İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Vaşinqtona tet-a-tet etiraz

Azərbaycan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin son xain hərəkətlərindən olan etirazını birbaşa Blinkenin adamına çatdırdı; Asim Mollazadə: “ABŞ-dan bu dəstək Ermənistana heç nə gətirməyəcək, İrəvanın tək nicatı...”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub. Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib. İkitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb. 

“Yeni Müsavat” yazır ki, bu xüsusda 16 sentyabr tarixində Ermənistanın ABŞ-dakı səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğu, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıdığı vurğulanıb. Caşua Hak ötən il də ölkəmizdə olmuş, bəzi vəkillərlə görüşmüşdü. Onun Azərbaycana səfəri ABŞ dövlət katibi Entoni Blinkenin sentyabrın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan və sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarından sonraya təsadüf edir. Sentyabrın 16-da ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ hər zaman Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini bir araya gətirmək üçün imkanlar axtarır.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) inzibatçısının müavini İzobel Koulmanın Ermənistanın ABŞ-dakı səfirliyində keçirilən tədbirdə Azərbaycanı “hücum edərək nəzarəti ələ keçirməkdə” və 100 000-dən çox etnik ermənini öz evlərini tərk etməyə məcbur etməkdə" ittiham edib. Koulman USAİD-in Qarabağdan köçürülən insanlara yardım məqsədilə 18 milyon dollar məbləğində vəsait ayırdığını vurğulayıb. İ.Koulmanın bəyanatları və USAİD-in fəaliyyətləri Ermənistanda separatizm və revanşizmi açıq şəkildə dəstəkləyib. Nazirin də dediyi kimi, ABŞ təmsilçilərinin bu cür bəyanatlar vasitəsilə təşviq etdiyi siyasət də bölgədə sülhün bərqərar olmasına kömək etmir.

Həmçinin bugünlərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beşillik yardım paketinin həcmini iki dəfədən çox 120 milyondan 250 milyon dollara qədər artıracağı ilə bağlı məlumatlar gündəmdədir. Ermənistan Nazirlər Kabinetinin yaydığı xəbərə görə, maliyyə yardımı “demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi” və digər sahələrə yönəldiləcək. Azərbaycan xalqı bu xəbərə təəccüblənmədi. Səbəb isə Qərbin Azərbaycana münasibətdə son otuz ildən artıq davam edən ən “ağır mirası” - ikili standartlar siyasətidir. Qərb siyasi institutları sırasında yer alan USAİD heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməyib. 

Məsələn, 1991-ci ildən USAİD Azərbaycana dəstək proqramlarına 450 milyon dollardan çox sərmayə qoyub. Habelə iqtisadi sahəyə əlavə 20 milyon dollardan çox vəsait ayırıb. 1992-ci ildən bəri isə USAİD Gürcüstana 1,8 milyard dollardan çox yardım göstərib. Hazırda 35 layihə üzrə fəaliyyət davam edir. Ermənistana isə 1992-ci ildən bəri USAİD tərəfindən təxminən 3,3 milyard dollar sərmayə yatırılıb. Hazırda 22 layihə üzrə dəstək davam edir. Eyni zamanda USAİD 2024-cü maliyyə ilində öz xoşları ilə Qarabağdan könüllü şəkildə köçən ermənilər üçün 7 milyon dollardan çox humanitar yardım edib. Bununla da ABŞ-ın 2020-ci ilin sentyabrından bəri Qarabağla bağlı cavab tədbirlərini dəstəkləmək üçün ümumi maliyyə yardımı 31 milyon dollara çatıb. 

Əlavə olaraq, ABŞ Dünya Bankının Ermənistan üçün Qlobal Güzəştli Maliyyələşdirmə Fonduna 5 milyon dollar ayırıb. Bundan əlavə, ABŞ Beynəlxalq Maliyyə Korporasiyası kənd təsərrüfatı və sahibkarlığa dəstək üçün 50 milyon dollar kredit ayırıb. Xüsusi vurğulamaq lazımdır ki, Samanta Pauer USAİD-ə milli təhlükəsizlik sektorundan gələn ilk şəxsdir. Onun həbsdə olan separatçı Ruben Vardanyanla birgə layihələri olub. Bu həqiqətlərlə yanaşı, USAİD nümayəndəsinin səfirlikdəki çıxışı səbri daşıran son damla oldu və bu təşkilatın maskasını tam yırtdı. 

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə

Bu mövzuda “Yeni Müsavat”a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qeyd etdi ki, söhbət bu təşkilatdan getmir, məsələ həyata keçirilən siyasətdədir. A.Mollazadə vurğuladı ki, Ermənistana dəstək verən, uzun illərdir İrəvanla, erməni diasporu ilə sıx münasibətdə olan təşkilatlar fəaliyyət göstərir: “USAİD həmin təşkilatlardan biridir və Ermənistan bundan istifadə edir, pul qazanır. Amma əminəm ki, ABŞ-dan, Fransadan bu dəstək Ermənistana heç nə gətirməyəcək. Ermənistanın yegan yolu Azərbaycanla münasibətləri tənizmləmək, sülh müqaviləsi imzalamaqdır, əks təqdirdə, erməni xalqına faciələr gətirəcək”. A.Mollazadənin sözlərinə görə, ən böyük erməni diasporları bu ölkələrdə yerləşir, o baxımdan təsir göstərməyə çalışırlar: “Önəmli siyasətçilər də həmin erməni diasporu ilə əlaqəlidirlər. Onlar çalışırlar ki, Azərbaycanla bağlı yalanlar tirajlasınlar. Amma bir daha deyirəm ki, Ermənistana bu dəstəklə nəticə əldə etmək mümkün deyil, bu ölkənin nicat yolu sülh sazişi bağlanmasındadır”. A.Mollazadənin sözlərinə görə, İrəvan sülhdən yayınır. 

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin qənaətinə görə, ermənilərə bu qədər həyasız dəstəyin verilməsi ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir edir. Partiya rəsmisinin fikrincə, Azərbaycan ABŞ üçün Cənubi Qafqazda ən mühüm tərəfdaşdır, lakin Vaşinqtonun, ona bağlı təşkilatların davranışları əlaqələrə zərər vurur: “Ermənistanın əzizlənməsi Rusiyaya görədir. Bu siyasət uzun müddət davam edəcək. ABŞ Ermənistanda təsir imkanlarını artırdıqca bu dəstək güclənəcək. İntəhası, Vaşinqtonun yanlışı Azərbaycana qarşı Qarabağla bağlı ittihamların olmasıdır. Yəni erməniləri qucaqlayıb ruslardan ayırmaq istəyirsənsə, bunu bizə qarşı ədalətsizliyə yol verərək etməməlisən. Ancaq görürük ki, hələ də Qarabağa "hücumdan" danışırlar, dinc erməni əhalisinin guya zorla çıxarıldığını bildirirlər. Bu yalan təbliğat maşını dayandırılmalıdır". VHP funksioneri hesab edir ki, ABŞ-la bu məsələlərdə açıq şəkildə danışmaq lazımdır: “Qərbin niyyəti erməniləri Qarabağa qaytarmaqdır. Elə Rusiyanın da bu arzusu var. Hətta İran da bu istəyini gizlətmir. Bir-birinə düşmən kəsilən dövlətlər ermənilərin qayıdışında həmrəydirlər. Ancaq ittihamlar uğursuzdur. BMT və digər beynəlxalq təsisatlar heç bir etnik təmizləmə faktı aşkarlaya bilməyiblər”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR