İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgər yaşlı oğlunu Bakıya qaçıran SSRİ “sevdalı”sInın köynəyi

Rus demişkən, sportivni kostyumda Alyaskaya gedən Lavrovun əynində, üstünə “SSSR” yazılmış köynəyi gördüm, yadıma düşdü, “SSSR” yazılmış köynəklərin ən əlasını 3 il öncə 20-ci sahə qəsəbəsindəki “Bravo” supermarketində bir kişinin əynində görmüşəm.

Gerçəkdən orijinal, hətta unikal köynək idi – bakılılar demişkən, müsibət. Qan qırmızısı rəngdə, bahalı parçadan, polo stlilli köynək idi, sinəsinə “SSSR” sözü həkk olunmuş, ondan aşağıda isə dağılmış ittifaqın iri gerbi basılmışdı.

Bu yazını yazanda Google-də axtarış verdim, həmin köynəyin eynisini tapdım, aşağıda verirəm, özünüz də baxın. Amma deyim ki, bu, ucuz materiala oxşayır, kişinin əynində köynək daha “baqatı” görünürdü. Ola bilər, özü cantaraq adam idi, ona görə. Bir var, köynəkdəki gerb arıq adamın əynində bürüşmüş halda dura, bir də var, qarnıyoğun adam ola və gerb tarım çəkilə, bütün əzəməti ilə nümayiş oluna.

SSSRİ.jpg (50 KB)

“SSRİ patriotu” olan soydaşımız bura adamı deyildi. Bu, onun davranışından, danışığından və yanındakı slavyan mənşəli həyat yoldaşından və caydaq oğlundan bəlliydi. Oğlan metis olsa da, sifət və saç rəngi sarıdan dayılarına çəkmişdi, 18-20 yaşı olardı.

Həmin vaxt Rusiyada səfərbərlik elan olunacağı söhbəti yoğunlamışdı, hərbi mükələfiyyət yaşlı gəncləri hərbi xidmətə, daha dəqiqi, 4 ay öncə başlanmış Ukrayna müharibəsinə aparırdılar deyə, cütlüyün və caydaq oğlanın nədən Azərbaycana, konkret olaraq “Dvadsatı”dakı dədə-baba ocağına pənah gətirməsinə dair dərin düşüncələrə dalmağa ehtiyac yox idi. Baxan kimi bilirdin ki, “patriot ata” oğlunu müharibədən qaçırıb gətirib.

Bəlkə də 50+ yaşlı bu adamın özü sovet dövlətinin son illərində hərbi xidmətdə olmuş və “ondan ötrü ölən komandirin qızını alaraq” Rusiyada qalmış şəxslərdən idi. (O vaxt beləydi, hər hərbi hissədə komandirin gənc qızı mütləq bizim cavanların birindən ötrü ölürmüş, amma onlar gül kimi qızları almır, vətənə qayıdırmışlar).

Bu heç. Amma paradoks odur ki, adama deyərlər, a kişi, sən ki bu qədər patriotsan, dükanda-bazarda sinəsinə “SSSR” yazılmış köynəklə gəzirsən, əyani təbliğat aparırsan, bəs nə əcəb SSRİ-ni bərpa etmək prosesinə Ukraynadan başlamış Putinin çağırışına səs vermir, oğlunu da götürüb aradan çıxırsan.

Düzü, həmin əzəmətli köynəyi və caydaq metisi görən kimi ürəyimdən bu sualı vermək keçdi, amma vermədim. Dediyim kimi, kişi oğlu kimi hündürboy olmasa da, cantaraq idi, keçmişdə idmanla (güləşlə) məşğul olanlara oxşayırdı, supermarketdə mənə ippon fəndi tətbiq edərdi və SSRİ-nin bərpa olunması prosesinə müqavimətim uğursuzluqla, sınıq-çıxıqla nəticələnərdi. Həm də artıq Ukraynada bunların ənkə böyüyünün cavabını verənlər vardı.

İndi Lavrovun əyninə SSRİ yazılmış köynək geyinib Alyaskaya, Trampla görüşə getməsi o qəbildəndir. Adam öz aləmində təbliğat aparır, ortaya hansı niyyətdə olduqlarını qoyur.

Adamın əlində imkan ola, 40 günlüyə SSRİ-ni bərpa edə, Stalini də dirildə, deyə, Koba, genasvale, qaldığın yerdən davam et.

Bilirsinizmi, Stalinin ilk işi nə olar? Başqa şey olmaz, əlaltılarına göstəriş verər ki, piylənmiş (objirevşix) nazirlərin, oliqarxların siyahısını mənə gətirin, özlərini də Petrovkaya aparın, mən deyəndə hərəsinə bircə güllə vurun, patronlar hayıf olmasın. Lavrov o siyahıda ilk üçlükdə olar və əynindəki köynəyin sinəsindəki yazının R-nin üstündən bir güllə qoyarlar, işi bitər.

Sovet Rusiyasının birinci xarici işlər naziri Lev Trotski olub, axırda başına nə iş gəldiyini, daha dəqiqi, Stalinin onun başına buz baltası vurdurduğunu bilirsiniz.

SSRİ qurulandan sonra ilk xarici işlər naziri Georgi Çiçerin olub. 1936-cı ildə xəstəlikdən ölməsə, yüz faiz “Leninin silahdaşı” olduğu üçün 37-də güllələnəcəkdi. Çiçerin öləndə onun haqqında xarici qəzetlərdə belə bir manşet verilib: “Qırmızı diplomatiyanın mavi naziri öldü”. İbnəymiş, heç demə.

Çiçerinin yerinə gələn Maksim Litvinov 1939-cu ildə Stalinə qarşı quşladığı üçün, rəhbər onun yol qəzasında öldürülməsi barədə göstəriş verib, amma nəyə görəsə bu “qəza” baş tutmayıb. Litvinovu vəzifədən çıxarıb, yerinə Molotovu qoyublar. Allah qoymasa, o, Stalinlə qardaşlıq imiş, bir-birinə “Koba”, “Veçe” deyirmişlər. Amma “Koba” “Veçe”nin həyat yoldaşı Polina Jemçujinanı tutdurub türməyə saldırıb, 4 il yatırırdıb. Adamın hünəri çatmayıb ki, arvadını türmədən buraxdırsın.

Əsas paradoks budur ki, “yeni SSRİ”-ni milyarder və milyonçular qurmaq istəyir.

Təşər-təşər yazılı köynəklər geyirlər... İmkan ola, bu niyyətdə olan zırrama qırılmışlara köynəyi tərsinə geydirəsən – qolları uzun olan köynəklər nəzərdə tutulur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR