Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın bizim regiondakı münaqişlərdən baş çıxarmadığı Qarabağ problem zamanından bəlli idi. “Bizim region” deyəndə ümumiyyətlə, postsovet məkanındakı etnik və ərazi münaqişələrini nəzərdə tuturam. Minsk Qrupunda təmsil olunduğu 30 ildən artıq müddətdə ABŞ-ın münaqişənin həlli ilə bağlı təkliflərinin mahiyyəti Azərbaycanın torpaqlarını Ermənistana birləşdirməkdən ibarət idi. 2001-ci ilin aprelində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ilk dəfə olaraq o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyilə Minsk Qrupunun həmsədrlərinin (Keri Kavano, Jan Jak Qayyard və Vyaçeslav Trubnikov) iştirakı ilə Heydər Əliyev və Robert Köçəryanın görüşü oldu. Müzakirələr 4 gün çəkdi və amerikalı həmsədr Kerri Kavano əlində gələni etdi ki, Ki-Uestdə tərəflər razılaşma imzalasınlar. Köçəryanın razılaşdığı həll planına, Heydər Əliyev “yox” dedi. Bəzi təfərrüatlar bu görüşdən illər sonra üzə çıxdı, elə həmin Köçəryanın yazdıqlarından bəlli oldu ki, ABŞ bizdən Qarabağın Laçınla birlikdə Ermənistana birləşdirilməsinə, ya da müstəqilliyə yaxın statusa razılaşmamızı istəyirdi.
Sonralar da ABŞ və digər həmsədrlər paket, mərhələli və ümumi dövlət, Madrid prinsipləri və daha nələr təklif etsələr də, heç biri razılığa gətirib çıxarmadı. Kavano sonralar Heydər Əliyevə Ağdam Cümə məscidindən daş gətirərkən “ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq” kimi çoxmənalı fikiri də Azərbaycanın bir gün Qarabağın tam qaytarılmasına ümid etməmək mesajı kimi də yozulurdu. Bunları xatırlamaq indinin özündə belə, yəni Qarabağın tam azadlığından sonra da adamı incidir.
İndi amerikalılar bütün dünyanın canını boğazına yığan və üç il üç aydır davam edən Rusiya-Ukrayna savaşını da eyni “Kavano həvəsi” və “diplomatik ağılla” dayandırmaq istəyirlər.
ABŞ prezidentinin az qala dünyadakı bütün münaqişlər (indilikdə İran və Ukrayna) üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Trampa müharibəyə mümkün qədər tez son qoymaq üçün Ukraynanın dörd regionunun – Luqansk, Donetsk, Zaporojye və Xersonun Rusiyaya verilməsini təklif edib. “Ukraynada atəşkəsə nail olmağın ən qısa yolu, 2022-ci ildə qeyri-qanuni ilhaq etməyə çalışdığı Ukraynanın dörd şərq regionunun Rusiyaya mülkiyyətini təhvil verəcək strategiyanı dəstəkləməkdir”, deyə Uitkoff bildirib. Nə dahiyanə təklif, nə incə diplomatiya, nə ədalətli yanaşma...Putin müharibənin qurtarması üçün bu “həll yolunu” hələ Bayden dövründən deyir. Sülh üçün şərti budur. ABŞ-ın daha bir xüsusi nümayəndəsi Keyt Kelloq isə bildirib ki, Ukrayna “mübahisəli torpaq”la bağlı bəzi şərtləri müzakirə etməyə hazır olsa da, ərazilərin birtərəfli qaydada Rusiyaya verməyə heç vaxt razı olmayacaq.
Bəs Ukraynanın çıxş yolu nədir? Rusiya niyətindən əl çəkmir, bu müharibəni indən sonra bu tempdə bəlkə azı iki il də aparmağa hərbi resursu var. Dünya da işğalı durdura bilmir. Kiyevi tutaq ki, Avropa Birliyi daha iki il müqavimət göstərməyə hazırlasın. Sonra?
Biz bu məğlubiyyəti görümüşük, çox ağır şərtlər altında 30 il dözmüşük. Ukrayna 2014-cü ildə Krımı bir ukraynalı ölmədən əldən verdi, indi 3 idir müqvimət göstərirlər, amma nəticə yenə də ərazi itirməyə doğru gedir.
Diplomatiyaya şans vermək Putini 4 regionu öz ərazisinə qatmaq hərisliyindən vaz keçirməyəcək, ona görə Ukraynanın danışıqlardan başqa yolu yoxdur. Əslində var, sonuncu ukraynalıyadək döyüşmək. Belə lokal müharibələr olub, minlərlə əsgər bir savaşda məhv olub. Amma son 100 illikdə elə bir nümunə yoxdur ki, bütün xalq qırılıb qurtara, sonra düşmən qələbəsini elan edə. Diplomatiya Ukrayna üçün çarə deyil, bunu da Azərbaycan olaraq öz təcrübəmizdən bilirik. Amma diplomatiya həm də vaxt qazanmaq, bir az özünə gəlmək fürsəti deməkdir.
Putin bu fürsətləri bildiyinə görə torpaqların işğalının dərhal “legitimləşməsini” tələb edir. Olsun, istəsin, amma Zelenski arzulasa belə, buna zatən təkbaşına qərar verə bilməz, ən azı referendum lazımdır. Ukraynaya indi ən vacibi zaman lazımdır, bunu necə dəyərləndirəcək, o da əsasdır.
Ukrayna ərazicə genişdir, bizim kimi illərlə çadırlarda yaşamaya bilərlər, zatən bir neçə milyonu artıq dünyanın müxtəlif ölkələrdə yerləşiblər, pis də yaşamırlar. O dövlətlər ki, Ukraynaya silah üçün pul verirlər, onu ölkədə evi- yurdu dağılmış ukraynalıya versin, heç olmasa, dövlətin adını daşıyan millət qalsın, artsın, belini düzəltsin.
...Dünya belə qalmayacaq, nə qədər romantik- sentimental səslənsə də, Rusiyanın da bir gün qartalının başına daş dəyəcək, bu işğal da tarixdə qara ləkə kimi qalacaq. Zelenski “Putin öləcək, hər şey bitəcəkz” deyəndə bir az da haqlıdır. Rusiyanı anlamağa çalışan biri kimi deyirəm ki, bu ölkə bu cür aqresiv siyasətlə ərazisinə Ukrayna boyda ərazi də qoşa bilər, amma bunların bədəlini mütləq ödəyəcək. Çünki tarix onu da sübut edir ki, Rusiya o vaxt dağılmağa başlayır ki, imperiya hərisliyi gözlərini tutub, “şişiblər” və nəhayət, içəridən partlaq verib. Rusiyanın içəridən dağılması üçün içini daha da “qurd basması” lazımdır...Rusiyaya da zaman lazım yəni...
Nazim SABİROĞLU
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ