İnsanlara hürriyət, millətlərə istiqlal!

Köhnə dənizdə köhnə çimiş adətləri... -Köşə-reportaj

Dünən mövsümdə ilk dəfə olaraq şeytanın qıçını qırıban, Moşu qağa demişkən, varıb dənizə çimməyə getmişdim. Şıx çimərliyində bir milyon adam vardı. Düzü, bir-bir saymadım, amma geniş sahədə parklanmış maşınlara nəzərən hesab etdim ki, o qədər olar.

İnsanları qınamalı deyil, isti hamını təntidib, ona görə də adamlar 35-40 dərəcəlik istidə qovrulmaqdansa, özlərini 26-27 dərəcəlik suya salır, sərinlənirlər.

Dəniz sakit, dalğasız idi. Su da duru görünürdü – Xəzər nə qədər duru və təmiz görünə bilərsə, eləcəydi. Bu, əlbəttə, Aralıq dənizinin Bodrum və ya Antalya sahilləri deyil ki, dənizin beş metr dərinliyinin dibindəki daşı görəsən. Amma hər halda Xəzər suyu hər zaman bulanıq olan Qanq da deyil.

Amma Xəzəri Qanqa oxşadan yeganə bir detal var: yuxarıda dediyim kimi, insanların çoxluğu. Necə ki, mövsümü gələndə bir neçə milyon indus özünü paltar-palazlı şəkildə suyu bulanıq Qanqa vurur, dünən də Çıx çimərliyində eləydi. Paltarlı çimənlər də vardı.

Yuxarıda “Xəzər sakit idi” yazdım, amma eyni sözü Xəzərin ilıq suyunda çimməyə gələnlər üçün demək olmaz. Həmişəki kimi nadinc, dəcəl adamlar çox idi. Uşaq və yeniyetmələri çıxıram, ora-bura qaçışmaq onları adətidir.

Amma yekə, 35-40 yaşlı kişilərin suda süpürləşməsi, bir-birinin çiyninə çıxıb şappıltı ilə suya kəllə vurması, hırhahır hırıldamaları, ətrafda heç kim yoxmuş kimi erkək eşşək tək anqırışmaları əcayib görsənirdi. Hələ o yaşda 5-6 adam vardı, birinin gün papağını alıb bir-birinə ötür-ötür edirdilər, özlərinə nəsə çox zövqlü əyləncə kimi görünürdü, amma ətrafdakıların üzməsinə, suda voleybol oynamasına mane olurdu.

Ən pisi o idi ki, sağda-solda, irəlidə-geridə eyzən yaşı 7-dən 70-ə olan adamların dilindən “ay biləəət” sədası səslənirdi. Bunu bir-birini suya basanlar da deyirdi, atasının çiynindən suya kəllə vuran uşaqlar da, topu götürə bilməyib itirənlər də. “Bura ictimai yerdir, səsimi bir az qısım” deyən yox idi.

Azı on dairə vardı ki, ailəli-uşaqlı şəkildə suda voleybol oynamağa çalışırdılar, bir turlu bacarmırdılar, amma bu əyləncədən əl də çəkmirdilər.

Belə bir geniş yayılmış qənaət var ki, bizim camaatın istirahət deyəndə ağlına ilk gələn şey yeyib-içmək olur. Bu adətə xilaf çıxmayan yüzlərlə adam vardı. Onlar hələ “bismillah” eləyib suya girməmiş, bəziləri qumun üstündə, bəziləri də keçmişdə masa olmuş, amma ayaqlarını itirmiş taxta parçasının üzərində süfrə açmış, mövsümün təamlarından yavaş-yavaş nuş edirdilər. Kişilər məclisində araq və pivə də vardı. Məclisin tamadası deyirdi ki, bu şüşələri boşaldaq, sonra suya girək. Guya ki, tərsinə etsələr, orqanizmə ziyan edər.

Bir adam hətta pivə cürdəyini (butulka) düz suyun boğaza çıxan yerinə qədər aparmışdı və şüşəni tutan əlini havaya qaldırmışdı ki, içinə duzlu su qarışmasın, hərdən bir qurtum alır, yenə şüşəni havada tuturdu. Görünür, ilıq suda sərin pivə içməyin ləzzəti başqadır.

Bir ara çimərliyin girəcəyinin ağzında düyünü çözülməz bir tıxac əmələ gəldi. Kimsə maşınıyla çıxmaq istəyirdi, amma çıxa bilmirdi, onun çıxması üçün azı beş avtomobil tərpənib bir-birinə yol verməliydi. Dar-düdük bir yerə o qədər avtomobili necə və niyə sığışdırmışdılar, mat qalmalı iş idi. 50-100 metr aralıda eycahanlıq idi, azı daha 1700 maşını park etmək olardı. Amma bu da bizdə köhnə adətdir, necə ki, şagirdi məktəbin düz darvazasının ağzına düşürmək üçün yolu kəsərik, burada da çox adam avtomobilini məhz çimərliyin girəcəyində saxlamağa cəhd edir.

İnsafən, yerdə zir-zibil (qarpız-yemiş qabığı, sellofan torbalar, siqaret qutusu və kötüyü, tum qabı və qabığı) gözə dəymirdi: ya insanlarımız daha pintilik etmirlər, ya da bu işə baxan adamlar var, vaxtında yır-yığış edirlər. Yoxsa, vallahi, bu qədər adamın hərəsi yerə bir çöp atsa, sahil tamam çöplük olar. (Maşınların arasında pəşov edən uşaqlar da vardı, amma çox da deyildi).

Bir sözlə, dəniz həmin dəniz idi, çox da geri çəkilməyib. İnsanlarımız da həminkidir, çox da irəli getməyiblər. Keçənilkindən bir fərq var ki, ötən il “burdan o tərəfə üzmək olmaz” xəbərdarlığını iri, qırmızı şarlarla delimitasiya etmişdilər və hər iki dəqiqədən bir kimsə o şarı minməyə çalışırdı. Bu il delimitasiya məqsədilə balaca, sarı şar seçilib. Yaxşı ki, ona təcavüz etmək istəyənlər yox idi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR