İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kansleri Orta Asiyaya getdi - Şolts Bakıya da gələcəkmi...

Almaniya kansleri Olaf Şolts Orta Asiya turnesinə başlayıb. Bazar ertəsi (16 sentyabr) onun Qazaxıstana səfər etməzdən əvvəl  Özbəkistana gedəcəyi gözlənilir. Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir. Şolts bununla 22 ildə Özbəkistana, 11 ildə Qazaxıstana səfər edən ilk kansler (və tarixdə ikinci) olacaq.

Üç günlük səfəri çərçivəsində Şoltsun Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri ilə altıtərəfli “Mərkəzi Asiya Görüşü”ndə iştirak edəcəyi gözlənilir. Bu, ötən il Berlində əsası qoyulan ikinci belə sammitdir.

Mətbuat yazır ki, Almaniyanın ABŞ, Çin və Rusiya kimi böyük güclərdən həddən artıq asılılığı problemlərə səbəb olub. Ona görə də Almaniya hökuməti bu kimi siyasət yürüdərək kiçik ölkələrlə əməkdaşlığa keçid edir.

Səfərin həm də Orta Dəhlizin gələcəyi baxımından önəmi və Azərbaycan üçün əhəmiyyəti nədir? Şolts Azərbaycana da gələcəkmi?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov: “Azərbaycanın razılığı olmadan pay almaq mümkün olmayacaq”

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov belə səfərlərin intensivləşməsinin başadüşülən olduğunu qeyd etdi: “Avropanın aparıcı ölkələrinin liderlərinin son bir neçə ildə Mərkəzi Asiya ölkələrinə davamlı səfərləri bəzi mətləblərə aydınlıq gətirir. Dünyada iqtisadi maraqlarının yenidən bölüşdürülməsi prosesinin getdiyi indiki dönəmdə bu səfərlərin intensivliyinin artmasını anlamaq mümkündür. Yeni bölgüdə hər kəs pay almağa cəhd edəcəkdir. Almaniya və Fransa kimi ölkələrin özlərindən daha böyük ABŞ və Çin kimi güclərin qarşısında buna necə nail ola biləcəkləri ikinci sualdır. Lakin real olan budur ki, Almaniya, Fransa kimi ölkələr bu yolda ciddi cəhdlər göstərməkdən usanmayacaqlar. Bir qədər öncə Fransa prezidenti Emmanuel Makron da Mərkəzi Asiya ölkələrinə səfərə çıxmışdı.

Fransa və Almaniya kimi ölkələrin resurslar və kommunikasiyalar uğrunda çabaları bundan sonra da davam edəcək. Çünki bu ölkələrin resursları tükənir. Bu gün Afrikadan qovulan Fransa yeni resurs məkanları tapmağa məhkumdur. Rusiya ilə bütün körpüləri yandırmış Fransa özünün atom elektrik stansiyalarını işlətmək üçün Rusiyadan deyil, Özbəkstandan uran almağı hədəfləyir və bu uranı Fransaya daşımaq üçün Orta dəhlizdən pay almaq uğrunda çalışır. Lakin anlamır ki, güc yolu ilə buna nail olmaq mümkün deyil. Yəni Orta yoldan Azərbaycanın razılığı olmadan pay almaq mümkün olmayacaq.

Almaniyanın sənayesi bu gün ciddi böhran yaşayır. Bu ölkənin də yeni resurslara çıxması olduqca vacib bir məsələdir. Bir sözlə, bütün bu dediklərimiz Avropa ölkələrinin liderlərini axtarışa vadar edir. Fransadan fərqli olaraq Almaniya bu yolda daha ağıllı və düzgün davranış sərgiləyir. Məsələn, almanlar Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək yolu ilə fayda götürmək yolunu seçirlər. Fransa isə Ermənistanın əli ilə Azərbaycana təzyiq göstərməklə bizi ona hansısa məsələlərdə güzəştə getməyə vadar etmək istəyir. Bu orta əsirlərin feodal təfəkkürünə söykənən baxışlardır və onların XXI əsrdə Azərbaycan kimi dünyəvi bir ölkə ilə münasibətlərdə işləməsi mümkün deyil".

Sabiq xanım deputatın qardaşı vəzifəsini itirdi

Sona Əliyeva: “Almaniyanın ali rəhbərliyi gələcəkdə yolunu Bakıdan salacaq”

V çağırış Milli Məclisin deputatı, siyasi təhlilçi Sona Əliyeva burada bir sıra səbəblər görür: “Almaniya kansleri Olaf Şoltsun Orta Asiya turnesinə başlamasının iki səbəbi ola bilər. Birincisi, zəngin neft və qaz ölkələri sayılan Asiya dövlətləri ilə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsidir. İkincisi, həmin Asiya ölkələrini Rusiyadan qoparmaq istiqamətində Qərbin məxfi tapşırıqlarını yerinə yetirməkdir. Bu baxımdan, Olaf Şoltsun Azərbaycana səfərə gəlməsi ehtimalı olduqca aşağıdır. Ona görə ki, Azərbaycanın xarici siyasət kursu təkcə Almaniyaya deyil, bütün dünyaya bəllidir. Bakı bütün qütblərlə bərabərtərəfli əməkdaşlıqda maraqlıdır. Digər tərəfdən, biz Almaniya ilə əməkdaşlıqda hər zaman maraqlı olmuşuq, amma Berlin bu məsələdə hər zaman ləng davranıb. Ona görə də Bakı Berlindən daha çox Roma ilə iqtisadi əməkdaşlıq etməkdədir. Hazırda ikitərəfli əlaqələrin dövriyyəsinə görə, İtaliya Qərbi Avropa ölkələri arasında ön sıradadır. Olaf Şoltsun Asiya turnesinə çıxmasında əsas məqsəd Almaniyanın bu regiona xammal mənbəyi gözü ilə baxmasıdır. Bir sözlə, Orta Asiya nefti, qazı və qızılı Almaniya üçün yeni bazardır. Almaniya digər Qərb ölkələrindən daha sürətli tərpənərək bu bazarda möhkəmlənmək istəyir. Çox güman ki, müsbət danışıqlar baş tutarsa, Almaniyanın ali rəhbərliyi gələcəkdə yolunu Bakıdan salacaq. Çünki Orta Asiyanın karbohidrogen ehtiyatları Bakıdan keçməklə Almaniyaya daşınmalıdır. Başqa variant yoxdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR