Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA-nın (Sosial İnkişafa Dəstək İctimai Birliyi) Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı Musavat.com-a açıqlama verib.
O qeyd edib ki, Zirvə görüşü həm türk dünyası, həm qonşu, həm də digər ölkələrin diqqət mərkəzində idi. Diplomat Azərbaycanın sözügedən tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib:
“2009-cu ildə Naxçıvanda başlayan yol TDT-ə üzv və müşahidəçi dövlətlərin önəmli şəhərlərinə qədər uzanıb, bu şəhərlərdə mühüm qərarlar qəbul edilib. Qəbələ təbii gözəlliyi ilə hər kəsi heyran etdi. Azərbaycanın bu cənnət guşəsinin inkişafını 2008-ci ildən bu günə kimi izləyirəm. Dərin və uzaqgörən vizyonu ilə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və əməyi keçən dövlət xadimlərinə dərin təşəkkürlərimi bildirirəm. Ötən 16 il ərzində türk dövlətləri beynəlxalq iqtisadi əlaqələrini, hərbi potensialını gücləndirib, TDT çətiri altında yaxınlaşıb. 12-ci Zirvə Görüşündə liderlər gələcəyə dair önəmli mesajlar veriblər. Ən diqqətçəkən təklif Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimin keçirilməsi ilə bağlı oldu. Hər kəs bilməlidir ki, ortaq soy, dil, tarix və mədəniyyət əsasında qurulan TDT çərçivəsində əməkdaşlıq heç bir qonşu ölkəyə təhdid deyil. TDT sülh, əməkdaşlıq, yaxşı qonşuluq münasibətlərinə önəm verir. Cənab Prezident İlham Əliyevin təklifinin məqsədi beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğuna və ölkələrimiz arasında hərbi, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığın önəmini diqqətə çatdırmaqdır. Yəni təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Güclü dövlətin güclü ordusu olmalıdır. Sülh dövründə hazırlıq görməyən dövlətlər müharibəyə başlasa, uduzmağa məhkumdur. 44 günlük Vətən müharibəsində bunu aydın gördük. İlham Əliyevin “yolumuzu kəsənlərlə deyil, bizimlə birgə yol gedənlərə etibar edirik” fikrini xatırlayaq. Türk dünyasının inkişafına, güclənməsinə, birliyə önəm verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir çox önəmli mövzuya diqqət çəkib, mədəni zənginliyimizi qorumaq üçün ortaq türk əlifbası ilə bağlı danışıb. O, Türkiyənin ilk addımı ataraq, Çingiz Aytmatovdan bəhs edən bir əsər ilə oğuznamələri ortaq əlifba ilə nəşr etdiyini bildirib və liderlərə hədiyyə edib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatı daxilində Kibertəhlükəsizlik Şurasının və ortaq dəyərləri yaşatmaq məqsədilə araşdırmaçılar klubunun yaradılması ilə bağlı təklifləri böyük diqqət çəkib. Türk dünyasının unudulmaz şairi Bəxtiyar Vahabzadənin “türk türklə düşmən olmaz” fikri xatırlatması isə böyük məmnuniyyət yaradıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev TDT ölkələrinin xarici işlər nazirlərinin və xüsusi xidmət orqanları rəhbərlərinin ilk iclasının gələn il Səmərqənddə keçirilməsini təklif edib. Qırğızıstan Prezidenti Sadır Japarov Vaşinqtonda Azərbaycan və Ermənistan sülh müqaviləsinin paraflanması barədə danışaraq bundan sonra Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin təmin olunacağını vurğulayıb. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov TDT-nin qardaşı xalqları bir araya gətirən təşkilat olduğunu, əsas hədəfin dostluq və həmrəyliyi gücləndirmək, regional və beynəlxalq səviyyədə ortaq fəaliyyəti təşviq etmək olduğunu dilə gətirib. Macarıstanın Baş naziri Viktor Orban isə TDT üçün Avropa Birliyi ilə bağlı təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib. Zirvə görüşünün yekunlarına dair Qəbələ Bəyannaməsində siyasət, təhlükəsizlik, iqtisadiyyat sahələrində, o cümlədən xalqlar arasında əməkdaşlıqla maddələr qeyd olunub”.
Diplomat TDT və əməkdaşlıq təşkilatlarını gücləndirmək üçün maliyyə vəsaitinin artırılması ilə bağlı təkliflərə diqqət çəkib: “Azərbaycan tərəfindən TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürülüb. Prezident İlham Əliyev vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.
Ölkə başçısı, həmçinin, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olduğunu da bildirib”.
Nigar HƏSƏNLİ,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ