Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Ali təhsil müəssisələrinə qəbulun əlçatanlığı demək olar ki, tam şəkildə təmin olunub”
Ali məktəblərə qəbul üçün ixtisas seçimi başa çatıb və hazırda abituriyentlər nəticələrin açıqlanmasını gözləyir.
Ekspertlər bildirir ki, bu il 14 mindən çox abituriyent tələbə ola bilməyəcək.
İxtisas qrupları üzrə vəziyyət:
Bu il ali məktəblərə 55900 plan yeri üzrə 70299 abituriyent ixtisas seçimi edib.
Təhsil eksperti Kamran Əsədov ixtisas qrupları üzrə ixtisas seçimi edən abituriyentlərin plan yerləri ilə müqayisəsini aparıb. Ekspert qruplar üzrə ali məktəblərə daxil ola bilməyəcək tələbələrin sayını müəyyənləşdirib:
- 1-ci qrup üzrə plan yeri 18386 ixtisas seçimi edənlərin sayı 21750 nəfərdir, bu qrup üzrə 3364 nəfər kəsiləcək;
2-ci qrup üzrə plan yeri 13285 ixtisas seçimi edənlərin sayı 16322 nəfər təşkil edir, 3037 nəfər tələbə adını qazana bilməyəcək;
- 3-cü qrupa gəldikdə, burada plan yeri 16067, ixtisas seçimi edənlərin sayı isə 19772 nəfərdir. Bu qrupda 3705 nəfər abituriyent kənarda qalacaq;
Ən az abituriyentin üz tutduğu 4-cü qrup üzrə plan yeri isə 4100, ixtisas seçimi edənlərin sayı 5774 nəfər təşkil edir. Bu qrupda da 1674 nəfər kəsiləcək.
Kamran Əsədov
“Yeni Müsavat”a geniş açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, builki qəbul imtahanları fərqli formatda keçirildi. O bildirdi ki, dəyişiklik I qrupda daha çox nəzərə çarpdı: “Sualların modelində edilən dəyişiklik, ümumi struktur dəyişiklikləri ixtisas seçiminə bilavasitə təsir göstərdi. Biz ixtisas qrupları üzrə nəticələrə baxanda görürük ki, ən yaxşı nəticə 1-ci qrup üzrə qeydə alınıb, belə ki, plan yeri 18386-dır. Bu isə keçən illə müqayisədə 2 mindən çox artım deməkdir. Ayrılan plan yerlərindən 13346-sı dövlət sifarişlidir, bu isə kifayət qədər ciddi rəqəmdir. Bu il I ixtisas qrupu üzrə riyaziyyat-informatika altqrupunda bir qədər gərgin vəziyyət yaranmışdı çünki dövlət sifarişli yerlərin sayı həddən artıq çox idi. II qrupunda isə 13285 plan yerindən 4325-i pulsuz ixtisaslardır. Azərbaycan bölməsi üzrə 10190 nəfər, rus bölməsi üzrə 555 yer ayrılıb. Müsabiqə yerlərinin sayı 2540-dır. 200-dən çox balların formalaşdığı yerlərdə bəzi ixtisas yerlərinin boş qalma ehtimalı var. III ixtisas qrupu üzrə plan yerlərindəki dəyişiklik abituriyentlər üçün çətinlik yarada biləcək. Ümumilikdə, bu qrup üzrə 16067 nəfər qəbul olacaq, onların 4265-i pulsuz oxuyacaq. Bu il tarix-coğrafiya altqrupunda beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə ödənişsiz əsaslarla oxuyanların sayında keçən illə müqayisədə azalma olacaq. Dil-tarix altqrupu 14292 nəfər tələbə olacaq. Bu çox yaxşı nəticədir. IV ixtisas qrupu üzrə hər zaman gərginlik olub. Bu il plan yerlərində ciddi artım olub. Keçən il bu rəqəm 485 idisə, bu il 520-yə qədər artdı. Ödənişsiz plan yerlərinin sayında da artım oldu. Tibb sahəsi üzrə tələbələrin 90 faizi pulsuz təhsil alacaq. IV ixtisas qrupu üzrə 3045 nəfər pulsuz təhsil alacaq. Ən az tələbə qəbulu bu qrup üzrə olacaq. V qrup üzrə yeni ixtisaslar var. Qabiliyyət imtahanlarının şəffaf keçirilməsi daha bacarıqlı gənclərin qəbul olmasına gətirib çıxaracaq. Ümumiyyətlə, ali təhsil müəssisələrinə qəbulun əlçatanlığı demək olar ki, tam şəkildə təmin olunub”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat"
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ