İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdə lotuluğun fəsadları - Taylanda sutenyorlar Petenkanı niyə döymüşdülər?

Başını tankın qapağından çıxaran adam tərəfindən deyilən “alə, bu ayanesdir e, brat” replikasının ANS-də işlək çarx olduğu vaxtlarda bu telekanalda gözəl bir veriliş vardı, jurnalist Azər Qərib aparırdı.

Həmkarımızın "Qərib Azər" adlanan və dünyanın bir çox ölkələrinə səyahətlərdə hazırlanan verilişinin kadrları maraqlı, kadrarxası mətn isə duzlu-məzəli, incə yumorla dolu olurdu.

Heç demə, o, indiyədək dünyanın 104 ölkəsində olub, olmadığı yer bir Antarktida olar, bir də bəlkə Taiti-maiti, Vanuatu-manuatı adaları.

İndi kimsə deyə bilər ki, biz burdan-bura Gürcüstana gedə bilmirik, o, necə olub ki, 104 ölkəyə səyahət edib.

“Gürcüstana ona görə gedə bilmirik ki...” ilə başlayan yerini ixtisar eləsək, o sualın sadə cavabı var: Azər Qəribin verilişinin səxavətli sponsoru olub, o və onun operatoru həmin sponsorun sayəsində səyahət edib. Əsas odur ki, bəy çox gözəl verilişlər hazırlayırdı.

Son vaxtlar dünyanın çox ölkəsində bu cür səyahət bloqerləri peyda olub. Ancaq onlar səfərlərə operator aparmırlar, özləri həm rejissor, həm operator, həm mətn yazarı, həm də aparıcıdırlar. Dördü birində.
Belə olanda səyahət daha ucuz başa gəlir. Onlayn jurnalistika korrektor peşəsini məhv etdiyi kimi, bloqerlik hərəkatı da operatorluq işini sıradan çıxarıb. Bircə qalır montaj məsələsi, onu da bəzən videonu çəkən özü edir, olur beşi birində.

Rusiyada bir bloqer var, caydaq və həyasız gədədir, bloqunun da adı “Petenkaplanetka”dır, hərdən YouTube-də videoları önümə çıxır, baxıram. O da dünyanın, demək olar ki, bütün ölkələrini gəzib: o yanı Uruqvay, Peru, Kuba, bu yanı Tayland, Kamboca, Şri-Lanka. Adam Avropa, Afrika, Mərkəzi Amerika ölkələrinin hamısında nəyi var, sülənib.

İndi oxucu deyəcək ki, “sülənib” ağır sözdür. Amma onun səyahətini yalnız bu söz düzgün ifadə edir. Məsələ ondadır ki, Petenkanın ayrı dərdi yoxdur, hansı ölkəyə gedirsə, sümsünür, peşəkar qızlar tapır, yanına salıb şəhəri gəzir, çimərliyə aparır, qızların ailələrində qonaq olur, axırda qaldığı otelə gətirir. Burdan beləsini o, “eldən ayıbdır”a görə yox, sırf YouTube kanalının tələblərinə görə başqa platformada göstərir. Yoxsa adamda utanan-qızaran sifət yoxdur, sırtığın öndə gedənidir.

Petenkanı videofilmləri ona görə maraqlıdır ki, o, getdiyi ölkələrin sosial durumu, rifah dərəcəsi, güzəranı barədə göstərə-göstərə məlumat verir, əsas vurğunu da ölkənin qadınlarının kasıbçılıqdan axırıncı yola düşdüklərinə edir.

Bəlkə də Petenka öz bazlıq videolarında bilə-bilə izləyicilərinə səyahət etdiyi ölkələrin pis tərəflərini göstərir.
Yadınızda olar, Bakıda “Eirovision” yarışması ərəfəsində ölkəmizə Avropadan N qədər jurnalist gəlmişdi, bir çoxu gedib arxa küçələrin zir-zibilini çəkir, Avropaya göstərirdilər ki, Bakı heç də “qolden siti” deyil. (O vaxt neftə görə paytaxtımızı “qızıl şəhər”adlandıranlar vardı). Yaramazlar “qolden palace”lərimizi, necə deyərlər, dilbər guşələrimizi, Bill Qeytsin həsəd apara biləcəyi villalarımızı görmürdülər, düşmən dəyirmanına su tökürdülər.

Əslində onlar o villaları da çəkmək istəyərdilər, amma yaxın düşə bilmirdilər. Çünki Anar Gəraylı və Elman Bədəlovun gününə qoyula bilərdilər.

İndiki cavanlar bilməz, 15 il öncə bu iki jurnalist hansısa nəqliyyat nazirinin villasını çəkmək istəmişdilər, villanı qoruyan qoçular onları hasardan endirib, asfalta çırpmışdılar. Elmin həzin səslə deyirdi, bəy, məni asfalta 5 dəfə çırpdılar. Elə bilirmiş, öldürəcəklər. Ancaq qoçu həmvətənlərimiz humanist davranıblar, hasara dırmaşmağın yanlış olduğunu deyib, arıq jurnalistləri altıncı dəfə asfalta çırpmayıblar.

Xarici ölkələrdə isə heç bir bloqer hasara dırmaşıb yerli oliqarxın və ya mafioz bossun villasının videosunu, şəklini çəkə bilməz. Adamı hasarın üstündəcə güllə ilə vurarlar. Ona görə də səyahət bloqerləri hələm-hələm elə işlərə girişmirlər, yerli “quş”larla restoranlara, barlara gedir, əyləncə videosu çəkirlər.
Amma bir dəfə Petenka özü kimi 4 hozu həmvətəni ilə birlikdə kafe-barda nəsə xırda çaplı lotuluq eləmişdi, nəticədə yerli sutenyorlar üstlərinə tökülüşüb, beşini çırpmışdılar. Petenka çırpılma olayını montaj edərək yaymışdı.

Bu baxımdan xarici ölkələrə gedənlərə bir faydalı tövsiyəm var: hara gedirsiniz, gedin, amma nümayişkaranə lotuluq eləməyin və etdiklərinizi də videoya çəkməyin. Bax, milliyyətlərinin qeyd olunması məsləhət olmayan turistlər Bakıda etdikləri lotuluğu çəkdilər, xeyir tapdılar?

Ortada yaxşı örnək var: Azər Qərib. Adam 104 ölkədə olub, o qədər veriliş hazırlayıb, amma bir dəfə də döyülməyib.

P.S. İndi yeridir ki, həmkarım zəng edə, deyə ki, bilirsən, necədir, bəy, bir dəfə Şri-Lankada...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR