Onlayn ictimai-siyasi qəzet
Kim kazinolar haqda harada nə yazıb, nə deyib, ağır seyidlərin cəddinə and olsun, xəbərim yoxdur, amma dostlardan biri o gün sosial şəbəkədə yazmışdı ki, guya ad, medal alan jurnalistlər kazino tərifi yağdırır.
Düzü, istədim ki, 30 ildən bəri tanıdığım həmkarım, heç olmasa, “bəzi jurnalistlər” yazsın, amma o, bunu etmədi, hələ üstünə də qoydu. Kazinonu tərifləyənlər qaldı qıraqda, ara yerdə “xalqa qarşı” işləmək ittihamı ilə üzləşdim. Amma bu heç. Bu aralar bəzi həmkarlarım əsəbi və həyəcanlıdırlar, bir dəqiqənin içində salam-kalamın içinə Sıçuan istiotu qoya bilirlər.
Milli kazinolar xüsusunda isə mən neytralam, nə kazinonu tərifləmirəm, nə də pisləmirəm. Onun faydasını da bilirəm, ziyanından da xəbərim var.
Kazino kasıb xörəyi deyil. Heç orta təbəqənin adamları da hər saat kazinobaz olmurlar, bəzən pul artırıb quduranlar olur, onda da kazino krupyesı onları iki gedişdə başa salır ki, gedin, qanqalınızı xırçıldadın, bura sizlik deyil.
Kazino pulluların məkanıdır. Qoyasan, gedib bahalı viski, tekila içə-içə şövqlü oyunlar oynayalar, vaxtlarını maraqlı keçirələr, axırda 3-5 min pul uduzub (burada “və ya udub” yazmaq da olar) qayıdalar evlərinə. Bunun ləzzəti ayrıdır. Adam bilir ki, küçədə ora-bura tüyünən şudralar bunu edə bilməzlər, kazinoda əylənmək lüksü kşatrilərə məxsusdur, bir də bəlkə bəzi vəhşi vayşilər onlara qoşula. (Şudra, kşatri və vayşi Hindistanda aşağı və yuxarı zümrələrin üçüdür, hələ aşağısı da var, yuxarısı da).
Kazinoda müştərilərə bahalı içkilər təklif edilməsini rusların çəkdiyi “Kazino” serialında görmüşəm. Maraqlı serialdır. Filmin baş personajı yaxşı pul qazanır, generallarla, kriminal avtoritetlərlə bölüşür. Bir general olur, heç vaxt kazino sahibindən rüşvət almır, amma kazinoya gələndə qumar oynamağa başlayır və hər dəfə 10 min dollar udub gedir. Aparatları nə təhər idarə edirlərsə, rəis kazinodan əliboş çıxmır, “halal uduş”unu götürüb çıxır. Qanunun aliliyi olan yerlərdə belədir, rüşvət deyilən şey yoxdur, bölüşmə, paylaşma, anlaşma var.
Bir də yadınızda olar, Tom Kruzla Dastin Hofmanın çəkildiyi “Yağış adamı” filmində kazino epizodu var. Kəmağıl Reymond fenomenal yaddaşı və unikal hesablama qabiliyyəti ilə az qala Las-Veqas kazinosunu müflis edəcək ikən, sahibkarlar adamı kameradan izləyir, işlərin qaydasında getmədiyini görür, onu və qardaşını kazinodan uzaqlaşdırırlar.
Kim bilir, bəlkə bizim ölkəmizdə də Reymond kimi kəmağıl dahilər var. Ola bilməzmi? Ola bilər. Riyaziyyat olimpiadasında medal qazana bilmədiyimizə baxmayın, bizdə də hesablamağı yaxşı bacaranlar var. Amma onlar kazinoda çoxlu pul udacaq (və ya uduzacaq) qədər kəmağıl deyillər. Kazinoların öz kəmağılları olur.
Bu da zövq məsələsidir və sosial məsələ deyil. Hərdən olur, kimsə deyir ki, bir adam tanıyırdım, evini satdı, kazinoda uduzdu, sonra da intihar etdi. Bir az havayı söhbətdir. Heç bir qırışmal evini satıb kazinoda qumar oynamağa getməz. Yox, elə biri varsa, ta o niyə yaşayır? O cür haqq-hesablar bukmeker kontorlarında olur. Özüm şəxsən tanımıram, amma tanıdıqlarımın şəxsən tanıdığı şəxslər var, futbol qumarında üst-üstə 50 min manat uduzublar. Axırda qohum-qardaş atışıb borcu birtəhər bağlayıb, yoxsa kontor sahibləri deyirmiş ki, qumar borcunun bədəli ağır ödəniləcək. Yəni o yekəlikdə kişini tutub banladacaqmışlar.
Futbol qumarı bizdə leqaldır. Hər gün N qədər adam oynayır, udanlar da var, uduzanlar da. “Real”ın zibilinə düşən adamlar tanıyıram, “Barselona”nı söyən, “Liverpul”a qarğış edən, penalti qaçıran Mbappedə var-yox qoymayan, boş qapıya qol vura bilməyən iki metrlik forvardı “alçaq” adlandıran adamlar görmüşəm.
İndi deyirlər, milli qumarsevərlərimiz, şövqlü vayşilərimiz bundan sonra Tiflisə, Batuma getməyəcəklər, xeyirlərini öz kazinolarımıza verəcəklər. Əlbəttə, bu, yaxşıdır. “Hamı yerli mal alsın, xeyir vətənə qalsın” məsələsi... Hərçənd o söhbətin axırı yaxşı qurtarmadı. Şüar yiyəsini axırıncı dəfə Almaniyada görüblər. Türmədən çıxandan bəri ordadır. On il olar.
Bilmirəm, bu yazı “xalqa qarşı” oldu, ya yox, amma klassik ağsaqqallardan biri deyib ki, nə işin var Dəllərdə, qıçın qala əllərdə. Müftə pendir tələdə olduğu kimi, müftə verilən bahalı viski də, bilirsiniz, harda olur.
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ