Onlayn ictimai-siyasi qəzet
Nə qədər ki, milli mətbuatımızın 150 illiyi, türkün sözü, çox da mazidə qalmayıb, bu mövzuda bir az da məzəli əhvalatlardan yazım, bayram qanqaraçılığı bir az səngisin. (Hər il bu günlər bizi təbrik edənlərdən çox məzəmmət edənlər olur).
İnanmıram hansısa başqa sahədə silsiləvi şəkildə bu qədər komik, baməzə hadisələr olsun. “Komediyalar aləminə səyahət” yalandır, bizimki gerçək.
İndiki cavanlar bilməz, biz o vaxt hazır qəzet səhifələrini senzuraya aparardıq. Senzorların rəhbəri Cahangir müəllim yaxşı kişiydi və çox ayıq adam idi. Ondan sətiraltı mənaları olan yazı keçirmək mümkün deyildi. Anındaca başını qaldırıb deyirdi: “Oğul, siz elə bilirsiniz bu yazıda nə demək istədiyinizi, bilmirəm?” Anındaca ülgücü yazının həmin abzasına çəkirdi.
Onun bu xasiyyətini bilən bir əməkdaşımız vardı, senzuraya cibində öz yazısını aparırdı. Senzorlar hansısa yazımızdan xoşlanmayanda, o, çıxarıb öz yazısını verirdi, deyirdi, möhürü buna vurun, səhifədə dəyişərik.
**
Adi bir yazıya görə redaksiyaya etiraza, davaya gələnlər başqa aləm idi. İnsanlar adlarının qəzetdə çəkilməsindən necə həyəcanlanırdılar... Elə bilirdilər, dünya uçub, altlarında qalıblar.
Bir dəfə kriminal müxbirimiz Elman ölüm işi ilə bağlı nəsə xəbər yazmışdı, hadisəni, adları qarışdırmışdı. Ertəsi gün redaksiyaya arvadlı-kişili 7-8 adam gəldi. Hamısı qışqırışırdı. Qabil Abbasoğlu birtəhər onları sakitləşdirdi, soruşdu ki, biriniz deyin, görüm, nə olub. Adam dedi ki, mənim adımı qəzetdə vermisiniz ki, guya adam öldürmüşəm, amma mən heç kəsi öldürməmişəm. Bu dəmdə bir arıq kişi sağdan-soldan soxulur, hey danışırdı. Axırda Qabil soruşdu ki, ay qardaş, sən kimsən. Adam dedi, mən də bunun öldürdüyü adamam.
Məlum oldu ki, bunlar qonşudurlar və bir-birini öldürməyiblər. Bıçaqlaşanlar isə o biri məhəllədəndirlər. Biri ölüb, o biri tutulub deyə, redaksiyaya şikayətə gələ bilməyiblər. Sadəcə, adlar uyğun imiş.
**
Yazılarda gedən, redaktordan, korrektordan keçən və ertəsi gün qəzetdə çıxan səhvlər bir gün sonra məzəli əhvalat olur, amma qəzet çıxan gün redaksiyada qopan fırtınanı görərdiniz... İndi olsa, qonşu binaların sakinləri 102-yə zəng edərlər ki, yaxınlıqda kimisə öldürürlər.
Bir dəfə əməkdaşımız keçmişdə deputat, sonradan isə səfir olmuş bir hörmətli ziyalıdan müsahibə götürmüşdü. Müsahibədə belə bir cümlə vardı, cənab səfir deyirdi: “Mən filan professorla 10 il bir kafedrada işləmişəm”.
Qəzet çıxan günü diqqətli oxucular zəng elədilər ki, bu nədir, “işləmişəm” sözündəki L hərfi hanı. Baxdıq ki, heç nə. Biabırçılıq. Əməkdaşlarımızıdan biri tövrünü pozmadan dedi: “Əslində məntiqi baxımdan bu variant da düzdür”.
**
Bir partiya sədrindən müsahibə götürmüşdük. Ağsaqqal adam idi, nüfuzluydu, amma axırıncı dəfə qəzet-kitab arasını Xruşovun dövründə açmışdı (ya da heç onda da açmamışdı). Diktofonu dinləyəndə gördük, suallarımıza verdiyi cavabı adam üzünə çıxarmalı deyil. Əlacımız kəsildi, bir-birimizin sualına cavab yazdıq. Müsahibə hazır oldu. Qəzetdə çıxanda ağsaqqal lider zəng edib dedi ki, sağ olun, şaqlar, əvəzimdən yaxçi söybet yazmısuz.
**
Əməkdaşların yazdığı, amma redaktorların mətndən çıxardığı məzəli cümlələrdən ibarət bir kitabçamız vardı. Ta içində nələr yox idi: “Sağ olsun rəhmətlik Gülməmmədovu...”; “Şahid dedi ki, meyit ona şillə vurub”; “Düz saat 10-da meyitlər uça-uça aeroporta endilər” və s. (O kitab keçmiş əməkdaşlarımızdan birindədir).
**
Kollektiv gənc olanda erkək təkələr kimi döşləşənlər də olur. Hər gün olmasa da, günaşırı mütləq kimlərinsə sözü çəpləşirdi. Bəzən sırf məzə üçün aranı qızışdıranlar olurdu və uşaqlar əlbəyaxa olanda araya girirdi. Bir dəfə o, bir balaca gecikdi, idman yazarı ilə ədəbi redaktor tutaşanda araya girdi və ikisinin də şillə-təpik zərbələri onu, yəni katalizator harayçını tutdu. Dizini ovxalayıb deyirdi, harayçının döyülməsi təbiidir.
**
Bir dönəm müxalifət qüvvələri tez-tez mitinq keçirirdi və jurnalistlər aksiyanı işıqlandırmağa gedirdilər. O vaxtın polisləri bir az çox hövllənirdilər, jurnalistləri aksiya iştirakçılarına qatıb döyürdülər. Ona görə də bir əməkdaşımız özünə narıncı rəngli jurnalist vəsiqəsi düzəltdirmişdi, qaytanla boynundan asırdı, 50 metrdən görünürdü ki, adam jurnalistdir. Bir dəfə fikir verdim ki, həmkarımın asma vəsiqəsi irilənib, artıq 100 metrdən görünür. Zarafatla dedim ki, bu gedişlə axırda vəsiqən qalxan boyda olacaq. Dedi, əlac yoxdur, gərək hələ birini də kürəyimə yapışdırım.
**
Mitinqlərin birində qaçaqov zamanı türkiyəli jurnalistlərdən biri yaxşı panorama götürmək üçün “Sahil” bağındakı ağaca dırmaşıb. Polislər aksiyaçıları dağıdanda bunu da ağacın başında fərq ediblər. Bir polis sağ əlindəki dəyənəyi sol ovcuna vura-vura ona deyib ki, düş aşağı. Türk fotorqraf anlayıb ki, babat çırpılacaq, qorxa-qorxa deyib, abi, mən türküm, abi. Polis eynini pozmadan deyib, düş, düş, mən də türküm.
P.S. Bir kitablıq məzəli xatirə yazmaq olar, amma bəzi həmkarların özləri, bəzilərinin də ruhu inciyə bilər.
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ