Onlayn ictimai-siyasi qəzet
“Birləşmiş Ştatlar Ermənistanın seçdiyi münasibətləri davam etdirmək kimi suveren hüququna hörmət edir”.
Bunu ABŞ Dövlət Departamentindən AZƏRTAC -ın ABŞ-dakı müxbirinin Ermənistanın regionda militarist siyasəti ilə bağlı sualına cavab olaraq bildiriblər.
Departament ATƏT-in Minsk Qrupunun keçmiş həmsədr ölkələrinin Ermənistana davamlı dəstəyi, ABŞ və Avropa İttifaqının artan hərbi dəstəyinin Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlara təsiri ilə bağlı suala bu cür ağızucu cavab verib.
Sorğuda həmçinin regionda sabitliyə qarşı risklər kontekstində Ermənistan və Rusiya arasında ticarət və hərbi əlaqələrin dərinləşməsi qeyd edilib.
ABŞ-ın Ermənistana yardımının artırılmasına gəlincə, qeyd olunub ki, guya ABŞ-ın yardımı müstəsna olaraq bu ölkənin demokratik və iqtisadi inkişafına dəstək olmaq və onun regional iqtisadiyyata inteqrasiyasını gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlərə qarşı dayanıqlığını artırmaq məqsədi daşıyır.
Həmçinin vurğulanıb ki, ABŞ Azərbaycan və Ermənistanın regionda təhlükəsizliyi, rifahı təmin etmək imkanlarına inanır və davamlı və ədalətli sülh sazişinin əldə olunması istiqamətində səyləri dəstəkləyir: “Tərəflər sazişin yekunlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə ediblər və Birləşmiş Ştatlar bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir”.
Departamentin cavabından belə çıxır ki, ermənilərə xüsusi üstünlük verilir. Onlar kimlə istəyirlər dostluq edə bilərlər. Həm onlarla, həm də ruslarla əməkdaşlıq edə, silah tədarükü belə həyata keçirə bilərlər.
İkili yanaşmanın əsas səbəbi, şübhəsiz ki, erməni lobbisindan qaynaqlanır. Məhz lobbi hər vəchlə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına qarşı çıxır, revanşist qüvvələri qızışdırır.
Ermənistanın aktiv şəkildə silahlandıran ABŞ indi sülh haqqında sərsəm fikirlər yürüdür. Belə bir sualı isə biz ünvanlayaq: ABŞ ordusunu Ermənistanda sülhü qorumaq üçün yerləşdirib?
Dəfələrlə Azərbaycan mətbuatı bu mövzuya toxunub və foto və videolarla ABŞ-nin Ermənistanı necə silahlandırması ictimaiyyətin diqqətinə çatdırılıb.
Əgər departament bunu unudubsa, gəlin xatırlatma edək. Hələ bir müddət əvvəl Caliber.az məlumat yayaraq bildirmişdi ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib.
Qeyd olunurdu ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır. Ermənistana göndərilmiş şəxsi heyət isə əksəriyyəti ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşıdır. Onlar Ermənistan ordusunun hərbi geyimi ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdiriliblər.
ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn isə bu məsələ ilə bağlı sualı cavablandırmaqdan yayınıb qeyri-adekvat cavab vermişdi:
“İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib”.
Bu, bir daha göstərir ki, ABŞ səfirliyinin bu faktlar qarşısında deyəcəyi söz yoxdur. Bunu yalan, dezinformasiya adlandıra bilməyiblər.
Planlarının baş tutmadığını görən Qərb “binokl” diplomatiyasına əl atıb. Bu proseslərin arxasında ABŞ-nin məkrli, dağıdıcı və təhrikçi siyasəti durur. Onlar bu minvalla çalışırlar ki, Azərbaycana təzyiqlər göstərsinlər. Ermənistanı artıq müharibə, münaqişə vasitəsi kimi istifadə edirlər. Bu da erməni xalqının, Ermənistan dövlətinin zəifliyindən irəli gələn bir şeydir. Onlar həmişə kiməsə sığınmağa öyrəşiblər. ABŞ-nin hədəfində tək Azərbaycan deyil, İran, Rusiya və Türkiyə də var. Regionda onlara təzyiq göstərmək istəyirlər. Əsas məqsədləri dünyanı yenidən bölüşdürməkdir. Dünya ölkələrini 12-15 makro zonaya çevirmək niyyətindədirlər. Bunu həyata keçirmək üçün isə dövlətləri öz aralarında vuruşdurmaq planları var. Ermənistanı Azərbaycan və Türkiyə ilə qarşı-qarşıya qoyurlar. Regionda sabitliyin olmasına imkan vermək istəmirlər.
Halbuki bu gün regionda bir reallıq var: Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanması labüddür. Bunun üçün Ermənistan ərazisindən hərbi poliqon kimi istifadə etməyə ABŞ-yə icazə verməməlidir. Əks halda ABŞ Ermənistanı silahlandırmaqla onu Rusiyaya qarşı yönəldəcək və bu ölkə Ukraynanın taleyini yaşayacaq.
Şahanə Rəhimli
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ