Onlayn ictimai-siyasi qəzet
Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Yaroslav Moskallikin qətli ilə bağlı şok detallar üzə çıxıb. İstintaqın gedişində məlum olub ki, generalı öldürən partlayıcı avtomobilin sahibi olan şəxs onunla eyni girişdə yaşayırmış.
Musavat.com xəbər verir ki, məlumatları “Baza” teleqram kanalı yayıb.
Onların bildirdiyinə görə, şübhəli şəxs bir ay ərzində Moskvanın Nesterov bulvarı, ev 2-də kirayə mənzildə yaşayıb. Məhz bu ünvan Moskalliklə eyni binada yerləşirdi. Daha dəqiqi – onlar eyni blokda yaşayırdılar.
Baza-nın əməkdaşları həmin binada yaşayan sakinlərlə söhbət aparıblar. Bir neçə nəfər şahid kimi təsdiqləyib ki, 16 aprel tarixində girişin tam qarşısında “Volkswagen Golf” markalı avtomobil park edilmişdi. Bu avtomobilin içərisinə VOQ tipli döyüş sursatları (podstvolnı qumbara atıcılarının mərmiləri) ilə hazırlanmış partlayıcı qurğu yerləşdirilmişdi.
Sakinlər bildiriblər ki, həmin gün avtomobilin yanında bir kişi görünüb. Məhz o şəxs həmin maşını orada saxlayıb və o vaxtdan bir daha görünməyib.
2025-ci il 25 aprel tarixində, təxminən saat 10:40-da general Moskallik evdən çıxdığı anda avtomobildə yerləşdirilmiş uzaqdan idarə olunan bomba işə düşüb və general hadisə yerində ölüb.
Yayılan məlumata görə, “Volkswagen Golf”un son sahibi olan şəxs – Ignat Kuzin – bu fotoda əks olunur (foto 10–12 il əvvələ aiddir). O, Ukraynanın Sumı şəhərində anadan olub, 2015-ci ildən isə Qaraçay-Çərkəz Respublikasında qeydiyyatdadır.
Baza-nın yazdığına görə, Ignat Kuzin “Golf” markalı avtomobili 2025-ci ilin fevral ayında Andrey P. adlı şəxsdən alıb. Satıcı qeyd edir ki, Kuzin tam normal davranıb, heç bir şübhəli hərəkəti olmayıb.
Partlayış baş verməzdən bir neçə gün əvvəl, 16 apreldə avtomobil generalın evinin qarşısında park edilir. Bundan 3 gün sonra – 19 apreldə isə Kuzin Rusiyanı tərk edərək Türkiyəyə uçub.
Bu məlumatla bağlı istintaq orqanları tərəfindən Ignat Kuzin barəsində beynəlxalq axtarış elan edilib. Onun hazırda hansı ölkədə gizləndiyi və mümkün əlaqələri araşdırılır.
Hadisənin ardından bəzi rus teleqram kanalları sensasion iddia ilə çıxış ediblər. Bildirilib ki, partladılan “Golf” avtomobili əvvəllər Azərbaycan vətəndaşının adına qeydiyyatda olub. Bu iddia hələlik rəsmi təsdiqini tapmasa da, istintaq orqanları bu istiqamətdə araşdırma aparır.
General Yaroslav Moskallik Rusiya Müdafiə Nazirliyinin nüfuzlu zabitlərindən biri hesab olunurdu.
Musavat.com hadisə ilə bağlı istintaqın gedişini və əlavə detallar ortaya çıxdıqca oxucularına təqdim etməyə davam edəcək.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ