Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağda ləğv edilmiş separatçı rejimə məxsus saytların da fəaliyyəti dayandırılıb. Bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, separatçıların “parlament”, “hökumət”, “xarici işlər nazirliyi” və “artsax müdafiə nazirliyi”nin səhifələri aktiv deyil və onlar Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən bağlanıb.
“Ermənistan hökumətinin qərarına uyğun olaraq, Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanın dövlət orqanlarının rəsmi saytlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq işlər həyata keçirir”, - deyə MTX açıqlayıb.
Az əvvəl isə baş nazir Paşinyan anons etmişdi ki, İrəvanda Qarabağ hərəkatının davamına imkan verməyəcək.
MTX-nin bu addımından sonra növbəti qərar nə ola bilər? Şahramanyan və başının dəstəsinin tez-tez keçirdiyi yığıncaqlara da embarqo qoyula, onların İrəvandakı ofisi bağlana bilərmi?
Qarabağda “kitabı” bağlanan separatçıların İrəvandakı tör-töküntülərinin dövranı bitirmi?
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda separatçı rejimin qalıqları ilə əlaqədar həyata keçirilən fəaliyyətin nəticələrinə elə də nikbin baxmaq özümü aldatmaq olardı. Çünki qondarma rejimlə bağlı həyata keçirilən fəaliyyət daha çox imitasiya təsiri bağışlayır: “Separatçıların "parlament", “hökumət”, “xarici işlər nazirliyi” və “artsax müdafiə nazirliyi”nin səhifələrinin Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən bağlanmasının ardınca MTX-nin bu addımın Ermənistanın dövlət orqanlarının rəsmi saytlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq işlərin həyata keçirilməsi çərçivəsində atıldığını bəyan etməsi də başadüşülən deyil. Qondarma rejimin qondarma adlarla olan saytlarının Ermənistanın dövlət orqanlarının rəsmi saytlarına nə aidiyyatı var? Bu, ikibaşlı bəyanatdır. Belə çıxır ki, Ermənistan MTX adıçəkilən saytları da dövlət saytları kateqoriyasına aid edir. Nikol Paşinyanın İrəvanda Qarabağ hərəkatının davamına imkan verilməyəcəyi bəyanatı da səmimi bəyanat deyil. Əgər Ermənistan hakimiyyəti bu məsələdə səmimi olsaydı, o zaman 2023-cü ilin sentyabr ayında özünü buraxdığını elan edən bir qurumun fəaliyyətini hər hansı formada davam etdirməsinə imkan verməzdi, Şahramanyanı susdurardı. Amma biz görürük ki, Ermənistan hakimiyyəti davamlı olaraq Fransadan və eləcə də digər ölkələrdən olan ayrı-ayrı deputatların qondarma rejim təmsilçiləri ilə, Samvel Şahramanyanla görüşünə şərait yaradır. Elə bir neçə gün əvvəl Samvel Şahramanyanla Fransadan olan deputat Nikola Metsdorfubun görüşü bunə əyani sübutdur".
Politoloq qeyd etdi ki, Samvel Şahramanyan və ümumiyyətlə, qondarma rejimin təmsilçilərinin birbaşa Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan tərəfindən “kurasiya” olunduğu, onun tapşırıqlarına uyğun hərəkət etdikləri hər kəsə məlumdur: “Bütün bunlar onu sübut edir ki, Ermənistanda separatçıların arxasında elə Paşinyan hakimiyyəti özü dayanır. Çünki bu qondarma qurumların fəalyyəti hər il dünyanın çeşidli yerlərindən maliyyə yardımlara almağa imkan verir. Odur ki, indi hansısa saytların bağlanması gözə kül üfürməkdən başqa bir şey deyil”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ