Onlayn ictimai-siyasi qəzet
Başlığı görüb elə hesab eləməyin ki, belə bir statistika var. Hələlik yoxdur. Amma olmalıdır. Çünki az qala həftəaşırı belə xəbərlər gəlir. Elə olur ki, bir həftənin içinə iki bənzər xəbər yerləşir.
Adətdəndir, nədir, bilən yoxdur. Uzaq keçmişdə də belə haqq-hesanlar olub, yaxın keçmişdə də, hazırda da var. Bu xüsusda yayılan xəbərlərin artması göstərir ki, gələcəkdə də olacaq və nəhayə,t ortalığa rəsmi şəkildə yayılan statistik məlumat çıxacaq: “Cari ildə 365 boşanmış qadının keçmiş əri tərəfindən döyüldüyü, 35-nin bıçaqlandığı, 3500-nün hədələndiyi tərəfimizdən qeydə alınmışdır”.
Yuxarıdakı rəqəmlər şərtidir. Aşağı-yuxarı yerləri ola bilər. Həyatdır.
Sizə deyim ki, belə hadisələr ən çox iki ölkədə olur: Türkiyədə və Azərbaycanda. (Əslində bunun özü də hər iki ölkənin xalqının qardaşlığına dəlalət edir).
Başqa ölkələrdə boşadığı qadının əri tərəfindən bıçaqlanmasına dair xəbərlər oxumamışam. Rast olmayıb. O cür xəbərlər olsaydı, statistikası da olardı. Yoxdur. Az-az hallarda hansısa boşanmış qadının maniakalcasına təqib edilməsi və buna görə təqib edənin həmin qadın yaşayan ünvandan uzaq durmasına dair məhkəmə qərarı çıxarılmasına dair söhbətlər olur.
Hətta mədəni ölkələrdə yeni bir adət əmələ gəlib: evli cütlüklər ayrıldıqları zaman ya ayrı-ayrılıqda, ya da birlikdə “vida partisi” təşkil edir, şükür edə-edə yeyib-içirlər. Təbii ki, belə “hüznlü ayrılıq”lardan sonra bıçaqlama hadisəsi olmaz.
Amma bir çox ölkələrdə də keçmiş ərini və ya arvadını killer tutaraq öldürtdürmək ənənəsi var. Mümkündür ki, bu xüsusda statistika da mövcuddur. Olmamış olmaz. Adətən, bir varlı kişi öldürüləndə kriminalistlər birinci onun keçmiş arvadından şübhələnirlər. Varlı qadın öldürüləndə isə keçmiş ərdən qabaq hazırkı ər şübhə altına düşür. Detektivlər məsələyə “bu qətl kimə sərfəliydi” prizmasından yanaşırlar. Belə işlər cəncəl işdir, üstü çətinliklə açılır. Çünki güman çox yerə gedir, versiyalar bir-birini ayaqaltı edib çığnayır.
Bizim boşanmış kişilər isə kriminalistlərimizi çətinə salmırlar. Kişi kimi bıçaqlarını götürüb gedir, liftdə, blokun girişində, iş yerində, evdə, neçə-neçə şahidin yanbuında, bəzən isə müşahidə kameralarının “göz”ünün qabağında bir zamanlar “vəslinə yetmək üçün həsrətinlə yanıram” dedikləri sevgili cananlarını yorturlar. Motivi də gizlətmirlər. Qeyrət-namus məsələsi... qısqanclıq-filan.
Boşadığı qadının qeyrətini çəkmək, namusuna gözətçilik etmək sahəsində də dünyaya örnək olası durumdayıq. Başqa ölkələrin qeyrətsiz kişiləri bu funksiyadan imtina edirlər, deyirlər, boşamışıq, iş bitib, qoy gedib o tərəfdə öz həyatlarını yaşasınlar.
Bu məsələdə də dəqiq statistika yoxdur, amma gümanlar var ki, keçmiş ərləri tərəfindən bıçaqlanan qadınların çoxunun “ayy” deyə qışqırmaqdan qabaq işlətdiyi söz “yaxşı eləyirəm” olur. Bax, gərək gözü qızmış kişiyə belə söz deyilməsin. Bu, ispan buğasına qırmızı parça göstərmək kimi bir şeydir.
Biz, əlbəttə, hər dəfə bu cür hadisə baş verəndə gendən-genə, az informasiya ilə kimin haqlı, kimin haqsız olduğuna dair dəqiq hökm verə bilmərik. Ortada bıçaqlanma hadisəsi varsa, bıçaqlayan birmənalı şəkildə təqsirkardır – necə ki arxadan vurulan avtomobillərdə təqsirkar həmişə arxadan vuran olur, eləcə.
Ancaq ortada elə detallar ola bilər ki, qafa qarışar. Hərçənd heç bir üzrlü səbəb keçmiş ərin keçmiş zövcəsini bıçaqlamasına əsas verə bilməz. Boşamısan, məsələ qurtarıb, nə qeyrətli oğlan çıxmısan? Belə halda əldə bəhanə də var: “Qonşular filan söz danışır”. Qonşular da dillərini qarınlarına qoysalar...
Bir dəfə rayonların birində yeznə ilə qayın arasında mübahisə olmuşdu – boşanan qadını kimin bıçaqlamalı olması üstündə. Heç biri irəli durmaq, türməyə düşmək istəmirdi. Qardaş deyirdi, sənin arvadındır, namusuna yiyə durmalısan, ər deyirdi, ərizə vermişik, boşanırıq, mənlik deyil. Tərs kimi, qadının oğlu hələ balacaydı, gözləyirdilər ki, heç olmasa, yeniyetmə olsun, öyrətsinlər ki, anan düz hərəkət eləmir, get onu... Axırda necəsə bir pəstəha olmuşdu, deyəsən, kişinin qardaşı qeyrətli çıxmışdı.
Qeyrətli qayınlara dair də statistika yoxdur. Axırıncı dəfə bu yaxınlarda biri türmədə olan qardaşının arvadını barda tutub xəsarət yetirmişdi.
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ