İnsanlara hürriyət, millətlərə istiqlal!

”Qardaş ölkələr”i sümürən, “yoldaş ölkələr”i əmizdirən dövlətin sonu...

Sovet dövründə yaranan, yeri gələndə hələ də xatırlanan bir lətifə vaar. Belədir:

“Bir polyak Krakovdakı banka gəlir, təvazökarlıqla piştaxtaya yaxınlaşır və deyir: - Əmanət hesabına min zloti yatırmaq istərdim, pan.

Bankir nəzakətlə gülümsəyir: - Əla, pan. İndi hər şeyi həll edərik.

Polyak tərəddüd edib soruşur: - Bəs, Allah eləməsin, birdən bankınız... yanarsa?

Bankir qalstukunu düzəldir: - Narahat olmayın, pan. Bankımız yansa, Varşavadakı baş bankımız bütün pullarınızı sizə qaytaracaq.

Polyakın qaşı düyünlənir: - Bəs Varşava bankı da yansa?

Bankir yüngülvari qürurla cavab verir: - Onda Polşanın dövlət bankı zərərnizi kompensasiya edəcək.

Pan cavaba qane olmur: - Bəs o da yanarsa?

Bankir tövrünü pozmur: - Hörmətli pan, bizim etibarlı müttəfiqimiz var - böyük Sovet İttifaqı! Müflis olmağımıza imkan verməyəcək. O sizə hər şeyi ödəyəcək!

Polyak başını qaşıyır: - Bəs Sovet İttifaqı dağılsa?

Bankir köks ötürür: - Pan, belə bir möhtəşəm hadisənin yanında min zloti nədir ki?”

Bu replica keçmiş sosialist ölkələrin SSRİ-yə, Rusiyaya real münasibətinin göstəricisi idi. Onlar Kremli sevmirdilər! Macarlar da sevmirdi, almanlar da, çexlər də, polyaklar da, yuqoslaviyalılar da, rumınlar da.
Bircə bolqarlar fərqliydi, Allah tərəfi, onlar deyəsən Moskvanı sevirdilər, hər il vədə başında təntənəli şəkildə “rus qardaşların sayəsində Osmanlı imperiyasının əsarəti”ndən (özləri “ot ottomanskoqo iqa” deyirdilər) qurtulduqlarından danışır, Moskvaya minnətdarlıq məktubu göndərirdilər. Hətta bir ara əlləri aşağı, dolanışıqları çətin idi, özləri məsələ qaldırmışdılar ki, SSRİ-nin 16-cı respublikası olsunlar.

Sonra kim onları başa saldısa və ya kim bu işə pəl vurdusa, israr etmədilər. Deyəsən, Kreml də çox həvəsli olmadı, çünki başı qarışıq idi. O tərəfdən Kuba və Nikaraqua, bu tərəfdən Əfqanıstan, uzaq Asiyada Vyetnam və Kamboca, yeddi-səkkiz də başqa ölkə daraşıb SSRİ büdcəsini acgöz buzov kimi sortuqlayırdılar.

Moskva daxildəki müttəfiq respublikalardan (Ermənistan, Tacikistan, Qırğızıstan xaric) qamarladığı milyardları xarici müttəfiqlərə paylayırdı. Özünə üstü qara, içi qırmızı qaloşu zor-bəla alan kənd zəhmətkeşləri “Vyetnama yardım” kampaniyasına qoşulurdular – amma sevə-sevə yox, söyə-söyə. Xo Şi Mində, Le Zuanda var-yox qalmırdı.

Hələ “inqilaba hamilə” olan kapitaıist ölkələrindəki marksistlərə nə qədər pul-para gedirdi, bunu yalnız Siyasi Büroda bilirdilər. SSRİ-nin bu səxavətinin məqsədi dünyada kommunizm ideologiyasının qələbəsinə nail olmaq idi. Qardaş Türkiyənin özündə belə yerli marksistlər Moskvadan aldıqları təlimat və təminat sayəsində o qədər havaya girmişdilər ki, elə bilirdilər, SSRİ-də yel əsir, qoz tökülür.

Avropanın şərqində rus işğalı altında olan xalqlar savadlı olduqlarından bilirdilər ki, bu, havayı söhbətdir, susuz quyuya su tökməkdir, çıxış yolu bazar iqtisadiyyatı modelinə keçməkdir, kolxoz-sovxozlarla olmayacaq. Ancaq adamlar səslərini qaldıranda Moskvadan təhlükəsizlik işçiləri gedir, dara-bara salanları tutub yerli türmələrə doldurur, yerli hakimlərə göstəriş verir, onlara iş kəsdirib qayıdırdılar. Bir də nəyə görəsə o illərdə Avropanın sosialist ölkələrində dissidentlər avtomobil qəzasına tez-tez düşürdülər. Milan Kunderanın bir romanında da bu barədə yazılıb.

(Yeri gəlmişkən, son illərdə Rusiyada “arzuolunmaz şəxslər” ta avtomobil qəzasına düşmürlər, əsasən pəncərədən yıxılıb ölürlər. Son 3 ildə 17 şirkət top-meneceri ölüb. Qəribə adamlardır, görürsünüz ki, pəncərə qırağına gələndə başınız gicəllənir, yıxılırsınız, bir az aralı durun də).

Ancaq o işin axırı yaxşı gəlmədi, qardaş ölkələri sümürən, yoldaş ölkələri əmizdirən dövlət bir gün əfəllədi: 1989 illdə sosialist düşərgəsi darmadağın oldu, Şərqi Avropa ölkələri gerçək müstəqillik qazandılar; 1991-ci ilin axırında isə SSRİ respublikaları pərən-pərən düşdülər. Sadəcə, ikincilər çox uzağa getmədilər, keçmiş sosialist ölkələrinin 1989-cu ilə qədərki statusunu qazandılar. Başqa söhbət olanda Moskva nervilənirdi.

Hazırda isə yeni bir demontaj gedir. Hərə üzünü bir tərəfə tutub. Nəticədə umu-küsü çoxalıb, bəzi səy patriot-politoloqlar rus tv-lərində hamını asıb-kəsirlər, deyirlər, sizin həddiniz nədir ki, müstəqillikdən danışırsınız. “Sizi biz dövlət eləmişik” deyənlər də var.

Bir sözlə, polyak bankirin dediyi situasiya yaranıb. Min zloti və ya min manat zərərə düşmək bir şey deyil.

P.S. Şəkildə Brejne və sosialist ölkələrin liderləri - Honekker, Jivkov, Qusak, Kadar, Yaruzelski, Çauşesku... 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR