Onlayn ictimai-siyasi qəzet
Ukraynanın sosial şəbəkələrində Azərbaycanın Rusiya ilə əməkdaşlığına görə bu ölkədəki SOCAR yanacaqdoldurma məntəqələrini boykot etmək çağırışlarına bəlkə əhəmiyyət verməmək də olardı. Amma burda hədəf təkcə SOCAR deyil, hücum Azərbaycana qarşıdır. Bəlkə də bu hücumlarda son vaxtlar Zelenski ilə pıçıldaşan Paşinyanın xüsusi xidmət orqanlarının da barmağı var. Amma təkcə onlar deyil...
Azərbaycana hücumlara səbəb Rusiya Prezidenti Vladimir Putinin Bakıya rəsmi səfəri və SOCAR ilə “Qazprom” arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilməsidir. Göründüyü kimi, SOCAR burda yalnız hədəfin gözə görünən hissədir. Biriləri açıq şəkildə Azərbaycanın xarici siyasətini, “kiminlə dost, kiminlə düşmən olmasını” təftiş etməyə girişiblər. Bu yerdə əltəttə ki, ermən barmağı xırda görünür, ortaya Ukraynanın “boynuyoğun” dostları, yəni Qərb kəşfiyyatı və siyasi kuratorları üzə çıxır. Çünki Azərbaycan-Rusiya əlaqələri, Putinin Bakı səfəri daha çox onları narahat edir...
Ukraynanın sosial şəbəkələrində anti-Azərbaycan mövqeyi sərgiləyənlərini bəziləri ölkəsində hörmət edilən, mediaya geniş çıxışı olan, necə deyərlər, tirajlı adamlardır. Məsələn, onlardan biri “Youtube”dakı “Svobodnıy” kanalının təsisçisi və aparıcısı Vladislav Sidorenkodur. Onun yazdıqlarına diqqət edək: “SOCAR xəyanət xoşlayır. SOCAR-ı boykot edirəm və Ukraynada bağlanmasına çağırıram”. Ukraynan Ali Radasının deputatı(bəlkə də sabiq) İqor Lapin isə nalayiq ifadələrə keçib: “Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkəsi olan Azərbaycanın SOCAR şirkəti terrorun sponsorları siyahısına qoşulub”. Ukraynalı yarış sürücüsü və teleaparıcı Aleksey Moçanov da onlardan geri qalmayıb: “Bu gün dövlətə məxsus olan Azərbaycan şirkəti adamyeyənlə(yəqin ki, Putini nəzərdə tutur) ortaq biznesə girib. Gəlir əldə edəndən sonra mən ürəkdən inanıram ki, bu kompleksə(SOCAR-ı nəzərdə tutur) gələn hər bir ağlı başında olan ukraynalı mənim 180 min izləyicim arasında olmayacaq. Real dostlarım SOCAR-ın boykot və qapadılması tərəfdarı olmalıdır. Başqa seçim yoxdur”. Aydın görünür ki, bu, müharibədən yorulmuş elitanın sərxoş mövqeyi deyil, məqsədli şəkildə təşkil edilmiş hücumdur. Fikir verin, Azərbaycanın transmilli şirkətini “terrorun sponsoru” kimi təqdim edirlər.
Ukrayna bizə dost ölkədir, ukraynalılar da həmişə xalqımıza hörmətlə davaranıblar. Biz bu müharibədə şübhəsiz ki, sonadək ukraynalıların qələbəsinin, ərazi bötüvlüyün bərpasına tərəf olacağıq. Müharibə başlayandan Ukraynanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olanlar sırasında azərbaycanlılar da var. Amma indi biriləri kimlərinsə sifarişi ilə Azərbaycanı hədəf alırsa, buna susmaq da olmaz...
Biz Ukraynanın haqq işində onu müdafiə ediriksə, bu o demək deyil ki, biz onlara borcluyuq. İki Qarabağ müharibəsini, 30 illik işğalı, qaçqınlığı yaşamışıq xalq və ölkə olaraq onların dərdlərini daha yaxşı anlayırıq. Biz iki Qarabağ müharibəsi edəndə isə Ukrayna Ermənistanla iqtisadi-siyasi əlaqələri kəsməyib, onlara silah da satıb, onlardan içməyə konyak da alıb. İndi bəzi ukraynalılar özlərini elə aparırlar ki, guya bizim onlara borcumuz var, o səbəbdən torpaqlarında müharibə başlamış Rusiyaya düşmən kəsilməliyik, onlarla heç bir əlaqə qurmamalıyıq. Kimsə yaxşı yazmışdı ki, ukraynalılar hələ Rusiya qazının tranzitindən “Qazprom”dan aldıqları pulu yeyirlər, bizə isə ağıl öyrədirlər, irad tuturlar, təhqir edirlər...
Torpaqlarımızın 30 illik işğal dövründə Ukrayna bircə barmağını qatlasın ki, dövlət olaraq bizə hansısa dəstək verib və indi də başımıza qaxanc edə bilərlər. Belə bir fakt yoxdur. Əgər ümumi “ərazi bötüvlüyü” bəyanatlardan söhbət gedirsə, onlar var. 44 günlük müharibədə Ukrayna XİN-in bir sarsaq mövqeyi də var, guya hər iki tərəfi sülhə çağırdılar. Yəni Ukrayna, rəsmi Kiyev bizə heç bir minnət qoya bilməz. Əgər silah almışıqsa, pulunu vermişik. Bizə onlar kimi NATO ölkələri silahlarını hədiyyə verməyib.
Rəsmi Bakının Ukraynaya hansı dəstək verdiyini Kiyevdə yaxşı bilirlər. Elədiyini demək yaxşı iş deyil. Amma biriləri unudursa, ölkə benzin qıtlığı yaşayanda, indi “terror sponsoru” kimi damğaladıqları SOCAR Ukraynanın təcili yardım və yanğınsöndürən maşınlarına müftə benzin verirdi. Müharə başlayandan bəri bir neçə dəfə humanitar yardım da göndərilib. Müharibədən əziyyət çəkən və ailə üzvlərini itirmiş 150-dən çox ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya üçün Azərbaycana da gətirilib.
O fikrimdə yenə qalıram ki, Ukrayna dövlət olaraq bir çox ciddi səhvlərə yol verib və indi də xalq onun altını çəkir. Kiyev həm Krımı, həm şərq vilayətlərini itirməyə bilərdi. Qərbin Ukraynaya “Avromaydan”la müdaxiləsi o qədər kobud oldu ki, Moskva nəyə əli yetdisə, onu Kiyevdən qoparıb aldı. İndi isə itirilmiş əraziləri nə müharibə ilə geri qaytarmaq mümkün olur, nə də sülhlə...
Ukrayna xalqının bugünkü ağır vəziyyətinə görə təkcə “vaxtı keçmiş” prezident Zelenski məsuliyyət daşımır, ondan əvvəlki dövlət başçıları, hətta Stepan Banderaya milli qəhrəman adı verən demokrat Yuşşenkonun da məsuliyyəti var.
Müharibənin nə vaxtadək davam edəcəyi bəlli deyil. Rusiyanın son şərtlərinə cavab olaraq Ukrayna Qərbdən aldığı hərtərəfli dəstək sayəsində Kursk vilayətində ərazilər tutub.
Nankorluq pis xüsusiyyətdir, ukraynalılara da heç yaraşmadı. Bu yerdə “borclu borclunun sağlığını istər” deyə də bilmirik...
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ