Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşı qütblərə ayrılmış dünya məkanında geopolitik qarşıdurmanı kəskinləşdirməkdə davam edir. Belə ki, son vaxtlar bu savaşla bağlı mövqe ziddiyyətləri kəskin mübahisələrə yol açmağa başlayıb. Üstəlik, indi Ukrayna savaşı yalnız qlobal Qərblə qlobal Şərq arasında hərbi-siyasi toqquşmanın təzahür faktoru statusunu da dəyişmək üzrədir. Və bu müharibə hazırda daha fərqli qarşıdurma düşərgələrinin yaranmasına stimul verməkdədir.
Məsələ ondadır ki, son vaxtlar Ukrayna savaşında sponsorluq funksiyasını yerinə yetirən kollektiv Qərbin daxilində olduqca ciddi siyasi-ideoloji çatlar əmələ gəlməyə başlayıb. Hətta hesab etmək olar ki, kollektiv Qərb anlayışı Ukrayna savaşının başlanğıcında olan məzmun və keyfiyyətini artıq böyük ölçüdə itirib. Hər halda, Qərb siyasi dairələrində savaşa qarşı etirazlar, müharibənin uzanmasından narazılıqlar daha yüksək səslə gündəmə gətirilir. Və beynəlxalq "savaş partiyası"na qarşı müqavimət düşərgəsinin belə, formalaşmaqda olduğu müşahidə edilir.
Onu da qeyd etmək lazımdır ki, bu yeni müqavimət hərəkatı kollektiv Qərbi artıq parçalamaq üzrədir. Çünki Ağ Evin keçmiş sahibi Donald Tramp Ukrayna savaşını cəmisi bir gün ərzində dayandıra biləcəyini iddia edir. Üstəlik, bunu sübuta yetirmək üçün prinsipial şəkildə fəaliyyətə də başlamış kimi görünür. Və bu, kollektiv Qərb daxilində kəskin ziddiyyətlərə yol açan önəmli proses hesab olunur.
Maraqlıdır ki, Ukrayna savaşının dayandırılması mövzusu prezidentliyə iddialı Donald Trampın seçki təbliğatı kampaniyasında əsas PR mövzusu kimi diqqəti çəkir. İndi ABŞ cəmiyyətində Ağ Evin dövlət büdcəsinin bir hissəsinin Ukrayna savaşına xərclənməsinə etiraz edənlər Donald Trampı dəstəkləyirlər. Üstəlik, bu mövqedə olanların sayının ehtimal ediləndən daha çox olduğu da iddia edilir. Və bir neçə aydan sonra ABŞ-da keçiriləcək prezident seçkilərində məhz bu məsələ səsvermənin nəticələrini təyin edə bilər.
Belə anlaşılır ki, Bayden administrasiyası vaxtilə Ukrayna savaşını ssenariləşdirməklə, əslində, həm də növbəti prezident seçkilərində öz siyasi məğlubiyyətini elə əvvəlcədən planlaşdırıb. Hər halda, hazırda Ukrayna savaşı hər addımda Bayden administrasiyasının "ayaqlarına dolaşır". Çünki bu savaşda Ağ Evin vəd etdiyi Rusiya üzərində qlobal qələbənin əlamətləri hələlik müşahidə olunmur. Üstünlük, Ukrayna savaşı uzanır və bu bütün dünyada olduğu kimi, ABŞ vətəndaşlarının da həyat səviyyəsinə müəyyən zərbələr vurur..
Bayden administrasiyası Ukrayna savaşını ssenariləşdirməklə, əsasən, neft və silah sənayelərinə aid şirkətləri zənginləşdirib. Dünya iqtisadiyyatının digər sahələri isə bundan yalnız ziyan çəkir. Ona görə də, ABŞ-da önəmli biznes dairələri belə, Bayden administrasiyasının dəyişməsi üçün Ukrayna savaşını dayandırmağı vəd edən Donald Trampı dəstəkləməyə üstünlük verir. Bu sırada Bayden administrasiyasını hər imkanda sərt tənqid atəşinə tutan dünyaca ünlü amerikalı milyarder İlon Mask da yer alır.
Göründüyü kimi, Ukrayna savaşı ətrafında yaranmış situasiya ABŞ-da hakimiyyət uğrunda siyasi mübarizənin nəticələrini təyin edəcək qədər ciddi faktora çevrilməyə başlayıb. Nə qədər qəribə və gözlənilməz olsa da, bəzi Qərb ölkələri Donald Trampı artıq qeyri-rəsmi olaraq, ABŞ-ın növbəti prezidenti statusunda qəbul etdiklərini sezdirən addımlar atırlar. Onların sırasında Macarıstan daha açıq şəkildə gələcək ABŞ prezidenti ilə əməkdaşlığa üstünlük verir. Və bu ölkənin baş naziri Viktor Orban keçmiş Ağ Ev sahibi ilə elə indidən Ukrayna savaşının dayandırılması prosesi çərçivəsində ortaq olan üzrə fəaliyyət göstərir.
Bu proses hələlik başlanğıc mərhələsində olsa da, intensiv inkişaf etməkdədir. Bəzi Qərb və Şərq ölkələri Tramp-Orban sülh platformasına doğru meyillənməyə başlayıblar. Bunda Tramp faktoru xüsusi önəm daşıyır. Çünki dünyada Donald Trampın ABŞ prezidenti seçiləcəyinə indi yalnız sadəlövhlər şübhə edə bilərlər. Ona görə də, indi əksər dünya dövlətləri Donald Trampla indidən isti münasibətlər qurmağın vacib olduğunu anlayırlar. Və Ukrayna savaşına əvvəlkindən fərqli münasibətin ön plana keçməsi də məhz bununla birbaşa bağlıdır.
Məsələ ondadır ki, Donald Trampın Ukrayna savaşını dayandırmaq niyyəti ABŞ-ın cəmisi bir neçə aydan sonra prioritet hədəfinin elə indidən elan edilməsi deməkdir. Dünya dövlətləri də Bayden administrasiyasının artıq müvəqqəti xarakter daşıyan savaş siyasətinə ideoloji enerji və maliyyə xərcləməyə ehtiyac duymurlar. Çünki ABŞ Ukrayna savaşının gələcək taleyinə yönəlik mövqeyini dəyişdikdən sonra Qərb ölkələrinin indiki davranışları öz aktuallığını itirməyə başlayacaq. Və bu səbəbdən də, dünyada sürətlə yaxınlaşan yeni global situasiyaya adaptasiya prosesi ön plana keçməkdədir.
Onu da qeyd etmək lazımdır ki, Tramp-Orban prosesi hazırda sülh təbliğatında qətiyyən ideoloji defisit hiss etmir. Çünki vaxtilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Ukrayna savaşının sona çatdırılması istiqamətində olduqca ciddi irəliləyişlər əldə etmişdi. Hətta Bayden administrasiyası əngəl törətməsəydi, prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya və Ukrayna arasında sülh sazişinin imzalanmasına nail olmaq üzrəydi. Və İstanbul sülh prosesi barədə son vaxtlar Qərb mətbuatına sızan məxfi məlumatlar münaqişə tərəflərinin anlaşma əldə etdiyini təsdiqləyir.
Məsələ ondadır ki, İstanbulda məxfi şəraitdə danışıqlar aparan Rusiya və Ukrayna xarici işlər nazirləri konkret anlaşmada bir neçə önəmli məqamı sülh sazişinə daxil etməyə razılaşıblar. Ukrayna Krım və Donetsk bölgəsinin Rusiyanın nəzarətinə verilməsinə qarşı çıxmayıb. Eyni zamanda, Ukraynanın NATO sıralarında təmsil olunmayacağı və ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməyəcəyi barədə öhdəlik belə, götürüb. Və bu, münaqişə tərəflərinin sülh sazişinə çox yaxınlaşdığını təsdiqləyir.
Ancaq ABŞ və onun müttəfiqləri İstanbul prosesini son anda pozmağa nail olub. İndi isə Tramp-Orban prosesi də təxminən İstanbul sülh masasının prinsipləri üzərindən inkişaf edir. Halbuki, bu dəfə Ukrayna üçün sülh şərtlərinin bir qədər ağırlaşa biləcəyi də qətiyyən istisna deyil. Çünki ABŞ hərbi-siyasi dəstəyini çəkərsə, Ukrayna Rusiya qarşısında demək olar ki, təkbaşına qala bilər. Hər halda, ABŞ olmadan Avropa Birliyi ölkələrinin Ukraynaya dəstəyi davam etdirəcəkləri qətiyyən inandırıcı görünmür. Və bu baxımdan, Ukraynanın daha ağır şərtlər çərçivəsində belə, sülh sazişini imzalamağa məcbur qala biləcəyi istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ