İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zina çoxbucağı”na coğrafi paralellərin təsiri

Deyəsən, problem mövcud olduğumuz 39-42-ci paralellərdədir. Bu xətt boyunda yerləşən ölkələrin az qala hamısında cinsi həvəsini boğa bilməyən milyonlarla kişi (eləcə də nakişi və qadın) var.

Hər gün saytlarda 12-13, bəzən 14-16 və daha böyük qızların, qadınların cinsi zorakılığa məruz qaldığı barədə xəbərləri oxuyursan və mat qalırsan. Bu nə qızmışlıqdır, bu, necə, türkün sözü, azmışlıqdır?

Türmədə anasının sevgilisi tərəfindən zorlanan 12 yaşlı qızın əhvalatının müzakirəsi qurtarmamış, indi də anasının 35 yaşlı sevgilisi ilə könüllü şəkildə cinsi əlaqəyə girən 13 yaşlı qızın söhbəti yayılıb.

Roman şərti adlı adama 3 il iş veriblər, amma azdır. Gərək onun məşuqəsinə də o qədər iş kəsəydilər, çünki oynaşını qızının otağına salıb gizlədib, cinayətə şərait yaradıb. Özü də, Allah qoymasa, qadının əri varmış. Bu, artıq “sevgi üçbucağı” da deyil, birbaşa “zina çoxbucağı”dır.

“Zina” söhbətindən yapışan bəzi möminlər əbəs yerə ilhamlanmasınlar, onların bərqərar etmək istədiyi şəriət rejimi zinanı və azyaşlılarla cinsi əlaqəni qanuniləşdirir, “halal” buyurur. İmkanlı dindarların bir xeylisinin yeni-yeni sütül qızlar almaq arzuları var. Bəziləri hətta dördü ilə kifayətlənmir, getdikləri xarici ölkələrdə müvəqqəti siğələrə də müraciət edirlər.

Bu paralellərdə başqa dərd-sər yoxdur. Əsas məsələ kalorili yemək, sərində uzanmaq və cütləşməkdir. Mürtədlərin söhbətləri qadınla başlayır, qadınla qurtarır.

Coğrafi paralel söhbəti əfsanə deyil. Qərbə doğru getsək, İtaliyaya çıxarıq. Elə bilirsiniz, İtaliya Avropa və xristian ölkəsidir, mədəni yerdir və orada kişilər cinsi həvəslərini müvəffəqiyyətlə boğurlar? Əsla! İtaliyadakı cinsi sataşma və zorlama haqq-hesabları o biri soyuq Avropa ölkələrindən qat-qat çoxdur.

O vaxt bu ölkənin baş naziri Silvio Berluskoni İtaliyada artan zorlama hadisələrinə özünəməxsus yumorla və həyasızlıqla reaksiya vermişdi, demişdi: “İtalyan qızlar o qədər gözlədir ki, onları zorlamamaq mümkün deyil”.

Daha sonra o, demişdi ki, qızlar da dinc durmur, açıq geyinirlər, gecə vaxtı tək gəzirlər, ona görə də başlarına pis iş gəlir.

Yeri gəlmişkən, qoca sinyorun özünün də zibil işlərinin üstü açıldı, məlum oldu ki, həddi-büluğa çatmamış qızları villasında hovuzqırağı şənliyə dəvət edib və farağat durmayıb. Az qala baş naziri buna görə türməyə basıb pis günə qoyacaqdılar. Milyarder və baş nazir olmasa, bəlkə də edərdilər, amma lotu bu işdən yaxşı sıyrıldı.

Üzü Şərqə doğru getsək və isti hava şəraitinin kişi xeylaqlarının belinə, buxununa həvəsartırıcı təsirini incələsək, təkcə statistik göstəricilər öz sözünü deyəcək. Əhali artımının ən yüksək olduğu ölkələr bizim paralellərdədir. Yarışma gedir.

Son illərdə sayları 37 milyona çatmış özbək qardaşlarımız artıq qımıldanırlar ki, yerli müsəlmanlara çox arvad almağa rəsmən icazə verilməlidir və qızların ərə getmək yaşı aşağı salınmalıdır. Guya ki, qızların 17-18 yaşa çatmasını gözləmək lazım deyil, xarab olurlar.

Hazırda yüzlərlə gənc özbək Rusiyada qızlara qarşı zorakılıq aktları etdiklərinə görə təcridxana və həbsxanalardadır. Yəqin ki, ən azı yarısı şərlənib, amma bir qrup gənc özbəyin telejurnalisti gecənin qaranlığında süpürləmələri ölkədə ajiotaj doğurmuşdu.

Belə hadisələr – azyaşlı qızların zorlanması vaqiəsi Əfqanıstanda və qardaş Pakistanda da vaxtaşırı olur. Bircə iş pisdir ki, orada çox vaxt zorlanmış qızları təqsirkar çıxarırlar. Daş-qalaq etmədikləri qalır.
Təbii ki, bu problemin böyüməsinə səbəb təkcə coğrafi paralellərin təbii iqlim şəraiti deyil. Başqa səbəblər də var: ümumi mədəni səviyyənin plintus üsərində olması, cəzasızlıq mühiti, mənəvi deqradasiya, yüngülməcazlıq və s.

Konkret olaraq, bizdə folklordan gələn bir xətt də var. “Qıza elçi göndərin 15 yaşa dolanda”, “Oduna yanıram on dörd yaşından” və sair bu kimi bayatılar və xalq mahnılarında, klassik şairlərimizin şeirlərində qızlar üçün yaş senzi xeyli aşağıdır.

Elə “Böyük dayaq” filmində də mühafizəkar dünyagörüşlü Rüstəm kişi qızı Pərşanın partkom Şirzadla deyib-güldüyünü eşidən kimi deyir: “Qız ki kəkil çıxardı, gərək verəsən, gedə”.

Qafa həmin qafadır, düzəlmir. Cinsi yetişkənliyə çatan və erkək meymuna dönən bəziləri anlamır ki, azyaşlıları cinsi yaxınlığa zorla və ya könüllü təhrik etmək cinayətdir və buna görə məhkəmələrdə adamın başını sığallamırlar. Sığallama hadisəsi içəridə baş verir və bu, heç kəsə xoş gəlmir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR