İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaravəlli kimi - "heç-heçə" bitmiş “oyun”un "qalib"ləri

Brejnevin rəhbər seçildiyi yaşı haqlamışam, hələ belə müharibə görməmişdim. Gerçəkdən. Özü də bu vaxta qədər az müharibə görməmişəm. Beləsi olmayıb.

İndiki Z nəsli bilməz, biz, şair demişkən, gözümü(zü) dünyaya açanda ilkin, pulemyot şaqqıltısı, tank tırıltsı, top gurultusu eşitmişik. Televizordan. Hər gün müharibə filmləri verirdilər. Bizi vətənpərvər ruhda böyüdürdülər.

Televiziyanın xəbərlər bülletenində, bir də “Beynəlxalq panorama”, “Dünya bu gün” kimi verilişlərdə hər gün dünyanın ora-burasındakı müharibələrdən danışırdılar. Bu, İsrail-Fələstin savaşı, o, Vyetnam-ABŞ qırğını, bu Kipr toqquşması, o Pakistan-Hindistan vuruşması, bu Banqladeş-Pakistan süpürləşməsi, o sovet-əfqan qırışması və s. Sonra İran-İraq müharibəsi başlandı. Uzaq Amerika qitəsinin mərkəzində Farabundo Marti adına Sandino azadlıq ordusu hansısa kontraslarla döyüşürdü. Arada Çin nəyə görəsə Vyetnama, ABŞ da Qrenada və Panamaya cumdu. Folklend adaları üstündə də Argentina-İngiltərə davası oldu, amma qısa çəkdi.

“Soyuq müharibə”nin od-alovu da bir yandın əlimizi, üzümüzü qarsırdı. Çox qorxurduq ki, Reyqanın və ya Andropovun başı çönəcək, bir-birinə atom bombası atacaqlar, qanqaraçılıq olacaq. Atmadılar. Amma arada qanqaraçılıqlar oldu.

O vaxtın veteranlarının dizinin dibini kəsdirir, müharibədən danışmalarını istəyirdik, onlar da danışırdılar, lap axırda bizə həsəd apararaq deyirdilər, siz şanslı nəslsiniz, müharibə görmədiniz. Rəhmətlik ağsaqqallar necə nəfəs çəkdilərsə, müharibənin xasını gördük. Yenə 41-45-də müharibə uzaq ölkələrdə olmuşdu, buralara top səsi gəlməmişdi. O vaxtın uşaqları da müharibəni “Tütək səsi” filmindəki kimi yaşamışdılar.

Amma biz bir də gördük, “qrad” səsi Mirzəcamallıdan gəlir, düşmən tankları da Merdinlini üzübəri keçib.
Bu qədər çox müharibə gördüyümüzə rəğmən, doğrusu budur ki, 40 qeqabaytlıq yaddaşımızda döyüşən tərəflərin üçünün də qələbə qazandığı müharibə yoxdur.

ABŞ-İsrail və İran savaşında isə hər üç ölkə qalib gəlib. Belə deyirlər. Ölkələrin üçü də qələbə atəşfəşanlığı edir. Tehranda millət küçədə bayraq qaldırıb, şüar söyləyir. ABŞ-də Tramp qələbəni şübhə altına alanlara ağır sözlər deyir, ritorika var-yox söhbətinə gedir. Təl-Əvivdə Netanyahu xalqa deyir, daha rahat yata bilərsiniz, düşmən zəbun oldu.

Normal şəkildə bu durumun izahı yoxdur. Amma biz uşaq olanda tay-tuşlarımızla aramızda bu kimi presedentlər olurdu. Bir də görərdin, iki bir-birinə bab yeniyetmə süpürləşirlər, arada pozuluşurlar və biri o birinə yumruq, o biri də bu birinə təpik tutuzdurur. Araya girib dalaşanları ayırırdıq. Söz dueli davam edirdi: təpik yeyən yumruq yeyənə deyirdi, get qulağının dibinə dəyəni yavanlıq elə, o da deyirdi, keç kolun arxasına, dalına dəyən təpiyin yerini ovxala.

Müşahidəçilər bilmirdilər ki, bu davada kim qalib gəlib, ona görə də məcbur qalıb şifahi şilləkəs razılaşması əldə edənləri təzədən dalaşdırırdılar ki, qalib tərəf bilinsin. Bəzən dalaşanlar qeyrətsiz çıxırdılar, yenidən dalaşmırdılar. Bəzən də tərəflərin birinin suratında 5 barmağın dördünün yeri qalırdı və bilirdik ki, şilləvuran müəyyən üstünlük qazanıb.

İndi İran və ABŞ-İsrail tandeminin raket savaşı o haqq-hesaba oxşayır. Tərəflərin üçü də özünü qalib elan etdiyindən müşahidəçilər kimə inanacaqlarını bilmirlər. Savaşanlar isə təzədən dalaşana oxşamırlar. Ən azı 5-6 ay belə gedəcək. Sonrası, görək, necə olur.

Futbol futboldur, bəzən onun axırında da heç-heçə olur. Amma əgər bir komanda o birinin qapısına 5 dənə, o biri də bu birinə 4 dənə qol vurubsa, 5 qol vuran qalib sayılır. İrangilin davasında kimin kimə nə qədər raket qoyduğunun statistikası var, amma, bu raketlərin nə qədəri hədəfə dəyib, nə qədəri göydə vurulub, bu, ayrıca araşdırılmalıdır. Elə futbolda da qolkiperin qaytardığı, dirəyə dəyən toplar qol sayılmır. “Dəmir günbəz”in qolkiperliyi mütləq hesaba alınmalıdır.

Düzdür, 13-24 iyun davasında hava məkanı İsrailgilin sərəncamındaydı, amma futbolda da belə şeylər olur. Məsələn, axırıncı dəfə “Barselona” “İnter”in qapısının ağzına 47 top qaldırdı, amma axırda “İnter” uddu. Çünki onun zərbələri daha dəqiq olmuşdu.

Ancaq hesab etmək olar ki, tərəflərin savaşı şahmatçıların mübarizəsi kimi qurtarıb. Şahmatda heç-heçə daha çox olur. Hərçənd şahmatda çox fiqur itirən oyunçunun heç-heçə təklifi ilə razılaşmırlar. Fiquru və piyadası çox vurulan mütləq uduzur. Bu hesabla yanaşsaq, qalib tərəfi müəyyən etmək olar. Amma nəyimizə lazımdır. Əgər üçü də qalibdirsə, biz gərək üçünü də təbrik edək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR