Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, aprelin 23-də Azərbaycan ilə Çin arasında münasibətlərin strateji xarakterini rəsmiləşdirən mühüm sənədlər imzalanıb. Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə keçirilən mərasimdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat qəbul edilib.
İmzalanan sənədlər arasında media sahəsində əməkdaşlığa dair iki mühüm razılaşma da yer alıb:
- “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər mübadiləsi və əməkdaşlıq haqqında müqavilə”
-"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə Çin Media Qrupu arasında Əməkdaşlıq Sazişi”
Bu razılaşmalar Azərbaycan mediasının beynəlxalq informasiya mühitində daha fəal təmsil olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Lakin həmin tarixi gündə imzalanan sənədlər içərisində bir sənəd də var ki, siyasi və diplomatik dəyəri ilə yanaşı, emosional və milli hissləri də oxşayıb. Söhbət Azərbaycanın Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubundan gedir.
Bu sənədi Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Urumçi şəhərinin meri Yakub Paydulla imzalayıblar. Məxsusi qeyd etmək lazımdır ki, Sincan-Uyğur Muxtar Rayonu və onun mərkəzi Urumçi şəhəri Türk dünyasının mühüm mədəniyyət və kimlik mərkəzlərindən biridir.
Mətbuat Şurasının sədri Rəşad Məcid bu hadisəni öz sosial şəbəkə hesabında belə dəyərləndirib:
“Kim düşünə bilərdi ki, belə yüksək səviyyəli mərasimdə Sincan-Uyğur Muxtar rayonunun və Urumçi şəhəri merinin adı da yer alacaq?”
O, bu niyyət sənədini Azərbaycanın Türk dünyası ilə bağlı strateji yanaşmasının tərkib hissəsi kimi qiymətləndirib:
“Əminəm ki, bu, sadəcə bir ‘Niyyət Məktubu’ deyil. ‘Bizim ailəmiz Türk dünyasıdır’ deyən Azərbaycan Prezidentinin əzminin, israrının, soyuqqanlı, təmkinli, uzaqgörən siyasi xəttinin bəhrəsidir. Belə bir tarixi gündə və mühüm sənədlərin içərisində bu ‘Niyyət Məktubu’nun yer almasının həm dərin mənası, həm də emosional çəkisi var.”
Rəşad Məcid həmin anların doğurduğu hissləri isə bu sözlərlə yekunlaşdırıb:
“Heyranlıq və qürur doğurur. Növbəti dəfə bu duyğuları yaratdığına və yaşatdığına görə cənab Prezidentə sonsuz minnətdarlıq və təşəkkürümüzü çatdırırıq.”
Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bu mərasimdə Sincan-Uyğur regionunun gündəmə gəlməsi və bu fonda Naxçıvan–Urumçi əlaqələrinin qurulması, rəsmi Bakının Türk dünyasına bağlı və uzaqgörən diplomatik xəttinin təzahürü kimi qiymətləndirilir.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ