Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi xarici səfəri 2025-ci ilin 16 aprelində Azərbaycana oldu. Bu, belə demək olarsa, protokol xəttindən daha çox strateji və rəmzi səciyyə daşıyan bir hadisədir. Həm Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi ikitərəfli görüş, həm də birgə mətbuat konfransında səsləndirilən bəyanatlar Güney Qafqazın geosiyasi konfiqurasiyasında Bakı-Tiflis tandeminin möhkəm qaldığını bir daha təsdiqlədi.
Bu səfər – təkcə iki ölkə arasında keçmişə dayanan güvənə əsaslanmır, o həm də bu günün gerçəkliklərinə cavab, sabaha yönəlik birgə baxışdır.
Dünən:
birgə iradə, ortaq coğrafiya
Azərbaycan və Gürcüstan müstəqilliklərini bərpa etdikləri ilk dönəmlərdən strateji müttəfiqlik kursuna sadiq qaldılar. XX yüzilin 90-cı illərində bölgədə meydana çıxan münaqişələr – özəlliklə Abxaziya və Güney Osetiyada baş qaldıran separatizm, eləcə də bizim Qarabağ və çevrəsinin işğalı – bu iki dövləti həm oxşar təhlükələr, həm də oxşar çağırışlar qarşısında qoydu. Tiflis və Bakı “ərazi bütövlüyü prinsipi”ni həm beynəlxalq hüququn möhkəm dayağı, həm də qarşılıqlı milli təhlükəsizlik qarantiyası kimi dəyərləndirdirməkdə haqlıydı.
1998-ci ildən başlayaraq Bakı-Supsa, daha sonra Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum enerji dəhlizləri, həmçinin Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə iki ölkə ortaq geoiqtisadi məkan yaratdı. Bu yalnız iqtisadi işbirliyi deyil, həm də siyasi güvən arxitekturası idi. Gürcüstan NATO və Avropa Birliyi ilə yaxınlaşma yolunda Azərbaycanın dəstəyini daim hiss etdi, Azərbaycan isə öz enerji ixracının sabit marşrutunda Tiflisə etibar etdi.
Bu gün:
bölgəsəl çağırışlara ortaq cavab
İlham Əliyevlə Mixeil Kavelaşvilinin birgə bəyanatında vurğulandığı kimi, hazırkı mərhələdə işbirliyinin əsas dayaqları dəyişməyib – enerji təhlükəsizliyi, daşımaçılıq infrastrukturunun çağdaşlaşdırılması, dayanıqlı iqtisadi inkişaf və bölgəsəl sabitlik. Özəlliklə Güney Qaz Dəhlizi çərçivəsində Gürcüstan üzərindən Avropaya uzanan təbii qaz axını, bu ölkənin də enerji qovşağına çevrilməsində Azərbaycanın rolunu artırır.
Bəs hazırkı mərhələnin fərqi nədir? - Bu fərqi qısaca incələməyə çalışaq:
bölgə post-münaqişə dönəmindədir. Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsi ilə Güney Qafqazda yeni siyasi gerçəkliklər formalaşıb. Gürcüstanın da Abxaziya və Güney Osetiya ilə bağlı haqlı mövqeyi var və Azərbaycan bu məsələdə daim Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib.
Mətbuat konfransında Prezident Əliyevin Gürcüstanın enerji təhlükəsizliyindəki rolunu xüsusi vurğulaması, bir növ Azərbaycanın strateji təşəkkürünün ifadəsidir. Mixeil Kavelaşvilinin Azərbaycanın COP29-a evsahibliyi etməsi ilə bağlı təbriki isə ortaq yaşıl enerji gündəliyinin yaxın gələcəkdə də prioritet olacağını göstərir.
Sabah:
tərəfdaşlıqdan alyansa doğru
Hazırkı qlobal və bölgəsəl gerçəkliklər – özəlliklə Qara dəniz hövzəsində geosiyasi rəqabətin artması, Gendoğardan Günbatara ticarət marşrutlarının daha önəmli hala gəlməsi və s. – Azərbaycan ilə Gürcüstanı təkcə tərəfdaş deyil, strateji alyans halına gətirir.
Bu müttəfiqlik yalnız iqtisadi deyil, necə deyərlər, normativ və etik müstəvidə də formalaşır. Hər iki ölkə beynəlxalq hüququn əsas prinsiplərinə –
suverenlik,
sərhədlərin toxunulmazlığı,
qarşılıqlı sayğı –
sadiqdir. Belə ortaq dəyərlər isə Azərbaycan-Gürcüstan bağlarını gündəlik siyasətin dəyişkən dalğalarından qoruyan əsas dayaqlardır.
Eyni zamanda,
belə bir alyans üçüncü tərəflərlə münasibətlər kontekstində də önəmlidir. Örnəyi, qardaş Türkiyə bu üçtərəfli işbirliyinin mərkəzi aktorudur.
Ermənistanla sülh gündəliyinin inkişafı da Gürcüstanın vasitəçi rolu baxımından vacib sayıla bilər.
Ərazi bütövlüyü:
oxşar ağrılar, ortaq prinsiplər
Azərbaycan ilə Gürcüstanı birləşdirən bir vacib psixoloji və siyasi məqam da var: bu, ərazi bütövlüyü məsələsində ortaq ağrıların və təcrübənin olmasıdır. Abxaziya və Güney Osetiyada Gürcüstanın qarşılaşdığı separatizm və işğal faktoru, Azərbaycana olduqca tanışdır. Bu baxımdan, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı uğur Gürcüstanda da diqqətlə izlənildi və müəyyən mənada “ümid modeli”nə çevrildi.
Açığı, hər kəs bilir ki, Azərbaycanın tarixi Zəfəri Gürcüstanı heç olmazsa, güney-batı səmtindən gələn təhlükələrdən sığortalamış oldu - Cacaxetiya ll Qarabağ olmadı… Bu isə Tiflisin quzey və quzey-batı səmtindəki qayğılara daha çox odaqlanmasına (daha böyük resurs cəlbinə) əlverişli ortam yaradıb…
Gələcəkdə, əgər geosiyasi konyonktur imkan versə, Azərbaycanın təcrübəsi və diplomatik bacarığı Gürcüstan üçün də yararlı ola bilər. Eyni zamanda, Gürcüstan da Azərbaycanın Avropa ilə siyasi inteqrasiyası baxımından önəmli tranzit və diplomatik körpüdür.
Sonuc:
Bakı-Tiflis xətti – sabitliyin əsası
Prezident Mixeil Kavelaşvilinin ilk səfərinin Bakıdan başlaması bir rəsmi jestdən daha çox, bir ismarıcdır: bölgənin sabitliyi və gələcəyi Bakı-Tiflis oxu çevrəsində qurulur. Bu xətt – müstəqilliklərimizin başlanğıcından bəri dayanmayan bir yoldur. O yol ki, üzərində boru kəmərləri, “ipək dəmir yolları”, siyasi güvən və ortaq dəyərlər qurulub…
Bu gün Güney Qafqaz nəinki enerji, daşımaçılıq və iqlim məsələlərində, həm də siyasi təhlükəsizlik gündəmində ciddi seçim mərhələsindədir. Azərbaycan və Gürcüstan isə bu seçimi artıq ediblər - srçimin məzmunu belədir: sabitlik, işbirliyi və ərazi bütövlüyü prinsipi əsasında birgə gələcək!
Və bu gələcəyin adı Qafqaz sabitliyinin Azərbaycan modeli ola bilər.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ