Onlayn ictimai-siyasi qəzet
Ötən ilin dekabr ayının 25-də təyyarəmizi vuran rus hərbçi Paladçukun səs yazısını dinləyəndə diqqətimi başqa şey, söyüşlər çəkdi. Əslində materialın təqdimatında xəbərdarlıq edilirdi ki, səs yazısında söyüşlər var, amma bu qədərini təxmin etmək mümkün deyildi.
Rus dilini bilməyənlər üçün anlaşıqlı olsun deyə, həmin səs yazısından qısa bir hissəni mümkün olduğu şəkildə, mədəniləşdirərək çevirir və söyüşsevməz oxuculardan üzr istəyərək təqdim edirəm: “Onu kişi cinsi orqanı bilər. Heç cür cinsi orqan başa düşmədim... fahişə. Belə bir cinsi orqanlıq durum oldu... fahişə. Görək, fahişə, necə olacaq”.
Bunlar hələ Allah qoymasa tərcüməyə gələn cümlələrdir. Gədə zəvzəyə-zəvzəyə gedir, hər iki sözündən biri də latayırdır.
Onun səsini dinləyən adam elə bilər ki, Paladçuk ailə tərbiyəsi görməyib, çətin tərbiyə olunan uşaqların koloniyasında böyüyüb. Amma elə deyil. Müasir ruslar belə danışırlar. Siz heç söyüşsüz danışan rus görmüşünüz? Hamısı Puşkinin şirin dilini irinlədib.
Mən ali məktəbdə oxuyanda hərbi kafedramızın rus zabit-müəllimləri aşağı-yuxarı belə danışırdılar. Ən mədənisinin belə hərdən “bilət” deməyi vardı. Qalanları isə, sanardın, xutor mujikləridir. Özləri demişkən, ne day boq, hirslənəydilər, dərhal ağızlarını arqo kəlmələrlə açırdılar. Hərçənd harada işlədiklərinin də fərqindəydilər, bilirdilər ki, özlərində adi qarşılanan ana söyüşünə görə yortulma hadisəsi baş verə bilər. Amma predmeti insan anatomiyasıyla, cinsi orqanlarla izah edirdilər.
İndi elə çıxmasın ki, başqa millətlər söyüşlə danışmırlar. Yox. İspanları da çox söyüşcül xalq deyirlər. Amerika kinolarında isə personajlar eyzən “fak-fak”layırlar – senzura və ya “düd-düd”ləmə yoxdur.
Burdan-bura öz qardaşlarımız – Anadolu türkləri də ağızdan pərtödürlər. Bilmək olmur bu məsələdə biz onlara çəkmişik, yoxsa onlar bizə. Hətta özbək, qazax, qırğız, tatar – bunlar bir soydur, bilirsiniz, onların da danışığında çoxlu biədəb kəlmələr olur.
Yalnız heç kəs söyüş məsələsində ruslara çatmaz. Yeri gəlmişkən, bir elmi iddiaya görə, ruslar söyüş söyməyi monqol-tatarlardan öyrəniblər. Ola bilər. Amma haqlarını vermək lazımdır, xeyli inkişaf etdiriblər, təkmilləşdiriblər, yeni levelə, plintusdan aşağı səviyyəyə keçiriblər. Mədəni millət oldun, belədir.
İnsafla danışmaq lazımdır, sovet dövründə Bakı rusdillilərinin danışığında söyüş yox idi. Varsa da, çox az idi. Çünki bizim rusdillilər bu dili kitablardan, mədəni müəllimlərdən öyrənirdilər və söyüş öyrənmirdilər. Rusiyanın özündə isə adamlar öz dillərini məktəblə yanaşı, küçələrdə, pivə barlarında, hərbi hissələrdə, türmələrdə öyrənirlər.
Rusiyada əsgərlik çəkib gələnlərimiz də əsasən söyüş öyrənib gəlirdilər. Kimsə onların rus dili bilgisinə şübhə edərdisə, dərhal həm qanacaqlarını, həm də dil bilgilərini göstərər, deyərdilər: “İdi na yuq, vapşe, petux”.
Oxumuş adamlar deyirlər ki, əslində söyüşcüllük indikatordur, adamın əsəbi və hikkəli olmasının göstəricisidir. Əgər bir millət çox söyüş söyürsə, demək, təkcə tərbiyəsiz deyil, həm də hirsli və hikkəlidir.
Heç ağlım kəsmir ki, yaponlar adi danışıqlarında söyüş söysünlər. Onlar həmişə hamıyla gülümsər çöhrə ilə ünsiyyət qururlar. Bəlkə də bir yaponun baqajında nə qədər biədəb söz olduğunu onu hirsləndirməklə bilmək olar.
Almanlar söyüşcül xalq deyillər, amma danışıqlarından hirs-hikkə tökülür.
Belə bir əhvalat danışırlar ki, alman yol polisi avtobanda dil bilməyən azərbaycanlı sürücünü saxlayır, qayda pozduğuna görə cərimələmək istəyir. Həmvətənimizin yanında alman dilini bilən sərnişin olur, nə qədər yalvar-yaxar edir, “nemes” sözündən dönmür. Belə olanda soydaşımız yol polisinin bacısına qarşı müəyyən istəklər ifadə edir və polis protokolu yazıb qurtarana qədər söyür. Polis də, heç demə, sakini olduğu şəhərdəki türk məhəlləsində yaşayırmış və türk uşaqlarla birlikdə böyüdüyündən türk dilini bilirmiş. Protokol hazır olanda o, dil bilən sərnişinə deyir ki, o ibnəyə de, bayaqdan söydüyü söyüşlərin heç nəyə təsiri yoxdur, getsin, cəriməsini ödəsin. (Bizdə olsa, adam poqonunu riskə qoyar və söyüşcül sürücünün ağzını cırardı).
Bir söz də var, deyirlər ki, hansısa dili mükəmməl öyrənmək üçün mütləq həmin dili danışanların vətənində yaşamaq lazımdır. Bəlkə də elədir. Amma rus dilini mükəmməl öyrənmək üçün rus cəmiyyətində yaşamaq düzgün olmaz. Salamatı bu dili öz ölkəmizin müəllimlərindən öyrənməkdir. Dili oralarda öyrənənlər əsasən Paladçuk kimi danışacaqlar.
Belə görünür ki, zəngin rus dilini ruslara öyrətmək lazımdır ki, hər cümləyə 3-4 dənə “bilət” pərçim eləməsinlər.
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ