Onlayn ictimai-siyasi qəzet
Tanış qəssab var, elliyik, jurnalist olduğumu bilir, 5-6 ay əvvəl məndən xahiş etdi ki, ətin qiyməti ilə bağlı heç nə yazmayaq – nə ucuzlaşması, nə bahalaşması haqqında.
Adamdan soruşdum ki, niyə yazmayaq, dedi ki, elə bir xəbər çıxan kimi, mal-qara yiyələri İnstaqramda oxuyur, dərhal diri heyvanın qiymətini qaldırırlar, deyirlər, bax, Bakıda ət bahalıb. “Biz də alıb, kəsib, köhnə qiymətə sata bilmirik, məcbur olub qiyməti qaldırırıq, onda da müştərilər gəlib bizi tulasifət edir”, - qəssab eloğlu gileylənir.
İndi baxıram ki, saytlarda son günlər paytaxt bazarlarında dana ətinin qiymətinin artmasından yazıblar. Rəqəmlərə baxıram, heç bir artım yoxdur, 4-5 ay əvvəl ət hansı qiymətə (15-16 manat) idisə, indi də o qiymətədir.
Bəs bu nə xəbərdir? Adamın dalağı sancır ki, ətin qiyməti qalxsa-qalxsa, indən belə, bu informasiyalardan sonra qalxacaq.
Əslində isə yay gələndən bəri ət istehlakı xeyli azalıb deyə, qiymətinin qalxması üçün səbəb yoxdur. Yəni bazar iqtisadiyyatının tələblərinə görə bir şeyin qiyməti o vaxt qalxır ki, tələb təklifi üstələsin.
Qəssabxanaların yanından keçəndə baxırsan ki, təklif qarmaqlardan sallana qalıb, istehlak səbəti isə badımcan, lobya, pomidor, xiyar və sair mövsüm tərəvəzləri ilə dolub-daşır.
O deyirlər ha, “kasıbınkı yaydır”, bax, həmin mövsümdür, bu saat pomidor-yumurta daha çox yeyilir, nəinki küftə-bozbaş.
Düzdür, bizim camaat prinsipcə ət yeyəndir və otyeyənlərə qarşıdır, amma yay gələndə hamı istər-istəməz qida rasionuna düzəlş edir. Çünki ət getmir.
O yandan da ildən-ilə vegetarianlarımızın sayı artır. Qlamur görünmək istəyən qadınlar elliklə ətdən imtian ediblər. Hələ səhhətinə görə ət yeməyən şəxslər də N qədərdir. Məhərrəmlikdir, şadlıq evləri işləmir, toylar yoxdur və süfrələrə 7 cür ət xörəyi gəlmir. Bəs belə olandan sonra ətin qiyməti nəyə görə qalxmalıdır?
Deməli, bu işdə bir iş var. Bu, süni ajiotaj yaratmaq cəhdidir. Möhtəkirlikdir bu. Diri heyvan satanlar, eləcə də ət topdansatışına baxanlar daha çox pul qazanmaq istəyirlər. Onlar camaatın xasiyyətini bilirlər, əmindirlər ki, ətyeyən xalq hansı qiymətə olsa da, ət alıb yeyəcək. Ona görə də onlar ətin qiymətini müntəzəm şəkildə qaldırırlar. Bu gedişlə buğalar “Buqatti” qiymətinə olacaq. Hələlik babat cöngə ikinci əl “Mersedes”in qiymətinədir.
Yayılmış informasiyalarda bahalaşmanın səbəbi kimi ölkədə danaların azalması göstərilir. Yalandır. Rayon yerlərinə avtomobillə gedənlər təsdiq edərlər ki, yolların kənarında yüzlərlə mal-qara naxırı görürlər, hətta sürücülər qorxularından maşını yavaş sürürlər ki, yola qaçan danaları vurarlar, sonra gərək maşını mal yiyəsinə verib mənzil başına piyada getsinlər.
Fermerlərin xərclərinin artmasının ətin qiymətinə təsir etməsi söhbəti də bəhanədir. İl yağmurlu gəlib, örüşlər teyxa ot-ələfdir, yonca presi yüklənmiş maşınları ötüb keçmək olmur yollarda.
İstənilən əmtəənin qiymətini süni şəkildə, çox pul qazanmaq üçün artıranlar, əslində, inflyasiyanın tətikçilərdir. Çünki yanacaq, ərzaq və digər əmtəələrin qiyməti bir-birinə zəncirvari şəkildə bağlıdır. Sən ətin qiymətini qaldıracaqsan, o biri də dərhal südün, qatığın, pendirin, yağın qiymətini qaldıracaq. Onların qiyməti artan kimi unun, şəkər tozunun da qiyməti qalxacaq. Belə-belə, badımcan da özünü qiymətə mindirəcək. Axırda suyun, işığın, qazın, dizel yanacağının da qiyməti qaldırılacaq, ondan sonra hamı dincələcək.
Bu, əhalisi aclıq çəkən Əfqanıstan, Somali, Ruanda, Sudan, Zimbabve kimi ölkə deyil. Bizdə hər şey var, qıtlıq deyilən şey yoxdur. Bu ölkədə sadəcə bir az vicdan qıtlığı, məsuliyyət azlığı, insaf-mürvət çatışmazlığı var. Əvəzində məmləkətdə tamahkarlar, acgözlər, kəmfürsətllər boldur.
Möhtəkirləri qorxutmaq kimi çıxmasın, Stalinin dövrü olsaydı, xalqın cibinə, ruzisinə qəsd edənləri, süni ajiotajlar yaradaraq çox pul qazanmaq istəyənləri beçə kimi cələkləyib salardılar ağzıbirə. İçəridən ailələrə ismarış gələrdi ki, qapıdakı mal-heyvanı satın, bizi buradan qurtarın. Bax, onda bazara təklif edilən diri heyvanın sayı artardı, son nəticədə ətin qiyməti də düşərdi.
Təcrübə göstərir ki, bazar iqtisadiyyatının qanunlarından xəbərsiz ölkələrdə tamahkarların qarşısını yalnız inzibati resurslarla almaq olur. Özbaşına buraxanda xiyar deyir, məni ucuz tutmayın, uzaq yol gəlmişəm.
16 Iyul 2025
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ