İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin “Gümrü qalası” siyasəti, “təpənin yubileyi” və Qafqaza hərbi-diplomatik təhdidlər  

Rusiyanın Ermənistandan getmək üçün guya bəhanə axtardığı barədə iddialar, proqnozlar suya düşmüş sayıla bilər. Kreml nəinki bu barədə düşünmək belə istəmir, hətta daha da möhkəmlənməkdən ötrü tədarük görməkdədir. Ermənistanın Gümrü şəhərində 19-cu əsrdə Qafqaz müharibələri zamanı həlak olmuş rus əsgərlərinin xatirəsinə ucaldılmış abidənin - Fəxri təpənin bərpasının 15 illiyinə həsr olunmuş bayram tədbirləri keçirilib. Erməni mediasında bununla bağlı geniş material dərc olunub. Təsəvvür edin, “təpənin bərpasının yubileyi”ni keçirirlər, təki Ermənistanda varlıqlarını nümayiş etdirsinlər, Ermənistanın “qulağında sırğa” etməsi üçün tarixi hadisələri qurdalasınlar, desinlər ki, naşükür olmayın, biz gəlməsəydik, sizin indi Qafqazda iziniz-tozunuz da yox idi, daha nələr-nələr...

Ermənilər Gümrünün adını niyə dəyişməyiblər? – İrəvanın da qəbul etdiyi ŞOK  FAKTLAR

Beləliklə, “təpənin yubileyi”ndə Rusiyanın Gümrüdəki baş konsulu İqor Titov, 102-ci hərbi bazanın komandiri Aleksandr Bezborodov, Leninakan sərhəd dəstəsinin rəisi Yeqor Akinşin və şəhərin vitse-meri Qaqik Manukyan iştirak ediblər. Onlar abidənin önünə gül dəstələri düzüb, şəhər sakinlərinə və hərbi qulluqçulara salamlama sözləri deyiblər.

Rusiya Federasiyasının Gümrüdəki baş konsulu İqor Titov çıxışında qeyd edib ki, Fəxri təpə, 102-ci baza, yerli sərhədçilər və Gümrü şəhərinin özü ümumi şanlı tarixin bir hissəsidir, Ermənistanda Rusiyanın mənəvi irsinin mənbəyidir, rus və erməni xalqlarının çoxəsrlik dostluğunun sübutu və köhnə nəsillərin qəhrəmanlığını xatırladır.

WhatsApp Image 2025-08-20 at 14.34.57.jpeg (166 KB)

“Burada, Fəxri təpədə olmaqla biz aydın başa düşürük: Rusiya qoşunlarının Gümrüdə olması tarixin təbii davamıdır və Cənubi Qafqazda strateji təhlükəsizliyin əsasıdır”, - o vurğulayıb.

Titovun fikrincə, xristian inancının ümumiliyi iki xalqın iradə və gücünün tarixən birləşməsində mühüm rol oynayıb və Rusiya ilə Ermənistan arasında xüsusi münasibətlərin əsasına çevrilib. O xatırladıb ki, 19-cu əsrdən başlayaraq erməni xalqı Rusiyaya, Rusiya isə öz növbəsində ermənilərin müdafiəsinə və dövlətçiliklərinin qurulmasına yardım edib. “Bu əməkdaşlıq rus və erməni xalqlarının genetik yaddaşında möhkəmlənib və burada, Gümrüdə xüsusilə nəzərə çarpır”, - o qeyd edib

Diplomat iki xalqın qardaşlığının məhz XIX əsrdə qala şəhəri olan Gümrüdə yarandığını və möhkəmləndiyini vurğulayıb. Həmin vaxt Sovet dövründə dağıdılmış Fəxri təpədə rus əsgərləri üçün qəbiristanlıq yaradılıb. Ancaq 2000-ci illərdə memorialın bərpasının zəruriliyini xatırladan həvəskarlar var idi.

İddia olunub ki, bu gün Fəxri təpə bir daha xatirə yeridir. Onun bərpası ictimai xadimlərin təşəbbüsü, şəhər rəhbərliyinin, 102-ci hərbi bazanın, Leninakan Qırmızı Bayraqlı Sərhəd Dəstəsinin, Qazprom və Rusiya Dəmir Yollarının Ermənistandakı törəmə müəssisələrinin və bir sıra digər təşkilatların dəstəyi ilə mümkün olub.

Erməni mediası yazıb ki, xatirə meydançasında 1910-cu ildə Qarsda ucaldılan və 1918-ci ildə partladılmış abidənin nümunəsi əsasında rus qəhrəmanlarına abidə ucaldılıb.

Görünən budur ki, Rusiya nəinki Ermənistandan imtina etmək niyyətində deyil, hətta Gümrü qalasını da əldən verməyəcək. Son aylarda Rusiyadan gələn nümayəndə heyətlərinin Gümrüdəki hərbi bazaya baş çəkmədən geri qayıtmadıqlarını davamlı şəkildə müşahidə edirik. Buraya Dövlət Dumasının üzvlərindən tutmuş, rəsmilər, incəsənət adamlarınadək hər kəs daxildir. Rusiya Gümrü qalasını özünün regionda var olmasının əsas ünvanı olaraq həm də beynəlxalq aləmə, Qərb dünyasına göstərir. Heç şübhəsiz ki, burada Azərbaycana qarşı təhdid və təxribat elementləri də var. Kreml çox istərdi ki, Azərbaycanla Ermənistan arasında sülh imzalanmasın, növbəti toqquşma baş versin və onun Gümrüdəki hərbi kontingenti “sülhməramlı” kimi araya girib, on illər boyu bu ərazilərdə qalmaq şansı qazansınlar. Amma Vaşinqton anlaşması ovqatını təlx edib, qaşınmayan yerdən qan çıxartmağa çalışır imperiya varisi. Gah Qarabağdan könüllü gedən ermənilərin “halına acıyır”, gah Zəngəzur dəhlizi ilə bağlı təhdid edir, gah da Gümrü bazasını gözə soxur...   

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı üçtərəfli bəyannaməsinə reaksiyasını da unutmaq olmaz: “Sünik (Zəngəzur-E.P.) bölgəsindən keçən kommunikasiya marşrutları açılarkən Rusiya sərhədçilərinin burada olması nəzərə alınmalıdır”. Təhdidin buynuzu olmur ki?!

WhatsApp Image 2025-08-20 at 14.34.57 (1).jpeg (281 KB)

İndi də Rusiyanın Gümrüdəki baş konsulu İqor Titov 102-ci hərbi bazanın komandiri Aleksandr Bezborodov, Leninakan sərhəd dəstəsinin rəisi Yeqor Akinşinin iştirakı və şəhərin vitse-meri Qaqik Manukyanın şahidliyi ilə Ermənistana Gümrü xəbərdarlıqlarını çatdırmış olub. Bu, faktiki olaraq Ermənistanın baş naziri Nikol Paşinyana və onun komandasına “özünüzü yaxşı aparın, yoxsa...”, mesajıdır. Son aylar ərzində dəfələrlə Gümrüdəki hərbi bazanın Ermənistandan çıxarılması zərurəti barədə hətta ermənilər arasında diskussiya gedir. Eyni zamanda bu təşəbbüsün əleyhdarı olanlar da Kremldən aldıqları təlimat əsasında meydana çıxıblar. Gümrü bazasına davamlı şəkildə naməlum yüklərin – çox güman ki, hərbi yüklərin – daşınmasını Paşinyan özü də narahatlıqla dilə gətirmişdi. Ermənistanın müvafiq qurumları bu yükləri yoxlamaq hüququna belə malik deyil. Həmçinin Rusiyanın 102 saylı hərbi bazaya əlavə sərhədçilər göndərdiyi barədə xəbərlərin yayılması da Kremlin bəlli niyyətlərindən xəbər verir. Rusiyanın Ermənistanda yerləşən Gümrü hərbi bazasına Federal Təhlükəsizlik Xidmətinin 200 nəfərlik sərhədçi briqadasını göndərdiyi barədə xəbər rəsmən təsdiq olunmayıb. Ukrayna ilə müharibə aparan və hər həftə minlərlə itki verən ölkənin Gümrüyə canlı qüvvə göndərməsinin özü nonsesdir, amma Kreml Qafqaz – Gümrü qalasını əldən verməməkdən ötrü Ermənistanda da möhkəmlənir. Moskva hələ 2044-cü ildə müddəti başa çatacaq müqavilənin uzadılması ilə bağlı indidən tədarük görür. Elə Gümrüdə təpənin yubileyinin keçirilməsi də Qafqaza hərbi-diplomatik təhdiddir. Gözləyək, görək çarəsiz duruma düşmüş Paşinyan Ermənistandakı təhdid tədbirinə etirazını ifadə edəcək, yoxsa təpəyə yubiley təbriki yollayacaq...

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR