Onlayn ictimai-siyasi qəzet
Amerikalı milyarder İlon Maskın kosmik və peyk şirkəti olan SpaceX, ABŞ-ın tanınmış proqram təminatı istehsalçısı Palantir Technologies və müdafiə dronları istehsal edən Anduril Industries ilə strateji əməkdaşlığa başlayıb.
Musavat.com xəbər verir ki, məqsəd – ABŞ-ın yeni nəsil müdafiə sisteminin əsas hissələrini – “Golden Dome” layihəsini inşa etməkdir.
Reuters agentliyinin məlumatına görə, bu üç texnoloji nəhəng hazırda ABŞ Müdafiə Nazirliyinin maraq dairəsində olan bu xüsusi layihə üzrə birgə təklif təqdim ediblər. “Golden Dome” sistemi ABŞ-ın müasir hava hücumundan müdafiə infrastrukturlarını yenidən qurmağa, dron və raket hücumlarını süni intellekt və real zamanlı peyk nəzarəti vasitəsilə daha effektiv şəkildə dəf etməyə yönəlib.
Mənbələrin bildirdiyinə görə, bu təşəbbüs Pentaqon daxilində getdikcə artan texnoloji startaplara marağın bir göstəricisidir. SpaceX layihəyə “Starlink” peyk şəbəkəsi ilə, Palantir isə süni intellekt və analiz platformaları ilə töhfə verəcək. Anduril isə dron sistemlərinin istehsalı və hava məkanının nəzarətində əsas rolu öz üzərinə götürəcək.
Hazırda bu layihəyə bir sıra digər startaplar da qoşulmaq üçün müraciət edir. “Golden Dome” konsepsiyası ABŞ-ın gələcək müharibə doktrinasının tərkib hissəsi hesab olunur.
Mövzu ilə bağlı İlon Maskdan hələlik açıqlama verilməyib. Amma ABŞ mediası bu təşəbbüsü texnologiya sektorunun müdafiə sənayesi ilə daha sıx inteqrasiyası kimi dəyərləndirir.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ