Onlayn ictimai-siyasi qəzet
“Eurovision 2026” mahnı müsabiqəsinin Avstriyada keçirilməsi sual altındadır.
Musavat.com OE24-ə istinadən xəbər verir ki, gələn il yarışmanın ev sahibliyini etməyə hazırlaşan Avstriya müsabiqədən çəkilə biləcəyini açıqlayıb.
Səbəb kimi İsrailin kənarda qalması məsələsi göstərilir.
Heç kimə sirr deyil ki, bir sıra ölkələr, o cümlədən Sloveniya, Xorvatiya, İrlandiya və İspaniya İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edib. Lakin Avstriya kansleri Kristian Stoker bunun bərabərlik prinsiplərinə zidd olduğunu düşünür və belə bir hal baş verərsə, Avropanın ən böyük musiqi tədbirinin ləğv edilməsini vacib hesab edir.
“Yəhudi rəssamın Vyanaya gəlməsini qadağan etmək hamıdan çox bizim üçün mümkün deyil”, - deyə Stoker bildirib.
Avstriya paytaxtının meri Mixael Lüdviq də İsraili kənarlaşdırmağın yanlış olacağını qeyd edib. O, buna baxmayaraq, müsabiqənin keçirilməsinin faydalı olacağını, çünki tədbirin büdcəyə əhəmiyyətli gəlir gətirəcəyini əlavə edib.
Qeyd edək ki, Avstriyanın ORF yayım şirkəti artıq EBU ilə müqavilə imzalayıb və müsabiqəyə ev sahibliyi etməyi öhdəsinə götürüb. Bununla belə, Avstriya “Eurovision 2026” dan çıxmaq qərarına gəlsə, kanal təxminən 40 milyon avro cərimə ödəməli olacaq.
Xatırladaq ki, Avropa Yayım Birliyi (EBU) İsrailin “Eurovision 2026”da iştirak edib-etməyəcəyinə dair qərarı noyabrda onlayn səsvermə ilə verəcək.
İqbal RZAYEV,
Musavat.com
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ