Onlayn ictimai-siyasi qəzet
Türkiyənin “Baykar Makina” şirkətinin yerli törəməsi “Bayraktar Teknoloji Azərbaycan” MMC pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.
Müəssisə istehsalı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında həyata keçirir. Məhsullar hələ ki daxili bazar üçün nəzərdə tutulub.
“Armenianreport” portalı yazır: ““Bayraktar Teknoloji Azərbaycan” MMC-nin Sumqayıt şəhərində fəaliyyətə başlaması xəbəri diqqəti cəlb edir. Bir müddət əvvəl Azərbaycan Qarabağda döyüşmək üçün Türkiyədən “Bayraktar” pilotsuz uçan aparatları alıb və indi öz torpağında istehsal yaradılıb.
Belə çıxır ki, “sülhsevər” qonşumuz getdikcə daha çox silahlanır, xüsusən də ən son sistemlərə (dron, kəşfiyyat, döyüş texnikası və PUA) sərmayə qoyur.
Ermənistanın vəziyyətini başa düşmək üçün büdcə rəqəmlərinə, hökumət qərarlarına və onların rəsmi və qeyri-rəsmi şəkildə necə izah edildiyinə baxmaq vacibdir".
Erməni mediası qeyd edir ki, 2025-ci ildə Ermənistanın müdafiə büdcəsi 664,6 milyard dram və ya təxminən 1,7 milyard dollardır. 2026-cı ilin büdcə layihəsində təxminən 563,1 milyard dram, 2025-ci illə müqayisədə 101,5 milyard dram azalma (təxminən 15% azalma) nəzərdə tutulur.
Baş nazir Nikol Paşinyan və maliyyə naziri vurğulayır ki, müdafiə xərcləri 2025-ci ildə “həddindən artıq artıb” və bu, qismən əvvəllər 2030-2035-ci illər üçün nəzərdə tutulmuş borc öhdəliklərinin ödənilməsi ilə bağlıdır. “Bu arada Ermənistan müdafiə büdcəsini azaltmağı planlaşdırdığı halda, Azərbaycan tam əks tendensiya nümayiş etdirir”, - deyə erməni saytı bildirir.
Azərbaycanın PUA istehsalında iştirakı Ermənistanı narahat etməlidirmi? Erməni tərəfi niyə belə təşvişə düşüb?
Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə PUA-ların istehsalında dünyada aparıcı dövlətlərdən biridir: "Bu ölkəyə məxsus "Baykar Makina" şirkəti dünya bazarında xüsusi çəkiyə malikdir. Eyni zamanda da bu şirkətin törəməsi olan “Bayraktar Teknoloji Azərbaycan” MMC Azərbaycanda PUA-ları istehsal etməkdədir. Bu, təbii, ordumuzun daha da güclənməsi mənafeyinə xidmət göstərir. 2026-cı il üçün hərbi büdcənin də artırılması nəzərdə tutulub. Hazırda Azərbaycanın hərbi büdcəsi 8,4 milyard manat təşkil edir. Erməni KİV-ləri bu faktlara fərqli prizmadan yanaşmaq istəyir. Azərbaycanı silahlanmada, hərbi büdcəsini artırmaqda ittiham edirlər və sual edirlər ki, niyyətimiz nədir. Azərbaycan dövləti, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz sülh müqaviləsini paraflamışıq və sülh müqaviləsini imzalamaq istəyirik, regionumuza uzunmüddətli və daimi sülhün gəlməsində maraqlıyıq. Ancaq Ermənistan nədən narahatdır? Ermənistan bir baxsın ki, özü və Azərbaycan hansı coğrafiyada yerləşir, hansı qonşuların əhatəsindədir. Bu vəziyyətdə dövlətin, ordunun güclü olmasından təbii heç nə yoxdur. Ermənistanın öz daxilində revanşistlər aktivdir. Belə bir reallıqda Azərbaycan dövləti özünün hərbi potensialını, müdafiə qüdrətini artırmalıdır. Ermənistanda revanşizmin kökünün tamamilə kəsildiyi bir reallıqda, Azərbaycana qarşı təhdidlər sıfıra enəcəyi reallıqda Azərbaycanın da ilbəil hərbi büdcəsini artırmağa ehtiyacı qalmaz. Biz ona görə hərbi gücümüzün və təhlükəsizlik potensialımızın artırılmasında maraqlıyıq ki, birincisi, mürəkkəb coğrafi məkanda yerləşirik, ikincisi Ermənistanda revanşizm güclüdür. Bütün bu reallıqlar vadar edir ki, Azərbaycan öz hərbi gücünü daha da artırsın. Bu gücləndirmə siyasəti üçüncü tərəfi hədəfə almayıb və sülh niyyəti, sülh mahiyyəti kəsb edir. Bugünkü dünyamızda güc faktoru həlledicidir və sülhün təminatçısı amillərindən biridr".
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, Azərbaycan Ordusunun silah arsenalına yeni PUA-ların daxil olması, həmçinin Azərbaycanın hərbi büdcəsinin artırılması hansısa ölkəyə qarşı müharibə etmək üçün deyil: “Bu addımlar tamamilə təbiidir. Azərbaycan öz ordusunu Türkiyə-NATO ordusu modelinə tam keçirməyi qarşısına məqsəd qoyub. Bu isə təbii olaraq ordunun yeni modern silahlarla, texnikalarla, qırıcılarla, yeni PUA-larla təmin olunmasını, xərclərin artırılmasını tələb edir. Azərbaycan da bu tələbə uyğun addımlar atır. Ermənistanın bundan xoflanmasına ehtiyac yoxdur. Azərbaycan sülh tərəfdarı olduğunu ən yüksək səviyyədə imzası ilə nümayiş etdirib. Azərbaycan nəinki sülh tərəfdarı kimi, hətta sülh yaradıcısı rolunda uzun müddətdir çıxış etməkdədir. Ermənistanın xisləti elədir ki, hər kəsi özü kimi - imzasına, sözünə sadiq qalmayan dövlət kimi görür. Ona görə də zənn edir ki, Azərbaycanın hərbi büdcəsinin artırılması və yeni PUA-ların, dronların istehsalına başlaması Ermənistana qarşıdır. Sülh sazişi imzalanandan sonra da Azərbaycan təbii olaraq ordusunu gücləndirməkdə, yeni müasir silahlarla təmin etməkdə davam edəcək. Çünki sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Dünyada, regionda proseslər elə sürətlə cərəyan edir, elə yeni reallıqlar meydana gəlir ki, ordunu gücləndirmək, təhlükəsizlik məsələlərinə çox ciddi diqqət ayırmaq hər keçən gün daha da zərurətə çevrilir. Azərbaycan da bunu nəzərə alır. İrəvan burada özünə qarşı təhdid axtarmamalıdır. Lakin şübhəsiz ki, nə zamansa Ermənistan köhnə adətinə qayıdaraq öz istəyi və ya kənardan diktənin təsiri altında Azərbaycana qarşı təxribatlara əl atacaqsa, ən ağır cavabını alacaq. Azərbaycan Ordusunun gücləndirilməsi ölkəni qorumaq üçündür”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ