İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenə derbi, yenə söyüşmə…

 

12 il əvvəl klassik çex satiriki Yaroslav Qaşekin bir hekayəsini tərcümə etmişdim, “Kulis.az” saytında dərc olunmuşdu. Hər dəfə Türkiyədə “Qalatasaray” və “Fənərbağça”nın arasında oyun olanda o hekayə mütləq yadıma düşür.

Əslində “Türkiyədə “Qalatasaray” və “Fənərbağça”nın arasında oyun olanda” deyəndə çox yumşaq və zəif çıxır, qardaş ölkədə hamı bu oyunu “derbi” adlandırır. Derbi “böyük oyun” deməkdir, bir şəhərin və ya bir ölkənin iki böyük komandasının oyununa deyirlər. Amma sanki bu söz “darbə” kəlməsinə də yaxındır. O isə “çevriliş” deməkdir.

Qısa desək, GS ilə FB oynayanda yer-yerindən oynayır, az qalır stadionun altı üstünə çevrilsin, darbə vəziyyəti yaranır. Bir ara lap dəhşət idi, hər oyundan əvvəl və ya sonra (bəzən də matçın tam ortasında) yüzlərlə adam bir-birilə dalaşır, süpürləşirdi. Bir dəfə polislər 4-5 dalaşqan azarkeşi yaxalamışdılar, üstlərindən 70 santimetrlik dönər bıçaqları çıxmışdı. Adamlar sanki meydan cənginə gedirmişlər.

Yaxşı ki, son vaxtlar bu iş ciddi nəzarətə götürülüb, asayiş keçikçiləri stadiona tapança, qılınc, qumbara, beysbol zopası keçirməyə imkan vermirlər, amma yenə də futbolçulara atmağa nəsə tapılır.

Bu furbol dəliliyi bir Türkiyədə deyil, İtaliyada tiffozilər daha betərdir, Almaniyanın Borussiya, İngiltərənin Manşester şəhərlərinin futbol fanatikləri lap zırramadırlar. Şotlandlar da geri qalmır, orda da “Seltik”lə “Qlazqo” oynayanda qırğın düşür.

Qaşekin yuxarıda bəhs etdiyim hekayəsində söhbət məhz belə futbol dəliliyindən gedir. Bir-birilə qonşu olan iki şəhərin “Tillingen” və “Qohştadt” adlı komandaları olur, bunlar hər dəfə oynayanda millət tökülüşüb bir-birini qırır. Qaşek bu hekayəni 110 il əvvəl yazıb, amma durum aşağı-yuxarı eynidir.

Ta hekayəni tam iqtibas etmirəm, amma axırdan əvvəlki bir abzasını yazım, hesabınızı götürün. Həmin abzas belədir: “Ertəsi gün Almaniyanın bütün qəzetlərinin idman şöbələrinə bu cür qısa teleqram daxil oldu: “Maraqlı “Tillingen”-“Qohştadt” yarışması başa çatmadı. Meydanda 1200 qonağın və 850 yerli azarkeşin meyidi qaldı. Hər iki klub ləğv olundu. Şəhər yanır”.

And olsun Əli Sami Yen və Şükrü Saracoğlu əfəndilərin işıqlı xatirəsinə ki, Türkiyənin jandarmları araya girməsə, tədbir görməsə, GS ilə FB İstanbulu, konkret olaraq Məcidiyyəköy və Kadıköyü o günə qoyarlar.

Tərs kimi, bizim azarkeşlər də onlara qoşulub. Bu mərəz necə gəlib bizə sirayət edib, anlaşılan deyil. O klubların baza və meydançaları bizdən 2 min kilometr o tərəfdə yerləşir, araşdırsaq, məlum olar ki, komandalarda oynayan oyunçuların çoxu dünyada “Bakü” adlı şəhərin olduğunu eşidiblərsə də, harada yerləşdiyini bilmirlər. ildə 1-2 milyon dollar pul qazanıb kef edirlər.

Bizim aydan-aya maaşı zorla çatdıran azarkeşlər isə o milyonçu oyunçulara görə sosial şəbəkələrin milli seqmentində söyüşürlər. Allah tərəfi, FB və GS-yə görə bir-birini söyənlər azdır, söyüşmə prosesi əsasən belə gedir: GS azarkeşləri FB klubunu söyür, FB-lilər də GS-ni. “Şərəfsiz” kəlməsinin üçü bir lirədir. Tərəflər tam şəkildə inanırlar ki, onların rəqibləri namussuz komandadır, çempionluğu həmişə saxtakarlıqla əldə edir.

Dünən gecə də eyni vəziyyət idi. Söhbət bu gün də davam edir. Eyzən qurşaqdan aşağı ibarələr. Feilləri yazmaq da olmur.

Biz artıq ermənilərlə sülh sazişi imzalamaq üzrəyik, amma İstanbulun iki qonşu məhəlləsinin “müharibə”si davam edir. Hətta əvvəl-axır İsrail və Fələstin arasında da atəşkəs, sülh olacaq, amma GS və FB tərəfdarları arasında - əsla.

Bu nəsə başqa şeydir, kosmik hadisədir. Bunu İsveçin elm adamları araşdırmalıdır ki, bir şəhərdə yaşayan yüz minlərlə adam üfürülmüş yuvarlaq dərinin iki dirəyin arasındakı tora dəyib-dəyməməsinə görə nədən bu hala düşürlər. O top nəyi həll edir, insan oğlunun daxilindəki hansı instinkti oyadır?

Yəni azarkeşlik də bir yerə qədər. Tamaşadır, əyləncədir, oturub baxarsan, əylənərsən, zövq alarsan, bitər, gedər. Daha komandan uduzanda gecə yatmamaq nədir, üstünə ambulans çağırılması nədir, stadionda keçinmək nədir, qarşı tərəfin azarkeşini bıçaqlamaq nədir?

Bizim azarkeşlərə tövsiyəm odur ki, hamımız türk olanda nə olar, bu məsələdə oxşamışlarımıza oxşamayaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024