İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

"Xural" Media Qrupunun rəhbəri, hazırda həbsdə saxlanılan jurnalist Əvəz Zeynallının səhhəti ilə bağlı azadlığa buraxılması üçün keçiriləcək məhkəmə iclasının tarixi məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Rəşad Vaqifoğlu məlumat verib.

Vəkil bildirib ki, Əvəz Zeynallının səhhəti ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəyə aprelin 24-də Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.

Qeyd edim ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1 -ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş şikayəti təmin etməyib.

Kassasiya şikayətinə əsasən isə Ali Məhkəmə ona qarşı irəli sürülmüş ittihamdan Qasımov Şahbaz Əli oğlundan 8.000 (səkkiz min) manat məbləğində rüşvət almasına dair epizodun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinin xaric edilməsi, həmçinin cəzasının 2 ay azaldılması barədə qərar verib.

Hazırda Əvəz Zeynallı yalnız üç maddə - 311.3.3, 311.3.4, 312-1.1 maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, Əvəz Zeynallının səhhətinə görə azadlığa buraxılması üçün bir qrup hüquq müdafiəçisi, jurnalistlər prezident İlham Əliyevə müraciət etmişdilər.

Onun həyat yoldaşı Məlahət Zeynalovanın sözlərinə görə bir müddət əvvəl Əvəz Zeynallının sağlamlıq durumu ilə bağlı narahatlıqlar yaranıb, müvafiq müayinələr aparılıb və nəticədə onda onkoloji xəstəlik aşkarlanıb. Bağırsaqda aşkarlanan bədxassəli şiş artıq qaraciyərə metastaz verib. Hazırda Ə. Zeynallının kimyəvi terapiya müalicəsinə başlanılması planlaşdırılır.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR