Onlayn ictimai-siyasi qəzet
Rusiyaya bağlı erməni müxalifətinin təmsilçisi, Gümrü şəhərinin meri vəzifəsinə seçilən Vardan Qukasyan bəlkə də dərinə varmadan tarixi həqiqətləri dilə gətirib. Bildirib ki, “1920-ci ilin 20 avqustunda Rusiya ilə imzalanan müqaviləyə görə, Zəngəzur, Qarabağ və Naxçıvan bizə verilirdi. Və elə həmən gün imzalanan Sevr anlaşmasında ingilislərlə fransızlar bizə 160 min kv kilometrlik ərazi vəd etdilər. Biz onlara inandıq. Bir neçə gün sonra türklər nə vardı, əlimizdən aldılar və Aleksandropol (Gümrü-red.) anlaşmasına görə, bizə cəmisi 9,7 kv km torpaq saxladılar. Ruslarsız bizim indiki kimi 29,8 kv km ərazimiz olmazdı”.
Qukasyan bu faktları Ermənistanın Rusiyanın “əsəri” olduğunu isbat etməkdən ötrü açıqlayıb heç şübhəsiz. Həmçinin 2026-cı il parlament seçkiləri ərəfəsində Soros komandasının, xüsusilə də Paşinyanın “taxt”dan salınmasının zərurət olduğuna işarə edib. Bütün bunlar öz işləridir, bizi Ermənistan adlı saxta ölkənin qurulması ilə bağlı ermənilərin özlərinin də etiraf etdiyi faktlar daha çox maraqlandırır.
Bu barədə kifayət qədər tarixi mənbələr var. 19-cu əsrdə İran və Türkiyədən köçürmələr hesabına ermənilərin İrəvan xanlığı ərazisində süni şəkildə çoxaldılmasına dair kifayət qədər məlumatlar mövcuddur. Məsələn, Rusiyanın Tehrandakı səfiri və rus alimi, əslən Sankt-Peterburqdan olan N.N.Şavrov Çar Rusiyasının Cənubi Qafqazdakı müstəmləkəçilik siyasəti haqqında yazırdı: “Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq. 1826–28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi”.
Bunu rus alim-diplomat yazıb, biz yox.
Yaxud tarixi qaynaqlardan oxuyuruq ki, 1918-ci ildə mayın 26-da Zaqafqaziya Seymi buraxıldıqdan sonra əvvəlcə Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan öz müstəqilliyini elan edir. İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 9 min km², əhalisi isə 321 min nəfər təşkil edirdi. Ən maraqlısı budur: İrəvanın güzəştə gedilməsi ilə İrəvan Xanlığının ərazisində yaradılmış Ermənistanın 321 minlik əhalisinin 200 min erməni, 100 min azərbaycanlı idi. Qalan 5 min yezidi kürdləri, 6 min isə digər millətlərin nümayəndələri olub. Bu gün isə Ermənistanın təqribən 2 milyon yarım əhalisinin 98 faizə yaxını erməni, 1 faizi yezidi kürdlər, 0,4 faizi isə ruslar və digərləridir. 1918-ci ilin bu vaxtları hətta o qədər dəhşətli qırğınlardan sonra da İrəvan ərazisində 100 min azərbaycanlı yaşayırdı! Ərazisi isə 9 min km²!
29 noyabr 1920-ci ildə Qızıl Ordu birliklərinin İrəvana daxil olmasından az sonra Qərbi Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana verilib və Nəriman Nərimanov məlum bəyanatı – qara xəbəri Azərbaycan xalqına elan edib. Qukasyanın dediyi kimidir, Rusiyanın ermənilər – haylar üçün xidmətləri kifayət qədərdir, fərqi yoxdur, Çar Rusiyası, Sovet Rusiyası. Hətta müasir Rusiya da azı 30 il ərzində Ermənistan üçün əlindən gələni edib və torpaqlarımızın işğalının davam etməsində hərtərəfli dəstəyi olub.
Gümrüdəki Qukasyanın etirafları “kadastr sənədi olmayan” Ermənistanın tarixinə işıq salmaq baxımından əhəmiyyətlidir. Biz bilsək də, ermənilərin özlərinin dilə gətirdiyi etiraflarının öz yeri var. Təsəvvür edin, Ermənistan 9 min kv.km-lə Paris Sülh Konfransına qatılıb, amma de-fakto müstəqilliyi tanınan Azərbaycandan fərqli olaraq, erməni nümayəndələr suyu süzülə-süzülə geri qayıdıblar. Bu gün Millətlər Liqasının arxivində saxlanılan Azərbaycan Demokratik Cümhuriyyətinin xəritəsi Ermənistanın başının üzərindəki Domokl qılıncıdır – 2.8 milyonluq, 113,9 min kv.km əraziyə sahib Azərbaycandan söhbət gedir! Ermənistan Zəngəzur dəhlizini özünün varlığı üçün təhlükə sayır, hesab edir ki, bu, Qərbi Zəngəzurun ana vətənə qaytarılması üçün ilkin addım olacaq, tarixi ədalət bərpa ediləcək.
Yeri gəlmişkən, Gümrüdəki Qukasyanın soydaşı, Bakı Ədalət Məhkəməsində mühakimə edilən Qarabağ separatçılarından biri Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib. Diqqət edin, həm o Qukasyan, həm bu Qukasyan etiraf edir və hər ikisi erməni yalanlarını alt-üst edən məlumatlar söyləyirlər. Ermənistan əraziləri də süni şəkildə belə artırılıb, türklərə qarşı qətliamlar da beləcə həyata keçirilib, azərbaycanlılara divan tutulub.
Hələ eks-prezident Levon Ter-Petrosyanın 1993-cü ildəki etirafları. Xatırlayaq: “Biz Ermənistanı təmizlədik azərbaycanlılardan, biz artsaxı təmizlədik. Erməni xalqının son 600 ildə edə bilmədiyini siz etdiniz ( könüllü hərbi dəstələri nəzərdə tutur). Biz Ermənistanı azərbaycanlılardan ona görə təmizlədik ki, onlar bizə hədəflərimizə çatmağa əngəl olacaqdılar. 170 min azərbaycanlı 3 rayonda çoxluq təşkil edirdilər. Zəngəzur boyu da çoxsaylı idilər. Biz onları təmizləməsəydik həmin bölgələrdə problemlər yaşayacaqdıq, SSRİ dağılan kimi. Azərbaycanda Dağlıq Qarabağdan kənarda yaşayan 300 min ermənilərin köçüb Ermənistana gəlməsi də bizə lazım idi. Onlar orada qalsaydılar Azərbaycan girov kimi onlardan bizə qarşı istifadə edib tarixi missiyamızı gerçəkləşdirməyə qoymayacaqdılar. Üstəlik, bununla biz demoqrafik problemimizi həll etdik”. Bax, budur onların mahiyyəti.
Azərbaycanın əlində o qədər tutarlı arqumentlər var ki…Ona görə də ötən həftə Antalya Diplomatiya Forumunda Azərbaycana qarşı sərsəm iddialar səsləndirən Ararat Mirzoyan indi deyir biz hətta vasitəçisiz, sərhəddəcə sülh müqaviləsini imzalamağa hazırıq! Hələ sərhəd yoxdur e, min km-ə yaxın ərazi dəqiqəşməlidir! Makron Fransasının riyakarlıqlarını bir kənara qoyun, Paris Sülh Konfransının nəticəsinə əsasən, Ermənistanı Göyçə gölünün üçdə biri ilə kifayətlənmək qorxusu gözləyir! Şübhə yoxdur ki, ADR-in həmin xəritəsi Ermənistan rəhbərliyinin masası üzərindədir. Nikol Paşinyan bu narahatlığa görə “real Ermənistan” çağırışı edir. Məhz buna görə də tez-tez “Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır”, deyir. Amma Ermənistan ərazi bütövlüyümüzü necə tanıyırsa, hələ də 4 kəndimizi işğalda saxlayır? Tez-tez “Ermənistan 86,6 min km² ərazisi olan Azərbaycanın bütövlüyünü, Azərbaycan da, öz növbəsində 29,8 min km² ərazisi olan Ermənistanın bütövlüyünü tanıyır”, - deməklə Paşinyan ADR-in 113,0 min kv.km-lik ərazisini unutdurmaq istəyir. Çox həyəcanlıdırlar, çox qorxurlar, zənn edirlər ki, bu dava Zəngəzur dəhlizi ilə bitməyəcək, çünki Azərbaycan haqlı tərəfdir, Qarabağ kimi, Şərqi Zəngəzur kimi, Qərbi Zəngəzur da onun təbii haqqıdır! Azərbaycan sülh tərəfdarıdır, 300 min azərbaycanlının ləyaqətli şəkildə öz yurdlarına təhlükəsiz şəraitdə qaytarılmasını tələb edir. Ermənistan azərbaycanlıların öz evlərinə qayıdışını təmin etməsə…
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ