Onlayn ictimai-siyasi qəzet
Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığını vacib adlandırıb. “Həqiqətən telefon zəngi olub. Bu, vacibdir. Prezident Əliyev Prezident Putini ad günü münasibətilə təbrik edib. Hələlik bu günə bunu deyə bilərəm”, - Peskov qeyd edib.
Sabiq nazir Fikrət Yusifov TV Musavat-a diqqətçəkən şərh verib. Professorun fikrincə, bu zəng iki ölkə arasında son aylarda müşahidə olunan “soyuq müharibə” ab-havasının yumşalmasına təkan verə bilər: “Münasibətlərin normallaşması istiqamətində ilk addımı əslində Vladimir Putin atıb.
O, Çində keçirilən görüşlər zamanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, vitse-prezident Mehriban Əliyeva ilə təmas qurdu. Həmin görüşün özü, eləcə də Putinin ona verdiyi müsbət qiymət bu prosesin başlanğıc nöqtəsi oldu. İlham Əliyevin dünənki zəngi həmin jestə cavab xarakteri daşıyır".
Ekspertin proqnozuna görə, iki ölkə münasibətlərində dekabrın 25-dək, yəni Azərbaycan mülki təyyarəsinin Rusiya ərazisində vurulmasının ildönümünə qədər daha nəzərəçarpacaq yumşalma müşahidə oluna bilər.
İki ölkə arasında buzların əriməyə başladığını demək olarmı? Prezident Tacikistanda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edə bilərmi? Bu zəngdən sonra vurulan təyyarəmizlə bağlı Rusiya hansı addımı atacaq?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin Rusiya Prezidentini doğum günü münasibətilə zəng edib təbrik etməsi və bunun Rusiya tərəfindən ciddi vacib hadisə kimi qiymətləndirilməsi Rusiya-Azərbaycan münasibətlərində gərginliyin azalmasına şərait yarada bilər: “Ancaq bunun üçün Rusiya müəyyən addımlar atmalıdır. MDB ölkələri başçılarının Düşənbədə keçiriləcək sammitində Azərbaycan Prezidenti İlham Əliyev çox güman ki, iştirak edəcək. Çünki Rusiya Prezidentinin köməkçisi Uşakov Putinlə İlham Əliyevin Düşənbədə görüşmək ehtimalının olduğunu deyib. Həmin görüşdən, Putinin səsləndirəcəyi bəyanatlardan çox şey asılı olacaq. Rusiya rəhbərinin düşünmək üçün kifayət qədər vaxtı oldu. Münasibətlərimizin əvvəlki səviyyəyə qayıtması üçün hansı addımların atılmalı olduğunu da Azərbaycan Prezidenti dəfələrlə deyib. Mülki təyyarəmizin vurulmasına görə üzr istənilməlidir, təzminat ödənilməlidir və günahkarlar cəzalandırılmalıdır. Düşənbə sammitindən sonra məlumdur ki, ilin sonunda təyyarənin vurulması ilə bağlı yekun rəy təqdim olunacaq və bu, Rusiyaya imkan verir ki, həmin o yekun rəy əsasında zəruri addımları atsın. Bundan sonra mən hesab edirəm ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yaxşılaşması ehtimalı ola bilər”.
Ekspertin sözlərinə görə, son hadisələr bir məsələni də aydın şəkildə göstərdi: “Rusiyanın keçmiş ittifaq respublikalarına münasibəti, onlara yuxarıdan aşağı baxması, onların atdığı ən kiçik müstəqil addımı da narazılıqla qarşılaması və bugünkü müstəqil dövlətlər barədə son dərəcə məsuliyyətsiz bəyanatların səsləndirilməsi göstərir ki, Rusiya-Azərbaycan münasibətləri gələcəkdə də bu cür böhranlar yaşaya bilər. Əgər bir ölkənin prezidenti öz missiyasının keçmiş "Rusiya torpaqlarını" toplamaqdan ibarət olduğunu deyirsə və SSRİ tərkibində olmuş respublikaları nəzərdə tutursa bu gün müstəqil olan həmin respublikaların Rusiyaya münasibəti necə ola bilər, belə bir qonşuya güvənmək olarmı. Ukraynada baş verən hadisələrdən sonra Rusiyanı normal qonşu saymaq mümkünmü. Qazaxıstana göstərilən münasibət, taciklərin, özbəklərin ünvanına səslənən bəyanatlar hamımızı narahat edir. Bu ilk növbədə Rusiyanı narahat eləməlidir. Rusiya-Ukrayna müharibəsi də göstərdi ki, Rusiya-Ukraynadan fərqli olaraq meydanda tək qaldı. Ukraynanı 50-dən artıq dövlət dəstəklədi. Amma Rusiyanın yanında heç kim olmadı. Hətta Belarus da Şimali Koreyanın, İranın göstərdiyi səviyyədə Rusiyaya yardım göstərmədi. Rusiya bundan nəticə çıxarmalıdır. Rusiya dəyişməlidir. Rusiya dövlətlərin müstəqilliyini, onların müstəqil siyasət yeritmək hüququnu tanımalıdır, anlamalıdır və normal qonşu olmağı bacarmalıdır. Əks halda, Rusiya ilə qonşular arasında böhranlar bundan sonra da olacaq və qonşular ilk növbədə özlərini Rusiyadan necə qorumaq barədə düşünəcəklər".
Azad Məsiyev
Politoloq Azad Məsiyev bildirdi ki, Azərbaycan Prezidentinin Rusiya Prezidentinə doğum günündə zəng edib təbrik eləməsi gözlənilən idi: “Bu zəng bir daha göstərdi ki, Vladimir Putinlə İlham Əliyevin şəxsi münasibətlərinin qırılmasını istəyən, buna çalışan qüvvələr istəklərinə nail ola bilməyiblər və nail ola bilməyəcəklər. Dmitri Peskovun İlham Əliyevin zəngini vacib zəng adlandırması Azərbaycan liderinə yüksək münasibətin göstəricisidir. Mən indiyə qədər bir neçə də dəfə bəyan etmişdim ki, Rusiyada müəyyən dairələr Azərbaycanla Rusiya arasında münasibətlərin düşmənçilik həddinə çatmasında maraqlıdırlar və buna çalışırlar. Həmin qüvvələrin əslində Vladimir Putinə və Rusiya maraqlarına da qarşı olduğunu da əminliklə söyləmək olar. Putinin Azərbaycana, Prezident İlham Əliyevə münasibətini dəyişməyə çalışanlar istəklərinə nail ola bilməzlər. Yəqin ki, MDB dövlət başçılarının Düşənbə sammitində İlham Əliyevlə Vladimir Putin arasında görüş olacaq və dostluq münasibətləri üzərində danışıqlar keçiriləcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ