncliyimizdən küsməkdən başqa əlimizdən heç nə gəlməyəcək”.
Yazını hazırladı: Sevinc TELMANQIZI
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ