İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyülmək (bıçaqlanmaq) qorxusuyla maşın sürmək...

O gün işə gələndə və evə gedəndə yollarda bir-birinə bənzəyən iki olaya ürcah oldum və qəti olaraq bu qərara gəldim ki, regionun, bəlkə də dünyanın ən hikkəli, əsəbi, hövsələsiz, intizamsız sürücüləri bizim ölkədədir.

Belələrinin ora-bura şütüdüyü yollardan keçib mənzil başına sağ-salamat çatmaq adamdan xüsusi qabiliyyət tələb edir. Xoşbəxtlikdən, o cür sürücülərin xətasına, qəzasına tuş gəlmək istəməyən ağıllı, intizamlı sürücülər özlərini lazımınca “islah” ediblər, “qəzəbli bərkgedənlər”i yola verir, yol verir, öz yollarını onlara verirlər. Başqa variant yoxdur.

Birinci olay iş yerinə çataçatda oldu. Yol dar idi, üz-üzə gələn iki avtomobil bir-birinin 10-15 santimetrliyindən sovuşub keçir. Üzbəüz gələn maşının sürücüsü yolun ortasıyla gəldi, saxladım, dedim ki, əziz həmvətən, mümkünsə, maşınını 15-cə santim o tərəfə çək, sürtüşmədən ötüşək. 30-35 yaşlı arıq sürücü necə hiddətləndisə, üz-gözünü necə turşutdu, hiss elədim ki, adamdan mümkünsüz xahiş etmişəm. Ancaq başqa yol idi, o əsəbi şəkildə əlini sükana çırpdı, özünü hüququ pozulmuş kimi hiss etdi, öz-özünə söyləndi, 15 sm sağa meylləndi, ötüşüb keçdik.

Açığı, sağ-salamat sovuşduğumuza görə gözəgörünməzə, eləcə də gözə görünən hər şeyə şükür elədim. Yaxşı ki, adam özünü cilovlayaya bildi, “mümkünsə, maşınını 15-cə santim o tərəfə çək” sözünə görə maşınından vintaçanla, qəmə ilə düşüb, dalaşmağa gəlmədi. Axı o, bomba oğlandır, heç kim ona “15 santim o tərəfdən sür” deyə bilməz. Deyəndə nə olar? Olmaz. O heç kəsin qabağından çəkilən oğlanlardan deyil, 7 il türməni ona görə yatmayıb ki, kimsə ona maşını necə sürməyi öyrətsin. Düşüncə budur.

Bəli, biz ona da şükür etməliyik ki, ölkəmizdə maşınında tapança, beysbol dəyənəyi gəzdirən azdır. Qardaş Türkiyədə olsa, həmin situasiyada “mümkünsə” ifadəsi ilə təhqir olunmuş sürücü belindəki tapançanı çıxarar, ona ağır söz demiş adamı ən azı ayağından vurardı. (Orada hər gün belə hadisələr olur – adlarına “maqanda” deyirlər).

Keçmiş qardaş Rusiyada isə həmin durumda mütləq beysbol dəyənəyinə əl atırlar. Geniş yayılmış bir zarafat var, amma sırf həqiqətdir, deyirlər, Rusiyada beysbol oynayan bir adam da yoxdur, amma beysbol zopasının ən çox satıldığı ölkə Rusiyadır. Niyə? Çünki sürücülər o hacəti alıb maşınlarına qoyurlar – yaman günün yarağı kimi. Bu üsul bizə də gəlir yavaş-yavaş.

Hələlik bizimki bıçaqdır, vintaçandır, lingdir. Bunlar bizim özünümüdafiə vasitələrimizdir, hərdən hücum zamanı da lazım olur.

İkinci hadisə isə sökülmüş Cavanşir körpüsünün yerindəki qovşaqda oldu. Həmişəki kimi sıxlıq idi (körpü söküləndən orda sutkada 18 saat sıxlıq olur), sağımdakı sürücü iki cərgəni eyni vaxtda dəyişmək istədi, az qaldı sürtüşək, heç nə demədim, işıq siqnalı verdim, yəni ki, döngədə cərgə dəyişmək düz deyil.

Dolubədənli saqqallı sürücü eynilə səhər ertəki həmkarı kimi mənə qanlı-qanlı baxdı, özünü təhqir olunmuş saydı. Hiss etdim ki, adam bir neçə saniyənin içində beynindən keçirir ki, necə eləsin, ona işıq siqnalı verən adamı öldürsün, yoxsa bağışlasın. Detektiv filmlərdə o cür baxəşlardan sonra kimisə mütləq öldürürlər, oradan bilirəm. Yaxşı ki, arxadan səs siqnalı verdilər, adam fikirdən ayıldı, sürüb getdi. Bir az seyrək yol olsa o, başını pəncərədən çıxarıb deyəcəkdi: “Yaxşı eləyirəm! Sən kimsən mənə yol göstərirsən? Əcəb eləyirəm! Nə deyirsən, vapşe? Saxla, düş gəl, görüm”.

Durum budur. Hər kəsə tövsiyə edirəm: əgər evinizə salamat dönmək istəyirsinizsə, qarşınızda, böyrünüzdə açıq xuliqanlıq edən yol hərəkəti iştirakçılarına irad bildirməyin. Çox əsəbiləşirlər. Gerçəkdən, ən adi söz xətirlərinə dəyir, özlərini var-yox söyüşü eşitmiş kimi aparırlar. Yol psixozudur, nədir? Bu hirs-hikkə ilə onlar sizi küçənin ortasında döyə, hətta öldürə də bilərlər. Elə hadisələr çox olub və olur. Bir dəfə bir məmur oğlu sırf yol verməmək üstündə bir nazir oğlunun çənəsini qırmışdı. Sonra ağsaqqal oliqarxlar araya girdi - barışdılar. Nazir oğlunu o vəziyyətə salan adam bizə nələr etməz?

Avtomobilindəki audiopleyerə tam səs verərək küçə boyunca ulada-ulada sürən avtoxuliqanlar nəinki söz götürmürlər, heç çəpəki baxışa da dözmürlər. Bu, “bomba oğlanlığın” əsas atributudur. Avropada belələri 100 metr yol sürə bilməzlər. Bizdə musiqinin səsi 100 metr o tərəfdən gəlir, bir söz deyən yoxdur.

Hələ yaxşıdır, bir müddətdən sonra hər cür zırramaların əlindən yola çıxmaqla döyüşə getmək eyni şey olacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR