Onlayn ictimai-siyasi qəzet
Bu il 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olub. Cari ildə 24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub. Bu gündən boş qalan plan yerlərinə ixtisas seçimi aparılır.
Metbuat.az bu ilin ən yaşlı və ən gənc tələbəsi ilə söhbət edib.
Bu il Azərbaycanda ən yaşlı tələbə 1971-ci il təvəllüdlü Bayram Bayramovdur. Bayram bəy əslən Zərdab rayonundandır. Hazırda 3 övladı var. Özü isə Zərdab rayon Sukanal idarəsində magistral su kəmərlərində nəzarətçi kimi çalışır: O, bu il Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına qəbul alıb:
"Mən özüm Zərdab rayon Məhəmməd Füzuli adına Məlikumudlu kənd tam orta məktəbini bitirmişəm. Yaxşı oxumuşdum, 3 dənə "4"üm var idi, qalanları hamısı "5" idi. O vaxtı vəziyyət qarışıq idi deyə mən qəbul ala bilmədim. İki qızım var, bir oğlum. Böyük qızım daxil ola bilmədi, hazırda yenidən hazırlaşır. İkinci qızım 10-cu sinifdə oxuyur, o da hazırlaşır. Kiçik oğlumun isə 6 yaşı var".
O qeyd edib ki, 2 il bundan öncə yenidən təhsil almağa qərar verib:
"2021-2023-cü ildə İnşaat kollecində Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına qəbul aldım. Oranı bitirdikdən sonra balım yaxşı idi deyə bu il subbakalavr kimi təhsilimi qiyabi formada davam etdirəcəyəm. Gəncələrə belə bir tövsiyə edə bilərəm ki, təhsilin yaxşı yoxdur. Mənim 52 yaşım var, indi yenidən təhsil alıram".
İlin ən gənc tələbəsi isə 2008-ci il təvəllüdlü Həsənzadə Məhəmməd Yaşar oğludur. O, 584 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub:
"Özüm Bakıda anadan olmuşam. Repetitor hazırlığına getmişəm. Müəllimlərim çox peşəkar olub, özüm də imtahanlara ciddi hazırlaşırdım".
Məhəmmədin anası Kəmalə xanım bildirib ki, Məhəmməd ailənin üçüncü övladıdır:
"Bizim ailəmiz həkim ailəsidir. Böyük oğlum stomatologiya ixtisasının bitirib, qızım isə hazırda Slavyan Universitetində təhsil alır. Qızımı Naxçıvanda məktəbə aparanda Məhəmməd də bizimlə gəlirdi. Kiçik yaşlarından çox fəal idi. Ona görə müəllimlərin məsləhəti ilə Məhəmməd imtahan verdi və 5 yaşında məktəbə başladı. Birinci sinifə Naxçıvanda 12-saylı məktəbə gedib. Bakıya köçdükdən sonra 267 nömrəli məktəbdə, 10-11-ci sinifləri ilə 28 nömrəli məktəbdə bitirib".
Kəmalə xanım həmçinin bildirib ki, onun 2 qardaşı Şahmuradov Natiq Əmirxan oğlu və Şahmuradov Namiq eyni gündə - 1992-ci ilin 8 mayında Şuşada döyüşlər zamanı şəhid olublar.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ